Ermənistan vətəndaş müharibəsinə gedir - FOTOLAR
İşğalçı ölkədə siyasi böhran dərinləşir
Bu günlər Ermənistanda narazılıq və qarşıdurma həddinin daha da yüksəlməsi, müxalifət ilə mövcud hakimiyyət arasında ziddiyyətlərin bir qədər də kəskinləşməsi müşahidə olunur. İqtidar və müxalifət arasında yaranan ziddiyyətlər getdikcə dərinləşməkdə, buna paralel olaraq tərəflərin bir-birinə yönəlik qarşılıqlı ittihamları da artmaqdadır.
Baş nazir Nikol Paşinyan isə ona qarşı olanları sıradan çıxarmaq üçün artıq repressiv metodlardan istifadə edərək məqsədlərinə nail olmaq niyyətindədir. Son olaraq işğalçı ölkədə vəziyyətin gərginləşməsinə səbəb isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) "Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyana qarşı üç maddə üzrə cinayət işi açmasıdır.
Koçaryanın biznes ortağına cinayət işi açıldı
İlkin olaraq Tsarukyana məxsus "Onira klab” şirkətində 60 milyon dollar (29 milyard dram) dəyərində qanun pozuntusu aşkarlandığı barədə məlumat yayılıb. Qeyd olunub ki, dövlət büdcəsinə 60 milyon dollar ziyan vurulması ilə bağlı cinayət işi açılıb, istintaq və məhkəmə-prosessual hərəkətlərinə başlanılıb. Tsarukyana məxsus villada və "Çiçəklənən Ermənistan” Partiyasının regionlardakı ofislərində axtarışlar aparılıb. "Çiçəklənən Ermənistan” Partiyasının mətbuat katibi Sveta Tonoyan bəyan edib ki, Tsarukyan şirkəti etibarnamə ilə idarəetməyə verib və özü bizneslə məşğul deyil.
Eyni zamanda Tsarukyan Kotaysk əyalətinin Arinc şəhərində 7,5 hektar torpaq sahəsini qanunsuz əldə etməkdə də ittiham edilib. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvvəlcə bir şirkətin adına keçirilib, sonra isə özəlləşdirilib, üzərində təyinatına uyğun olmayan tikinti işləri aparılıb. Beləliklə, torpağın təyinatına uyğun istifadə edilməməsi nəticəsində 342 milyon dram (685 min dollar) ziyan vurulub.
MTX partiya rəhbərliyi və üzvlərinin 2017-ci ildə parlament seçkiləri zamanı xeyriyyəçilik adı altında seçicilərə 100 milyon dram rüşvət verdiklərini də açıqlayıb. İstintaq çərçivəsində partiyanın 40-a yaxın ofisində axtarış aparılıb, kompüterlər və digər elektron məlumat daşıyıcıları götürülüb.
Onu da qeyd edək ki, Tsarukyan sabiq prezident Robert Koçaryanın bir nömrəli biznes ortağıdır və siyasi meydanda da onunla birləşməyi düşünürdü. Bu amil də Ermənistanda ictimai-siyasi müstəvidə gərginliyin daha da yüksələcəyini göstərir.
"Nikol, get!”, "Tsarukyan baş nazirdir!”
İyunun əvvəlində hökuməti istefaya çağıran Tsarukyan deyib ki, villasında aparılan axtarışlar siyasi xarakter daşıyır: "Bu, əlbəttə, siyasi təqibdir. Mən bəyan etmişdim ki, hökumət vəziyyətlə bacara bilmir. Hazırda pandemiya ölkədə tüğyan edir, 3 ay sonra aclıq başlayacaq”. Partiya sədri ifadə vermək üçün Milli Təhlükəsizlik Xidmətinə çağırılıb: "Mən hazırda ifadə verməyə gedirəm, ancaq hansı suallara cavab verməli olduğumu bilmirəm. Məni şantaj etmək, qorxutmaq nəticə verməyəcək”.
Bütün bunlara cavab olaraq çoxlu sayda insan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında etiraz aksiyasına başlayıb. Tsarukyanın tərəfdarları olan etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər. Əraziyə polis qüvvələri yeridilib. Polis etirazçıların qarşısını kəsib və onların binaya daxil olmasına imkan verməyib.
Etirazçılar "Tsarukyan!”, "Nikol, get!”, "Tsarukyan baş nazirdir!” şüarlarını səsləndiriblər. Polis 252 nəfər iştirakçını saxlayıb. Onların saxlanılmasına səbəb kimi fövqəladə vəziyyət rejimi zamanı qaydaları pozaraq kütləvi aksiya keçirmələri göstərilir.
Polis deputatlara da güc tətbiq edib
Polis həmçinin müxalif "Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyana qarşı 3 cinayət işinin açılmasına və ifadəyə çağırılmasına etiraz edən deputatlara qarşı da güc tətbiq edib. Yerli medianın verdiyi xəbərə görə, aksiyada "Çiçəklənən Ermənistan” fraksiyasının deputatları İvetta Tonoyan, Naira Zoqrabyan, Karine Poqosyan, Arman Abovyan, Qevork Petrosyan iştirak ediblər. Polisin güc tətbiq etməsi nəticəsində deputatlardan Karine Poqosyan və Arman Abovyan xəsarət alıblar, Caanibek Ayrapetyanı isə polislər sürüyüblər. Digər deputatlar Caanibek Ayrapetyanın hara aparıldığını bilmədiklərini söyləyiblər. Bir müddət sonra isə polis həmin deputatın ərazidən uzaqlaşdırıldığını bildirib.
Qaqik Tsarukyanın deputat toxunulmazlığı ləğv edilib
Bu arada dünən baş prokuror Artur Davtyanın təqdim etdiyi vəsatətlər əsasında Ermənistan parlamentində Qaqik Tsarukyanın deputat toxunulmazlığından məhrum edilməsi və həbsi məsələsi müzakirə olunub. Bununla bağlı parlamentin qarşısında keçirilən etiraz aksiyasında 103 nəfər saxlanılaraq polis bölməsinə aparılıb. Onların arasında Olimpiya mükafatçısı Roman Amoyan da olub.
Axşam saatlarında başa çatan müzakirələrin yekununda Tsarukyanın deputat toxunulmazlığı ləğv edilib. Müxalifətdə olan "Çiçəklənən Ermənistan” Partiyası və "İşıqlı Ermənistan” Partiyasından olan deputatlar səsverməni boykot ediblər. Toxunulmazlığın ləğvinin lehinə 87 deputat səs verib, əleyhinə və bitərəf olmayıb.
Geniş miqyasda artan bu etirazlar fonunda aydındır ki, Paşinyanın da uzun müddət iqtidarda qala bilməsi ciddi sual altına düşür.
Elçin CƏFƏROV,
"Azərbaycan”