Qədim oğuz yurdu-Şərur - FOTOLAR
Ətəyindən xan Araz, sinəsindən Arpaçayı axır, yaşı minilliklərlə ölçülür bu ulu torpaq. Yüz mindən artıq sakinin yaşadığı Şərur rayonunun adı qədim türk tayfası olan Şumerlərlə bağlıdır. 811,14 kvadrat kilometr əraziyə malik olan, 60-dan çox yaşayış məntəqəsini birləşdirən və tarixən Azərbaycanın mədəni, siyasi, iqtisadi həyatında mühüm yer tutan rayon 1930-1964-cü illərdə “Noraşen”, 1964-1991-ci illərdə “İliç”, 1991-ci ildən isə “Şərur” adlanıb. Şair demişkən:
Dədə Qorqud gəzən oğuz elimdir,
Uludur torpağı, daşı Şərurun.
Dili türkün dili – ana dilimdir,
Qədimdən qədimdir yaşı Şərurun.
Keçmişin yadigarı, tarixin güzgüsü, neçə-neçə qaranlıq səhifələrinə işıq salan çıraqdır abidələri. Alın yazısı, ömür kitabı kimi оxunan, dil açıb danışan yurddaşlarına qulaq asın, tоrpağımızın, tariximizin ürək döyüntülərini, ulu söhbətlərini dinləyin. Hər bucağında qədimliyi ilə seçilən abidələri ilə zəngindir, rəngarəngdir yurdum... Hər parçasında hələ nə qədər açılmamış sirlər gizlədir tarixi abidələri. Arpaçayın sağ sahilində yerləşən, hündürlüyü 140 metr olan Qaratəpə dağındakı Oğlanqala abidəsi rayonun tarixinə sözün həqiqi mənasında işıq salır. Şərur abidələrindən söhbət açılanda ilk yada düşən, Naxçıvanın ilkin şəhər mədəniyyətlərindən olan dünya əhəmiyyətli bu abidə zaman-zaman dilə gəlib onun gözü qarşısında yaşanmış əfsanələr, dastanlar söyləyir sanki. Bizi ağuşuna alıb əsrlər, minilliklər öncəyə aparan Dana qalası, Ovçular təpəsi, Qazma mağarası, Qız qalası, Gəlin qayası, Buzxana abidəsi, Xanlıqlar İmamzadəsi və s. kimi tarixi arxeoloji abidələr, qalalar, türbələr, təbiət abidələri, mağaralar-bunlar qədim türk yurdunun daş yaddaşıdır. Adı Gümüşgölün əfsanəsi ilə əfsanələşən Gümüşlü, şöhrəti dünyaya yayılan Axura bulağının məskəni qədim Axura kəndi, çöllərinə, yollarına qocaman nalbənd ağaclarının bəzək verdiyi Mahmudkənd, böyük rəssam İbrahim Səfinin doğulduğu, görkəmli mütəfəkkir Cəlil Məmmədquluzadənin adını yaşadan Cəlilkənd, İsa bulağı, Naxçıvanda ən qədim insan məskənlərindən olan Qazma mağarası ilə tanınan qədim yurd yeri-Tənənəm kəndi və. s onlarla yaşayış məskəni yerləşir bu yurdda. Hər biri də könül oxşayan, abad görkəmindədir. Müasir binaları, yenilikləri ilə göz oxşayır.
Rayon mərkəzi ilə sərhəd kəndlərini Havuşu, Günnütü, Şahbulağı, Yuxarı Yaycını 20-25 km-lik məsafə ayırır. Bədxah düşmənlə üz-üzə, mərdanə dayanan bu ucqar dağ kəndləri bir zamanlar düşmən gülləsinə tuş gəlib. İndi isə fünsunkar təbiətinə görə tanınıb seçilən bu kəndlərdə insanların rifah halı yaxşılaşdırılıb, həyat öz axarına çoxdan qayıdıb.
Havası sərin olan dağ kəndlərində məskunlaşmaq, buz bulaqların suyundan içmək hər kəsin arzusudur. Odur ki, saf, sərin havası, dağı, dərəsi, şəlalələri, zəngin bitki və heyvanat aləmi olan bu yerlər son illər turistləri də cəlb edir. Sabitlik, əmin-amanlıq və sərhədlərimizin göz bəbəyi kimi qorunması buralarda məskunlaşmanı artırıb.
Yurdumun dilbər guşəsi, gül çiçəklərin yaşıl çəmənlərinə bəzək verdiyi Günnüt sanki yenidən cana gəlib. Vaxtilə yurd yerindən qaçqın düşən bu kəndin, elin, obanın, yurdun sakinləri bura yenidən ayaq basır. İndi böyük turizm və təsərrüfat əhəmiyyətinə malik olan Günnütün bərəkətli torpaqlarında əkin işləri aparılır, yaylaqlarında mal-qara, arı ailələri saxlanılır.
Gəzə-gəzə yaylağını,
Qoy yandırım çırağını.
Dərə-dərə otağını,
Doğma evim bilim, dağlar.
Bir də oylaqları, yaylaqları var Şərurun .Yazın ilk çağlarından ta payızın sonunadək hər dağı, dərəsi səsli – küylü olar, mal – davar saxlayan elatların, arıçıların məskəninə dönər Qaraquş, Sarıbulaq, Günnüt yaylaqları.
Sinəsi, qəlbi sazlı-sözlü, nəğməli, məsəlli-misallı nənələrimiz, babalarımız yaşayıb bu torpalarda. Dünənimizdən miras qalmış zəngin folklor ənənələrini yaşadıblar,bu gündə yaşamaqdadır bu incilər.
Yallının məskənidir Şərur.Yurdumun insanının damarına, qanına hopan yallı bu ellərin birlik rəmzi kimi yüz illərdir kənddən-kəndə, şəhərdən-şəhərə, ölkədən-ölkəyə yol gedir. Şərurun dünəni, bu günü, sabahı, milli mentalitetimiz yaşayır bu yolda. Yallısız ötüşməyən toylarımızda camaat əl-ələ, qol-qola verərək həm birlik nümayiş etdirir, həm də mədəniyyətimizin bu qiymətli incisini yaşadır. Qara zurnanın səsi ilə yallının sorağı yaxın uzaq diyaralara yayılıb, dağlarda, qayalarda əks səda verəndə bu birliyin işığına el yığışır. Tək yallı deyil Şəruru folklor beşiyi kimi tanıdan neçə-neçə el ağbirçəyinin, qız gəlinlərin dilindən söylənən bayatılar, haxıştalar, gülümeylər, laylalar, əfsanələr, rəvayətlərdir həm də .Təsadüfi deyil ki, 2018-ci ildə işıq üzü görən “Şərur folklor örnəkləri” kitabında da bu bölgənin əsrlərdən-əsrlərə, nəsillərdənnəsillərə keçən zəngin folklor örnəkləri yer aldı.
Yurdumun şah damarı olan Arpaçayın suyudur bu torpaqlara can verən,buraları yaşam məskəni edən. Salxım söyüdlərin xəfif mehinin həmahəng yaratdığı, adı Şərurla qoşa çəkilən, torpağında bir inci olan Arpaçayın füsunkar mənzərəsinə baxıram. Ağ-sarımtıl köpüklərlə aramla axır bu qocaman çay. Şəninə şeirlər yazılıb, nəğmələr qoşulub... Nələrə şahidlik etməyib əfsanəvi Arpaçay!? Aşiqlərin sevgisinə, yurdumun hər bir elinin, obasının dünəninə, bugünününə, zülmət gecələrinə, işıqlı sabahlarına. Min illərdir bu elllər, bu obalar bu çayın səsi ilə yatır, onun səsi ilə oyanır. Görkəmli şəxsiyyətlər, neçə-neçə qələm sahibi Arpaçay yurdunda doğularaq elmimizə, təhslimizə, ədəbiyyatımıza töhfələr verib. Sazı sözü ilə yurdunu tərənnüm edən Aşıq Nabat, ədəbiyyatşünas Abbas Zamanov, görkəmli rəssam İbrahim Səfiyev, akademik İsa Həbibbəyli, şair Budaq Təhməz, İbrahim Yusifoğlu və daha kimlər, kimlər...Qurub yaradan insanlara rəğbət, doğma torpağa məhəbbət tərənnüm olunub əməllərində, qələmlərində... Arpaçayı çayların "Xançobanı, Sarası" adlandırıb akademik İsa Həbibbəyli .
1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tutumu 150 milyon kubmetr olan Arpaçay Su Anbarının istifadəyə verilməsi çayın sağ və sol sahələrindəki təsərrüfatların su təchizatında ciddi dönüş yaratdı, bərəkətli, münbit torpaqlarını cana gətirdi. İndi min hektarlarla əkinəyararlı torpaq sahəsinə həyat verən dəryaçanın Aşağı Yaycı kəndi ərazisindəki supaylayıcı qurğusundan qidalanan sağ və sol sahil kanalları, həmçinin çayın yatağı ilə təkcə Şərurun yox, həm də Sədərək və Kəngərli rayonlarının torpaq sahələri suvarma suyu ilə təmin edilir.
Tək təsərrüfata, torpağa həyat verirmi !? Rayonun sosial-iqtisadi həyatının bir göstəricisi olan bu çay həm də evlərə işıq verir, nur paylayır. Bu məqamda xəyal məni illər əvvələ aparır. Elektrik enerjisi ilə bağlı çətinliklərlə üzləşdiyimiz günlərə. Zaman olub ki, qonşu ölkələrdən idxal olunan işıq fasilələrlə verilib muxtar diyarımızda. İnsanlar çətinliklərlə üzləşib işığın fasilələrlə verildiyi günlərdə analarımız bilmirdi pilətələrdə yemək bişirsin, çay qaynatsın, yoxsa ta kəndin bu başından o başına, hətta qonşu kəndlərə gedib əllərində vedrələrlə içməli su gətirsin. Həmin dövrdə uşaq olmağıma baxmayaraq mən də bu çətinlikləri az yaşamamışam. Sonralar məhz bu çayın üzərində qurulan “ Arpaçay-1” və “ Arpaçay-2” SES işıqlarımızı daim yanar etdi, Muxtar respublikada enerji tələbatının yerli imkanlar hesabına ödənilməsində mühüm rol oynadı, hətta enerji ixracına töhfə verdi.
Xatirimdədir, payızın ilk ayından ta son ayınadək məhəllə uşaqları ilə cuval götürüb çölə təzək, üzüm kötüyü yığmağa getməyimiz. Hətta o zamanlar şaftalı bağlarımızdakı ağacların da yan-yörəsinə diqqətlə baxır və tumlarını yığırdıq. Axı, qarşıdan qarlı qış gəlirdi. Yanacaq tədarükümüz olmalı idi. Aradan bir neçə il keçdi. Bir gün kəndə xəbər yayıldı ki,qaz çəkiləcək. Artıq o mavi işıq evlərimizi isidəcək, bizi bir çox qayğılardan azad edəcək-deyə kənd camaatı o qədər sevinmişdi ki... Çox çəkmədi bir neçə gündən sonra kəndə maşınlarla borular daşındı məhəllə - məhəllə, ev-ev qaz xətləri çəkildi. Tək bizim kəndin yox, bütün rayonun yanacaq problemi beləcə həllini tapdı.
Bir də məktəb qayğılarımız var idi. Politilenlə örtülmüş pəncərələr, qırıq partalar, stullar, bumbuz və daman sinif otaqlarında büzüşüb dərs keçdiyimiz günlər... Artıq o günlər geridə qalsa da məşəqqətlərini heç vaxt unutmayacağımız günlər idi. Düzdür, biz yaraşıqlı, müasir standartlara cavab verən məktəblərdə oxuya bilmədik. Ancaq bu günkü və gələcək nəsil müasir tipli məktəblərdə dərs keçir. İndi rayonumuzun bütün kəndlərində hər cür imkanlara malik müasir məktəb binaları ucalır. Tikinti-quruculuq, yenidənqurma işləri, yolların, küçələrin abadlaşması yeni təhsil və tibb müəssisələrinin tikilib istifadəyə verilməsi uzun illərin ənənəsinə çevrilib.
Haradan baxsan gözəl libası ilə göz oxşayır yurdumun Şərur eli. Bir vaxtlar palçıqdan keçilməz olan, toz-torpağı dumanı xatırladan, indisə şüşə kimi parlayan rahat asfalt yollar ilan kimi qıvrılıb ucqar kəndlərə bizi rahat çatdırır.
İnsan əhvalını yüksəldən yaşıllıq sahələri, bir-birinə boy verən dekorativ və meyvə ağacları gedəcəyimiz mənzilədək bizi müşayiət edir. Şübhəsiz, ilin bu vədəsində bu yollardan keçərkən görəcəyimiz daha bir gözəl mənzərə göz işlədikcə uzanıb gedən əkin, bağ sahələri, səhərin erkən saatlarından iş başında olan zəhmətkeş insanlardır. Bu da təsadüfi deyil axı, haqqında nəğmələr qoşulan, adı dillərdə əfsanələşən Bahar Talıbova kimi neçə-neçə əmək qəhrəmanları, zəhmət adamlarının adını ucaldıb Şərurun bərəkətli torpaqları. Nələr bitirməyib sinəsində? Muxtar respublikamızın ən böyük kənd təsərrüfatı rayonunda bir vaxtlar çəltikçilik, pambıqçılıq, üzümçülük, tütünçülük, ipəkçilik inkişaf edib. Bu qədim ənənə indi də davam edir. Torpağa bağlılıq bu insanların qanına, canına hopub.
Hektarlarla meyvə bağları salınır, geniş ərazilərdə tərəvəz, qarğıdalı və taxıl əkinləri aparılır. Payız-qış aylarında əksər kəndlərdə mövcud olan istixana təsərrüfatları isə ilboyu əhalinin faraş tərəvəz məhsullarına olan tələbatını ödəyir .Xüsusilə kartofçuluq və soğan əkinində son illər fermerlərin əldə etdiyi təcrübələr Muxtar respublikamızda bu tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinə rəvac verib. Hazırda geniş sahələrdə çalışan əli qabarlı əkinçilər yazlıq bitkilərə aqrotexniki qulluq göstərir, suvarma işlərini davam etdirir, nübar məhsulları dərir və bazarlara göndərirlər. Bu gün öz torpağının sahibi olan insanlar gördükləri tərəqqidən ruhlanaraq daha böyük ürəklə çalışır. Beləcə, həm yaşadıqları rayonun sürətli inkişafına dəstək olur, həm də dolanışıqlarını ildən–ilə yaxşılaşdırırlar.
Bağlarda bu il də məhsul boldur. Bölgənin çöllərinə, dağlarına rəng qatan örüş sahələrindəki onlarla baş mal-qara və arı yeşikləri kəndlinin dolanışıq mənbəyi olmaqla yanaşı həm də şəhər əhalisinin keyfiyyətli ət və süd, arıçılıq məhsulları ilə təminatında mühüm rol oynayır. Təsərrüfatın ayrı–ayrı sahələrində bu inkişafa zəmin yaradan isə dövlət tərəfindən fermer və sahibkarlara güzəştli şərtlərlə subsidiya və kreditlərin verilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, onların lizinq yolu ilə gübrə, toxum və texnikalarla təmin olunmasıdır. Bu ilin Muxtar Respublikamızda“ İxrac ili” olması Şərurlu fermer və sahibkarlar, ailə təsərrüfatçılarının da əl qolunu açıb, təsərrüfatlarda daha böyük həvəslə çalışırlar. İndi onların üzərinə bir məsuliyyət də düşür. Kefiyyətli məhsul yetişdirməklə yerli məhsullarımıza xarici bazarlarda ad-san, şan-şöhrət qazandırmaq.
Buradakı dağlar da öz səxavətini insanlardan əsirgəməyib. Bir vaxtlar qoynundakı tonlarla filiz, mərmər yataqları ölkə sənayesinə mühüm töhfələr verib.
Bəli, Şərur hələ qədimdən Muxtar respublikamızın aqrar, sənaye rayonu kimi tanınıb. Vaxtilə burada üzümçülüyün inkişafı emal sənayesinin genişlənməsinə səbəb olub. Müxtəlif çeşidli məhsulların konserv zavodları fəaliyyət göstərib. Rayon mərkəzində heç də böyük şəhərlərdəkindən fərqlənməyən tikiş fabriki olub. Lakin keçən əsrin 80-90-cı illərinin məlum hadisələri bu sənaye müəssisələrinin fəaliyyətinə ağır zərbə vurdu. Qədim bölgəmiz yalnız Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra qəddini düzəldə bildi .
“Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədəkar insanlar var. Arzu edirəm ki, Şəruru daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz...”. Ümummilli lider Heydər Əliyevin bu müdrik fikirlərinin işığında bu gün daha da gözəlləşən, əkinəyararlı bir qarış torpağı belə boş qalmayan rayonun əvvəlki sənaye şöhrəti də yenidən özünə qaytarılır. Ölkə başçısının 13 sentyabr 2019-cu il tarixli fərmanı ilə hazırda burada Sənaye Məhəlləsi yaradılır. Bu məhəllə gələcək illərdə rayon eləcə də Muxtar respublika iqtisadiyyatına daha böyük töhfələr verməklə yanaşı həm də bitki yağı , ofis məmulatları, kağız torpa kimi məhsullara olan tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verəcək, onlarla rayon sakini üçün yeni iş yeri olacaq. Bu gün özünün əsl intibah dövrünü yaşayan rayonun yolları abad, məktəbləri işıqlı, xidmətlər insanlar üçün əlçatandır. İstehsal müəssiələri isə dayanıqlı iqtisadiyyatı təmin etməklə yanaşı, əhalinin işlə təminində də mühüm rol oynayır.
Bünövrəsi əkinçi ilə başlayan 145 illik mətbuat salnaməmizin ənənələrini yaşadan, dəst-xətti, mövqeyi ilə seçilən “Şərurun səsi” isə sözün əsl mənasında elə adını daşıdığı rayonun bu günkü inkişafından, tarixindən, təsərrüfatından, milli dəyərlərindən səs salır aləmə .1931-ci ildən oxucuları ilə görüşə gələn, həftədə bir dəfə rəngli formatda, 100 nüsxə tirajla nəşr olunan qəzet “Pambığa doğru”, “Noraşen kolxozçusu”, “ İşıqlı yol” və “ Şərurun səsi” adı ilə yüz ilə yaxındır ki , nəşrini davam etdirərək bölgədə özünə geniş oxucu kütləsi qazanıb. 1970-ci ildə bu mətbuat orqanının nəzdində fəaliyyət göstərən “Şərur qönçələri” ədəbi birliyindən, şeir – sənət mühitindən neçə - neçə qələm sahibləri pərvazlanıb. Bu gün Şərur ədəbi mühiti adı ilə fəaliyyət göstərən, Naxçıvan ədəbi mühitində aparıcı mövqe qazanan birlik Dədə Qorqud yurdunun sabahına gur işıq salır.
Neçə-neçə igid oğulları silaha sarılaraq düşmənlə vuruşda şəhidlik zirvəsinə yüksələrək Azərbaycanın milli qəhrəmanı adına yüksəlib. İndi rayon mərkəzindəki “Şəhidlər xiyabanı” burada böyüyən gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynamaqla yanaşı onu həm qəhrəmanlar yurdu kimi tanıdır. Şərurun qədim tarixi, folkloru,qəhrəman oğulları,zəhmətkeş, ziyalı insanları bu günkü xoş büsatı hər birimizin qəlbinə sevinc bəxş edir, bizi qürurlandırır. Amma bütün bunlardan daha çox bayraq ucalığı qürurlandırır .
Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin.
Arpaçayın sol sahilində, Yuxarı Daşarx kəndi ilə Mahmudkəndin qovşağında aparılan quruculuq işlərinə baxanda istər istəməz böyük şair Bəxtiyar Vahabzadənin bu misraları yada düşür... Bəli, bu ünvanda bayraq meydanı salınır. Yaxın vaxtlarda bu meydanın köksündə əzəmətli, vüqarlı görkəmi ilə 36,5 m hündürlüyündə üçrəngli bayrağımız dalğalanacaq. Şübhəsiz, gələcək illərdə bu meydana, bu bayraq altına, milli rəmzlər ətrafına insanlar yığışacaq babalar öz nəvələrinə dövlətçilik tariximizdən, üç rəngli ay-ulduzlu bayrağımızın daşıdığı misiadan danışacaq, qonaqlar bu meydanın möhtəşəmliyinə heyran olacaqlar. Beləcə, Şərurun bugünkü xoşbüsatı bir bayraq altında bərq vuracaq.
Yazı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir
Türkanə Əmoyeva