İnsan bioloji varlıqdır və təbiətin bir hissəsidir. Təbiətdə baş verən hadisələr insan həyatına da təsir edir, onun formalaşmasını səciyyələndirir. Bütün canlılar kimi insan da nəsilartırma qabiliyyətlidir, özünün genetik əlamətlərini daşıyan fərdlər törədir. Lakin yeni nəslin formalaşması bioloji amillərlə yanaşı, sosioloji amillərin təsirindən də asılıdır. Yəni insan ictimai mühitdə-cəmiyyətdə tam formalaşır, kamil şəxsiyyətə çevrilir. Yəni irsən ötürülən xüsusiyyətlərlə yanaşı, insan illər boyu müxtəlif əlamətlər də qazanır ki, bu da onun xarakterini ehtiva edir. Bəzi xüsusiyyətlər az və ya çox dərəcədə olması ilə seçilir. Vətənpərvərlik insana xas olan xüsusiyyətlərin əsasını təşkil edir. “Vətənpərvər insan” ifadəsində bu söz sifətdir, əlamət bildirir, lakin sifətin dərəcələri bu sözə aid deyil. Yəni biz bu adam az vətənpərvərdir və ya çox səviyyədə qeyd etmirik. Vətənpərvərlik elə insana xas xüsusiyyətlərdəndir ki, ya var, ya da yox.
Bu gün dünya sürətlə qloballaşır. Böyük Yer kürəsi internet məkanında, sosial şəbəkələrdə sanki balacalaşır və elmi-texniki tərəqqinin sayəsində daha əlçatan olur. Dünya dövlətləri yeni vasitələrlə daha çox qazanmaq, iqtisadi inkişafa nail olmaq uğrunda mübarizə aparırlar. Yeni dövrün qurucuları olan modern düşüncələri, müasir dünyəvi təfəkkürə malik nəslin yetişməsinə cəhd edirlər. Müasir araşdırmalara görə buna yüksək intellektli və vətənpərvər gənc nəslin sayəsində yiyələnmək olacaq. Vətənpərvər-doğulduğu və yaşadığı coğrafi ərazini (vətənini) tanıyan və sevən, o yerin əhalisi (öz xalqı) üçün çalışan insanlardır. Bu xüsusiyyət də irsən keçir, genetik mahiyyətlidir və düzgün tərbiyə sayəsində möhkəmlənir. Düzgün tərbiyə isə kompleks prosesdir: evdə, bağçada, məktəbdə başlayır, digər ictimai mövqelərdə davam və inkişaf etdirilir. Məhz bu kimi gənc nəslə malik olan xalqlar daim tərəqqi və inkişafa doğru sürətlə irəliləyir. Fərd şövqlə öyrənir, dünyəvi-müasir biliklər qazanır, bu qazandıqlarını inadla xalqının inkişafına sərf edir. Vətənini sevir və onun sərhədlərini müqəddəs hesab edir, onun üçün həqiqətən torpaq, yurd yeri ana qədər əzizdir. Üzərində yaşadığı məskənini canı qədər sevir, eyni zamanda onu yadellilərdən-düşmənlərdən qoruyur.
Ölkəmizdə ulu öndərin əsasını qoyduğu Dövlət Gənclər siyasəti məhz bu amala xidmət edir. Ümumilli lider yeniyetmə və gənclərə gələcəyin qurucuları kimi, xüsusi qayğı göstərir və onları sevirdi. Tez-tez bu təbəqə ilə görüşlər keçirir, onların qayğıları ilə maraqlanır və həll edirdi. Bu gün bu siyasət ölkə prezidenti tərəfindən ulu öndərin qoyduğu xətt kimi yüksələn istiqamətdə davam və inkişaf etdirilir.
Gənclərlə işin yüksək səviyyədə təşkili, onların hərtərəfli və vətənə məhəbbət ruhunda tərbiyəsi üçün lazımi infrastrukturun formalaşdırılması bu siyasətin ana xəttini təşkil edir. Artıq ölkədə düşünülmüş surətdə gənclər siyasəti aparılır, yeni, daha güclü Azərbaycan dövlətinin qurulması işində gənclər yaxından iştirak edirlər. Gənclik isə yeni ideyalar, enerji və güc deməkdir. Vətənpərvərlik hissi ilə silahlanmış müasir düşüncəli və dünyəvi biliklərə malik gənclər sözsüz ki, ölkəmizin gələcəyini işıqlı sabahlara aparacaqlar.
Doğma muxtar respublikamızda isə bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər nümunə sayılacaq səviyyədədir. Muxtar Respublika Ali Məclisinin Sədri təhsilin inkişafı, ordu quruculuğu qədər prioritet sahələrlə yanaşı, gənclərlə işin aparılmasına böyük diqqət və qayğı göstərir. Bu sahənin inkişafı ilə bağlı zəruri infrastruktur yaradılır, Dövlət proqramları qəbul olunub həyata keçirilir. Gənclər cəmiyyətin avanqard qüvvəsi kimi qiymətləndirilir, onların potensialından düzgün istifadə olunur. Gənclər idarəetmədə önə çəkilir, müxtəlif sahələrdə fərqlənən gənclərin əməyi qiymətləndirilir. Bu isə tərbiyəvi xarakter daşıyır, eyni zamanda onlarda vətənə məhəbbət, yurd yerinə sevgi və bağlılıq hissi formalaşdırır.
Bu gün ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında Azərbaycan vətən müharibəsi iştirakçıları və şəhid ailələri yüksək dövlət qayğısı ilə əhatə olunmuşlar. Onların mənzil-məişət şəraiti yaxşılaşdırılır, fərdi evlər tikilir, onlara avtomobillər verilir. Bu qəbildən olan insanların müalicəsi və istirahəti üçün lazımi şərait yaradılır. Ehtiyacı olanlar əlil arabaları, protez-ortopedik vasitələrlə təchiz olunurlar. Bütün bayram və dövlət əhəmiyyətli günlərdə belə insanlar xatırlanır, onların sosial problemləri həll olunur, görüşlər keçirilir.
Deməli, anadangəlmə xüsusiyyət olsa da, vətənə sevgi ətraf aləmdə, ictimai mühitdə formalaşır. Həmçinin alınan informasiyalar, toplanan biliklər həyatda reallaşarkən nümunə gücü kimi böyük əhəmiyyət kəsb edir. İnsanların öz doğma yurd yerinə sevgisi itmir, illər keçsə də həmin şəxsdə büruzə verir. Gənclərimizin 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar zamanı, orduyla həmrəyliyi, silahlı qüvvələrimizə dəstəyi bir daha sübut etdi ki, mənəvi-ideoloji silahlanmış əsgər ən güclü orduların vahid tərkib hissəsidir. Ən müasir silahların olması, texnikanın müasirliyi və vətəninə bağlı şəxsi heyət qüdrətli ordunu xarakterizə edir. Bəlkə də bu deyimdə insan amili daha öndə gəlir.
Azərbaycan Gəncliyi Dövlət Proqramında bu xətt əsas götürülərək, gənclərlə hərbi-vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinə üstünlük verilmişdir. Muxtar respublikada bu istiqamətdə geniş proqram və layihələr icra olunur. Gənclərin ordu birləşmələrində zabit və əsgərlərlə görüşləri keçirilir. Qarşılıqlı inteqrasiya baş verir, ordudan tərxis olunmuş gənclərlə iş aparılır, onların təhsili, məşğulluğu və asudə vaxtlarının təşkili ilə bağlı tədbirlər icra olunur.
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatı bu sahədə aid qurumlarla birlikdə fəaliyyət göstərir, müharibə iştirakçıları ilə gənclərin görüşləri təşkil olunur, şəhidlərimizin o cümlədən, milli qəhrəmanların xatirə günləri keçirilir. Məqsəd Dövlət Gənclər siyasətinin təbliği, gənclərin vətənpərvərlik tərbiyəsinin təşkilində yaxından iştirak etməkdir. Bu olduqca vacib məsələdir, torpaqlarımızın düşmən tapdağından azad olunması məhz elinə-obasına sevgi hissi ilə silahlanmış, vətəninə sevgi hissləri tükənməz olan gənclərimizin sayəsində mümkün olacaqdır. Belə gənclik isə artıq hər an torpaqların azad olunması üçün hazırdır. Deməli, o gün uzaqda deyil! Üçrəngli bayrağımız yenidən itirilmiş torpaqlarımızda dalğalanacaqdır!
Mirməcid Seyidov
Azərbaycan Vətən Müharibəsi Veteranları və
Şəhid Ailələrinin Naxçıvan MR Təşkilatının sədri