Meyvələr insanlara bəxş edilən ən dəyərli qidalardandır. Araşdırmalar insanların meyvə və tərəvəzlərlə qidalanması ilə xərçəng xəstəliyinə tutulma risqi arasında tərs əlaqə olduğunu sübut edib. Buna görə də meyvə və tərəvəzlərin fitokimyəvi cəhətdən araşdırılması və antioksidant aktivliyinin müəyyən edilməsi bəzi spesifik xərçəng növlərinin aşkar edilməsində mühüm əhəmiyyətə malikdir.
Muxtar Respublika ərazisində bitən faydalı bitkilərdən biri olan tut meyvəsinin istər qida dəyərinin, istərsə də antioksidant aktivliyinin yüksək olması bu bitkinin əhəmiyyətini son dərəcə artırır. Fərqli iqlim və torpaq şərtlərinə adaptasiya qabiliyyətinin yüksək olmasına görə tut ağacı mülayim, tropik və subtropik iqlim zonalarında inkişaf edir.Meyvəsindən, yarpağından və oduncağından faydalanmaq məqsədilə yetişdirilən bu bitki şimal yarımkürəsinin tropik bölgələrindən cənub yarımkürəsinin subtropik bölgələrinə qədər fərqli temperatur və çox müxtəlif iqlim, topoqrafik xüsusiyyətlər və torpaq şərtlərində inkişaf edə bilir.
Qara tutun insanlara verdiyi faydalar saymaqla bitmir. Dərini cavanlaşdırır, saçlara xüsusi sağlamlıq verir, eyni zamanda dişlərin və diş ətinin sağlamlığını təmin edir. Meyvəsinin özünəməxsus bənzərsiz dadına səbəb etil spirtinin linolen turşusu ilə əmələ gətirdiyi efir sayəsindədir. Qara tutun tərkibində A, B1, B2, B3, B6, B9, E, C və K vitaminləri, kalium, kalsium, natrium, fosfor, maqnezium, dəmir, sink və manqan mineralları, lif və üzvi turşular vardır.100 q tut meyvəsində 87,5 % su, 1,8-2,8 q protein, 0,5 q yağ, 8,3 q karbohidrat, 80 mq kalsium, 40 mq fosfor,0,7-11,3 mq maqnezium, 1,9 mq dəmir, 241 mq kalium, 184 mq tiamin, 13 mq askorbin turşusu aşkar edilib.
Bu gün dünyada istər genetik, istərsə də qidalanma ilə əlaqədar olaraq təxminən 189 milyon, o cümlədən Azərbaycanda 265 mindən çox şəkərli diabet xəstəsi vardır. Gündəlik qidalanmada fitokimyəvi baxımdan zəngin olan qidaların istifadəsi belə xəstəliklərin qarşısının alınmasına kömək edə bilər. Məhz qara tut meyvəsində olan fitokimyəvi birləşmələr də karbohidratların həzmini gecikdirərək insulin ifrazını nizamlayır və beləliklə şəkərli diabetin qarşısını alır.
Antosianlar təbiətdə bitkilər aləmində geniş yayılmış piqment qruplarından biridir və təxminən hər meyvədə az və ya çox miqdarda mövcuddur.Son illərdə aparılan araşdırmalar nəticəsində antosianların insan sağlamlığı üçün çox önəmli olduğu müəyyən edilib. Qara tutda digər tut növlərinə nisbətən daha yüksək miqdarda fenollu birləşmələr, flavonoidlər və antosianlar vardır. Tərkibi flavanol birləşmələri ilə zəngin olduğu üçün antifunqal və antimikrob aktivliyinə də malikdir. Məhz belə faydalı birləşmələrlə zənginliyinə görə bu meyvələr təbii antioksidant mənbəyi hesab olunurlar.
Surə Rəhimova
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun
böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru