Sədərəkdə taxıl biçininə 4 kombayn cəlb edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sədərəkdə də taxıl biçininə start verilib. Artıq rayonda 105 hektar sahədə biçin aparılıb, 340 tona yaxın məhsul yığılıb.
Biçininin aparılmasına “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Sədərək rayon bazasından 1, fərdi sahibkarlar tərəfində isə 3 kombayn cəlb edilib.
Sədərək rayonunda bu ilin məhsulu üçün ötən ilin payızında 2261 hektar sahədə taxıl əkini həyata keçirilib. Sahələrin 1621 hektarını buğda, 640 hektarını isə arpa təşkil edir. Bu ilin yazında isə rayonda 96 hektar sahədə arpa əkilib.
Qeyd edək ki, bu ilin məhsulu üçün muxtar respublika üzrə ümumilikdə 36 min 753 hektar sahədə taxıl biçini aparılacaq ki, bunun da 26 min 265 hektarını buğda, 10 min 488 hektarını isə arpa əkinləri təşkil edir. Muxtar respublikada bu sahəyə göstərilən dövlət dəstəyinin nəticəsidir ki, torpaq mülkiyyətçiləri sahələrdən yığdıqları məhsulu münasib qiymətə sata bilirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq bu ildən taxılın alış qiymətində artımlar olub və taxıl qəbulu müəssisələri taxılın alışını ötən illərlə müqayisədə daha yüksək ödəniş etməklə qəbul edirlər. Belə ki, istehsalçılardan buğdanın bir kiloqramı 38, arpanın bir kiloqramı 35, qarğıdalının bir kiloqramı isə 40 qəpikdən qəbul edilərək dəyəri yerində ödəniləcək.
Nurlan Sadiqov