Yaylağa yolçuluq-köç - FOTOLAR

A- A A+

Dağların qarı yavaş-yavaş əriyib, yamaclarındakı “ağ çalma” zirvələrə doğru köç edəndə mal-qara saxlayan elatların da yaylaq həyatı başlayır. Bir neçə aydır Şərur rayonunun yaylaqlarında bəslənilən mal-qaranın Şahbuz rayonundakı yaylaqlara köçü gedir. Günlərlə davam edən bu yolçuluq nə qədər çətin olsa da, bir o qədər də maraqlıdır. Təsərrüfat sahibləri  köç ənənəsinə sadiq qalaraq bu il də mal-davarı  piyada dərələri ,dağları  aşaraq, çaylardan keçərək  aparırlar.   

Bu il Şərur dağlarında üzü Qanlıgöl yaylağına doğru axıb gedən KÖÇə mən də qoşuluram...

Çobanı və azuqəsi yığılmış xurcunları daşıyan atlar köçə, qoyun quzu sürülərinə cavabdeh görünür. Ona yaxın çobanın müşayiəti altında olan  köç yolçuluğu üç-dörd gün çəkir.

Köçü mənzil başına çatdırmaq çətin,bir o qədər də məsuliyyətlidir. Çobanlar mal-qaranı daha az itkisiz yaylaqlara qaldırmağa can atır. Beləliklə, hər gün kilometrlərlə yol gedərək gündüzləri çay kənarlarında, sərin dağ döşlərində   ayaq saxlayır, gecələri isə dağlarda qaladıqları tonqalın başına yığışaraq bir ocaq başında növbə ilə sürüyə, naxıra keşik çəkirlər. Köçün mənzil başına çatması göründüyü qədər asan deyil... Yol boyu bəzən yağışa, bəzən istiyə düşür , bəzən qurd hücumuna məruz qalırlar. Günlərlə davam edən köç yolçuluğu həm heyvanları, həm də çobanları yorub əldən salsa da güllü-çiçəkli, bol otlu, sərin havalı, buz bulaqlı yaylaqlara çatanda  bu yorğunluq unudulur.

Adətdir ki, köç yaylağa çatandan sonra obalarda çadırlar qurulur. Bunun üçün isə əvvəlcədən yır-yığış edilib, hər bir tədarük görülüb.Yol uzaq olduğundan yük maşını gecə yarısı yola düşür. Asta-asta gedən bu maşınla bir eldən bir obaya köç gedir. Yüz illərdir onlar bax beləcə, dağ, aran həyatı yaşayaraq qışı kənddə, yayı yaylaqda keçirirlər. Məqsədləri sahib olduqları təsərrüfatı sərin yaylaqlar qoynunda daha sağlam  saxlamaq və bu sahənin inkişafına töhfə verməkdir.

Göy üzündəki bədirlənmiş ay da sanki yola işıq salır, gecənin qaranlığına qərq olan dağlar, təpələr bizi müşayiət edir. Yüksəkliyə qalxdıqca Şahbuz rayonunun bu istiqamətdə ən sonuncu kəndi olan səfalı Kükü kəndinin sayrışan işıqları  dağların arasında gözdən itir. Hava isə yavaş-yavaş  işıqlanır...

Burada bəzi ağaclar hələ yenicə çiçək açıb. Soyuq dağ havasını hiss edir, rəngbərəng çiçəklərin ətrini duyur, çöl quşlarının səsini eşidirəm. Yaylaq mövsümü başladığı üçün  dağ yolları mənzil başınadək sahmana salınıb ki, gediş-gəliş rahat olsun.

Səhəri bu yerlərin mavi gözlüsü Qanlıgölün sahilində qarşılayırıq, günəş dağların arasından gülümsəyir. Pünhan bulağının bumbuz suyundan içib, üz-gözümüzü yuyur, bir az da dincəldikdən sonra yola davam edirik. Xınalı daşlar, sərt qayalar, yol kənarından boylanan, ətri ilə insanı bihuş edən kəklikotu  kolları, zirvələrdə ara-sıra gözə dəyən qar talaları, sanki yaşıl örtük çəkilən uca dağlar…Tanrının yaratdığı əvəzsiz təbiət mənzərələrini seyr edir və dağ vüqarlı insanların dağların döşündə, yaşadıqları yerdən kilometrlərlə uzaqda becərdiyi əkin sahələrinə, hünərlərinə heyran qalıram.

Yollar uzanıb gedir... dağları geridə qoyub nəhayət ki, obaya çatırıq. Çobanların səsi, qoyun-quzu mələrtisi, itlərin hürüşməsi  ətrafı bürüyüb. Kişilər alaçıqları qurur, xanımlar isə ocaq qalayıb, çay qaynadır, yemək hazırlayırlar. Uzun yolun yorqunluğun bir kəklikotulu çayla yola veririk... dağ başında içilən ocaq çayının isə əvəzi yoxdur.

Şahbuzun şəfalı təbiəti kimi zəngin bitki örtüyü də köç sakinlərinin günlük qida rasiounda əhəmiyyətli rol oynayır. Ələyiz, kəklikotu, qırxbuğum ,şıppır, yarpız, baldırğan yığan qadınlar həm də onlardan qış üçün tədarük edir. Uzun illərin yaratdığı təcrübənin nəticəsidir ki, qadınlar hansı gülün, çiçəyin, bitkinin harada bitdiyini və nəyə faydalı olduğunu yaxşı bilirlər. Buralarda  hər daşın, qayanın dibindən dumduru su axır, bulaq çağlayır. Sularıdakı buz kimi… Bulaqların başında yarpızlar təzə boy verib.

Bir də baxırsan, uzaqdan atların kişnərtisi eşidilir, çoban sürünü haylayraq arxaca gətirir...

Şahbuz rayonunun Keçəl dağ massivi burada məskunlaşan təsərrüfatçıların ta qədimdən yaylaq yeri olub. Hər il  yaylaq mövsümü başlayanda sürülər-naxırlar bu yerlərə gətirilir. Bu il də 10-a yaxın ailə buradakı Taxça körpü obasına köç edib. Obada ümumilikdə 300-ə yaxın iri buynuzlu və 2000 xırda buynuzlu mal-qara  var.

Yaylağın, obanın öz qanunları var. Burda gərəkdir ki, boş qalmayasan. Bu il Şərurdan Şahbuza yol alan köçə qoşulub,onların həyatın yazıya köçürmək üçün bu yola çıxsam da arada işlərinə də köməklik göstərirəm. Köçün ən təcrübəli sakinlərindən biri olan   Xosrov Əsədovla  da elə iş başında hal-əhval tuturam.

Yolçuluq  necə keçdi?

-Necə illərdir ki, mal-qara,qoyun-quzumuzu bu gözəl yaylaqda saxlayırıq. Köç yolçuluğu  çətindir,günlərlə yol gəlirik. Necə deyərlər daşlar yastığımız, buludlar yorğanımız olur. Yorulsaq da bu yerlərin havası, suyu, bitki örtüyü heyvandarlıq üçün çox əlverişlidir. Dağ çaylarının sərin suyundan içib güllü-çiçəkli yaylaqlarda bəslənən heyvanın məhsulu dadlı olur, heç bir xəstəliyə də tutulmur. Oba yeri köç gəlməmişdən dezinfeksiya olunub, baytarlar vaxtaşırı olaraq burada lazımi  profilaktik tədbirlər aparırlar. Yaylaqda heyvanlar yaxşı bəslənir, artım yüksək  olur.

Çoban üçün otlağın, biçənəyin öz mənası var. Sayı yüz də olsa, min də olsa qoyun-quzunun hər birini üzündən tanıyar. Biz sərin dağ havasına öyrəşmiş insanlarıq.

“Hər il yay fəslini Şahbuz rayonunun yaylaqlarında keçirir, ayrılmış otlanacaq sahələrində qoyun sürülərini otarır, qoyun qatığı, keçi pendiri, xama, şor kimi ağartı məhsulları və heyvanların satışından dolanışığımızı təmin edirik deyən”- Həsən Musayev də bu yaylaqlarda  böyüyüb, vaxtilə atasından qalan işi  davam etdirir.

Fəridə Qasımova yaylaqda artıq öyrəşdiyi həyat tərzindən bizə danışdı:

-Obada səhər qoyunların mələrtisi ilə açılır. Biz günəşdən öncə oyanırıq. Mal-qara yerbəyer edilib, erkəndən örüşə ötürülməli, gün batımından əvvəl  isə işlərimiz yekunlaşmalıdır. Yeməyi ocaqda, çörəyi saçda bişiririk. Qırxbuğum, yarpız, quzu qulağı  və d. bitkilərdən yığıb dovğa, kətə hazırlayırıq. Gecələr çadırlara yığışır, çıraq işığında  süfrə açır,  yeməyimizi yedikdən sonra şirin söhbətlər edirik. Ara-sıra ərzaq maşınları  da gəlir, lazım olan ərzaqları alırıq. Hətta biz oba sakinlərinin sağlamlığının qayğısına  da qalır, vaxtaşırı müayinədən keçirirlər. 

Dağ döşünə yayılmış qoyun sürüləri yaylaq həyatının əmin amanlığından, bərəkətindən xəbər verir. Ümumiyyətlə, yaylaq mövsümü onlar üçün  ruzi mövsümüdür. Ot boldur, mal – heyvan yaxşıca kökəlib südə , ətə-qana gəlir. Onlar da  inəkdən, qoyundan  çiçək ətirli yağ, pendir tutur. Dolanışıqlarını təmin edirlər. Şair nə gözəl deyir:

Qoyun mələşməsi, çoban tütəyi ,

Çəkir uzaqlara xəyalı yaylaq.

Günorta arxaca yığılan qoyun sürüləri axşamüstü örüşə aparılır. Çoban çomağını belinə dayayaraq  sürünün ardınca gedir. Yan-yörəsində isə qurdbasan çoban itləri .

Dağlara yol alıb gedən, uzaqlaşdıqca ağ daşları xatırladan sürü, hərəsi bir dərədə, təpədə otlayan mal-qara və oba sakinlərinin səs-küyü ilə yenidən cana  gəlib bu yurd yerləri. Buralar həm də ən ucqar sərhəd nöqtəsidir. Yüz illərdir bu sadə zəhmətkeşlər mənfur düşmənlə üz-üzə, göz-gözə yaşayırlar. Heç bir səbəbdən obaları tərk etməyiblər, ayrılıqları da müvəqəti olub.

Oba sakinləri rahat yaşayır, heç nədən qorxmadan, çəkinmədən təsərrüfat işlərini görürlər. Bu rahatlığın səbəbi isə torpağa  və bizə keşik çəkən vətən oğullarıdır. İyun ayından yaylağa gələn köç oktyabr ayında, dağların başına ilk qar düşəndə arana qayıdacaq. Yenə də yaylaqdakı yurd yerləri  boşalıb, qəribsəsə də köç əhlində bir sevinc olacaq. Bu bərəkətin, bolluğun sevincidir. Qışdan sonra isə onları yeni bir köç mösümü gözləyəcək... Beləcə hər şey yenidən təkrarlanacaq... Mənə isə sağolasıb geri qayıtmaq qalır... Mənim oba həyatım bir neçə saat çəkdi, təəssüfki... Bir də bu yerlərə qayıtmaq arzusuyla...

                 Türkanə Əmoyeva

                        NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: