BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Qaçqınlar Günü ilə bağlı videomüraciətlə çıxış edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Baş katib müraciətində dünyada təxminən 80 milyon qadın, uşaq və kişinin qaçqın və ya məcburi köçkün vəziyyətinə düşdüyünü, evlərini tərk etmək məcburiyyətində qaldığını bildirərək deyib: “Təkcə ötən il ərzində bu sıralara on milyon insanın qatılması daha üzücü faktdır. Ümumdünya Qaçqınlar Günündə bu dəhşətli rəqəmə səbəb olan münaqişələrə və təqiblərə son qoymaq üçün əlimizdən gələni etməyi öhdəmizə götürürük. Bu gün biz, həmçinin iqtisadi və təhlükəsizlik sahələrində problemlərinin olmasına baxmayaraq, qaçqınları qəbul edən icmaların və ölkələrin səxavətliliyini və humanistliyini yüksək dəyərləndiririk. Bu ölkələrə minnətdarlıq, dəstək və maddi kömək borcumuz var.
Biz hamımız Qaçqınların Beynəlxalq Müdafiəsi rejiminin bütövlüyünü yenidən qurmalı və Qaçqınlar üzrə Qlobal Forumda üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirməyə çalışmalıyıq ki, qaçqınlar və onları qəbul edən icmalar lazımi dəstəyi alsınlar.
Bu il COVID-19 pandemiyası əhalinin ən həssas təbəqəsi olan qaçqınlar və məcburi köçkünlər üçün əlavə təhlükə yaradır. COVID-19 pandemiyası və insanların hərəkətinə dair son analitik icmalımda hökumətləri bu insanların pandemiyaya qarşı bütün cavab və bərpa tədbirlərində iştirakını təmin etməyə çağırdım.
Pandemiya ilə mübarizənin ön cəbhəsində fəal iştirak edənlər arasında qaçqınlar və məcburi köçkünlər də var.
Banqladeşdəki düşərgələrdən tutmuş Avropadakı xəstəxanalara kimi qaçqınlar hər yerdə tibb bacısı, həkim, alim, müəllim və digər vacib vəzifələrdə çalışırlar. Bununla onlar özlərini qoruyurlar və onları qəbul edən icmalara borclarını qaytarırlar.
Ümumdünya Qaçqınlar Günündə qaçqınlara öz həyatlarını yenidən qurmaq və onların ətrafındakı insanların həyatlarını yaxşılaşdırmaq üçün nümayiş etdirdikləri bacarıq və qətiyyətlərinə görə təşəkkür edirik.
Bu gün və hər zaman qaçqınlarla bağlı birik və həmrəyimizi nümayiş etdiririk, habelə müharibə və təqiblərdən qaçanlara sığınacaq verməyi əsas vəzifəmiz hesab edirik”.