Naxçıvan bağlarında calaq dövrü

A- A A+

Qədim Naxçıvan torpağında zəngin bağçılıq ənənələri mövcud olub, bol meyvə yetişdirilib. Burada yetişdirilən meyvələrin bəziləri qurudularaq ölkəmizin başqa yerlərinə daşınıb. XVIII əsrin ortalarında Naxçıvanda olan türk coğrafiyaşünası Övliyə Çələbi Qarabağlar kəndində bir bağda gəzərkən  Yazdanqulu adlı bağbanın ona 26 növ armud verdiyini yazırdı. Səyyah Adam Oleari yazırdı ki, Azərbaycanda xüsusi bir armud növü var və o, ancaq Ordubadda yetişir. Bağlar diyarı olan Ordubadın sini, şəkəri, əndiryanı armudu, əbutalibi əriyi, kəhat heyvası, salamı, zəfəranı, alanayı, nazlı, terelli, şerilli, qışlaq şaftalı növləri tarixən məşhur olub. Mənbələrdə qeyd edilir ki, əsrlər boyu püstə, badam, iydə, tut, əsasən, Naxçıvan və Abşeronda becərilib. Cəvizin də bir neçə növü məhz Naxçıvana məxsusdur. Mərhum bioloq-alim Əsgər Qulamov Naxçıvan cəvizi haqqında geniş tədqiqatlar aparmışdı. Araz, növrəst, ənbəri, seyfi, pənənd, suğra, disar, qalibi, car, qum,dindi, vənənd kimi cəviz sortları Naxçıvan, Şəki-Zaqatala bölgəsində becərilib. Bütün meyvə sortları, Naxçıvan brendinə çevrilən göycə, bidanə, xar, xərci və şah tut növləri, bəzək ağacı olan narbənd ancaq calaq yolu ilə artırılıb çoxaldılır.

Barı az olan ağacın bol məhsul verməsi üçün ona calaq vurmaq lazımdır. Lakin bu proses elə də asan deyil. Calaq vurmaq çox incə və ustalıq tələb edən iş olmaqla bərabər, ağac calamağın da öz vaxtı, üsulu və incəlikləri var. Meyvə ağaclarına calaq vurmaqla yaxşı məhsuldarlıq əldə etmək mümkündür. Müxtəlif yaşayış yerlərində calağa peyvas və yaxud peyvənd də deyirlər. Qeyd edək ki, ağacları artırmanın üç əsas üsulu vardır. Pöhrə, qələm və tum (çəyirdək) vasitəsilə. Bəzi növ meyvə ağaclarının üzdə olan yan köklərindən yeni tinglər, pöhrələr alınır. Armud, alma, heyva, albalı (gilənar), gavalı (almaxara), alça bu cür çoxala bilir.

İkinci qələm vasitəsilə. Bu cür çoxaltma əsasən, iydəyə, nara, üzümə, qismən isə heyvaya və  tuta aiddir. Yazdığımız hər iki növ artırmada meyvə ana xüsusiyyətlərini saxlayır. Meyvənin böyüklüyü, dadı, rəngi və ətri ana ağacda olduğu kimi olur. Bəzən yabanı ağacın meyvəsi bəzi xüsusiyyətlərinə görə xoşagəlim olduğu üçün bağlarda çoxaldılır, həmin ağacı tapıb gətirən adamın, yaxud çıxarılıb gətirildiyi yerin adı ilə adlanır. Şahbuz rayonunun Keçili kəndində əksəriyyət həyətlərdə becərilən və olduqca ətirli “Çoban çuxuru” kimi tanınan alma növü buna nümunə  ola bilər.

Üçüncü növ artırma isə tum (çəyirdək) vasitəsilə həyata keçirilir. Yan köklərdən pöhrə verməyən, qələm ilə artırılması mümkün olmayan ərik, badam, şaftalı, eləcə də digər meyvə ağacları tum vasitəsi ilə artırıldıqda tozlanma nəticəsində ana nəsil dəyişilir. Hətta eyni ərik ağacından əkilən tumlardan müxtəlif növ əriklər cücərir. Ona görə də istədiyin növ meyvəni almaq üçün ya yan pöhrələrdən (vələd) çıxarılıb əkiləcək, ya da calaq ediləcəkdir.

Calaq isə əsasən, üç dövrdə və bir neçə formada aparılır. Erkən yazda, ağaclar tumurcuqlamamışdan əvvəl, may-iyun və sentyabr ayında. Təcrübəli bağbanlar əsasən üç növ calaqdan – yarma, göz (bəziləri buna “T” deyirlər) və paqqıldaqdan istifadə edirlər.

Yarma calağı erkən yazda vurulur. Əvvəlcə calaq olunacaq ağacın budağı kəsilir, iti alətlə yarı bölünür, calaqüstü çərtilərək yarığa keçirilir. Sonradan elə sarınır ki, yarığa su keçməsin. Bu calaq növündə bəzən calaqüstü daha çox inkişaf edir,alt hissə isə nazik qalır. Ona görə də bu calaqdan kütləvi surətdə istifadə edilmir, yalnız fərdi təsərrüfatlarda az-az hallarda aparılır. Son illər istehsal olunan müxtəlif müasir alətlərlə xüsusi formalı kəsim apararaq calaq edilir. Bu calaq cavan, bir-ikiillik tinglərdə aparılır.

El arasında deyirlər ki, ikinci calaq arpa biçimində aparılmalıdır. Əslində isə calaqaltının inkişafından asılı olaraq, may ayının 10-15-dən iyun ayının sonuna qədər calaq aparmaq məsləhət görülür.  Bəzən iyul ayında da calaq aparılır. Ancaq iyul ayında isti çox olduğuna görə calağın tutma ehtimalı azalır. İyunun sonu, iyulun əvvəlində havanın çox isti keçməsi, ağacın inkişafının zəifləməsi calaqların bir qisminin göyərməməsinə səbəb olur.

May-iyun aylarında iki formada calaq aparılır. Paqqıldaq (zurnik) calağı aparılan zaman calaqaltı və calaq vurulacaq şüylər uyğun yoğunluqda olmalı, calaq ediləcək şüydə təxminən 3-7 santimetr uzunluqda qabıq burulub şüydən çıxmalıdır. Bu calağın tutma ehtimalı yüksək olsa da, çox vaxt aparır, calaq şüyü meyvə ağaclarının uc hissəsindən qırıldığı üçün lazımi yoğunluqda şüy tapmaq çətin olur. Ona görə də bu növ peyvənd az aparılır. Bu calağın paqqıldaq, zurnik adlandırılmasının da səbəbi var. Belə ki, əvvəllər uşaqlar üçün bu qədər oyuncaq nə istehsal olunardı, nə də alınardı. Buna görə də xüsusən kənd yerlərində yaşayan balacalar oyuncaq kimi təbii vasitələrə üstünlük verərdilər. Deməli, uşaqlar ilk baharda söyüd ağacları təzə tumurcuqlayan dövrdə onun 2-3 santimetr diametri olan birillik budaqlarını kəsər, 10-20 santimetr uzunluqda şüyün qabığını dairəvi şəkildə burub qabığını çıxarardılar. Qabığı çıxmış şüyün ucundan 1-2 santimetr kəsərək qapaq hazırlayardılar. Bundan sonra çubuğun üstündə olan gözlərin altındakı çıxıntıları yonub hamarlayardılar ki, qabığın içərisində rahat hərəkət etsin. Hazır olan bu “təbii porşen” vasitəsilə ağacı qabığın içərisində hərəkət etdirdikdə, qabığın içərisindəki hava sıxılaraq qapağı uzağa tullayar və bu zaman paqqıltı səsi eşidilərdi. Paqqıldağı atmaq üçün ağac hər dəfə isladılardı. Axşamlar isə paqqıldaq suya qoyulardı ki, qurumasın.

Göz calağı isə dünyanın hər yerində geniş yayılmış calaq üsuludur. Bu cür calaq cavan, uc hissəsi kəsilmiş birillik şüylər (zoğ) üzərində aparılır. Qabıq “T” şəklində kəsilib qaldırılır, çıxarılan calaq gözü həmin yerə qoyulub sarınır. Bu zaman iki amilə diqqət etmək lazımdır. Birinci, çubuqdan qoparılan calaq gözünün “mayası” çubuğun üzərində qalmasın. Əks halda içərisi boş olan göz cücərməyəcəkdir. İkinci, elə sarımaq lazımdır ki, calaq gözü çubuğun üzərində kip otursun. Calağa qulluq zamanı cücərən digər gözləri vaxtaşırı qoparmaq lazımdır. May-iyun calağı bir neçə illik tinglər üzərində aparılır. Saxlanılan 3-4 budağın hər birinin üzərində 1-2 göz calaq edilir.

Bundan başqa calağı payız aylarında da aparmaq olar. Payız calağı əsasən, sentyabr-oktyabr aylarında həyata keçirilir. Çoxillik tinglərin birillik şüylərinin üzərində calaq aparılan zaman, budaqların ucu vurulmur. Vurulan calaq cücərmir, yara bitişərək qalır. Erkən yazda calaqdan yuxarı hissə kəsilir və calaqlar sürətlə cücərir. Payızda calaqlar ən çox birillik tinglər üzərində aparılır. Payızda əkilən tumlar yazda cücərir və yaxşı qulluq edildikdə 1,5 metrədək hündürlüyə qalxa bilir. Payızda tinglər torpaq səviyyəsində calanır, hər ting üçün bir göz calaq edilir. Calaq olunmuş tinglərdə calaqlar qaynayıb qovuşur. Erkən yazda tinglər calaqdan yuxarı kəsilib götürülür.İl ərzində 1-2 metr yüksəkliyə qalxan tinglər payızda və ya növbəti yazda satışa çıxarılır, yaxud salınacaq bağlara köçürülür.

Bu gün muxtar respublikada iri tingçilik və bağçılıq təsərrüfatları fəaliyyət göstərir. Həmin təsərrüfatlarda ata-babalarımızın calaqetmə təcrübəsindən geniş istifadə edilir, yeni-yeni növlər artırılır, bağlardan bol və keyfiyyətli meyvə yığılır, üstəgəl, calaq üsulu ilə artırılmış tinglər satışa çıxarılır.

                                                                                                          Zaleh Novruzov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: