23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür
Dövlət qulluğu sahəsində uğurlu islahatlar aparılır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 5 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.
Ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə qayıdışı ilə ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu öndərimizin təşəbbüsü və müəllifliyi ilə hazırlanan Konstitusiyamız müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynamış, 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Ümummilli liderin dövlət qulluğu siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının imzası ilə mühüm dövlət proqramları təsdiq olunmuş, dövlət qulluğu sahəsində mütərəqqi normativ hüquqi baza formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılmış, dövlət qulluğu sahəsində münasibətlərin tənzimlənməsi daim nəzərdə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi bunun bariz ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada dövlət qulluğu sahəsində uğurlu islahatlar aparılmış, müasir dövlət idarəçilik sistemi formalaşdırılmışdır. Həyata keçirilən islahatları iki qrupa ayırmaq olar. Birinci istiqamət dövlət qulluğu sahəsində institusional islahatların həyata keçirilməsi ilə bağlı olmuşdur. Bu məqsədlə qanunvericiliklə müəyyən edilmiş dövlət siyasətini və tənzimlənməni həyata keçirən dövlət orqanları yaradılmış və onların normal fəaliyyət göstərməsi təmin olunmuşdur. Dövlət idarəçiliyində innovasiyalar tətbiq edilmiş, “Elektron hökümət” portalı, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri istifadəyə verilmiş, bəzi dövlət orqanları üzrə səyyari xidmətlər təşkil edilmişdir. Bütün bunlar, eyni zamanda Naxçıvan Muxtar Respublikasında vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinə və insan amilinə verilən dəyərin göstəricisidir. Dövlət orqanları üçün ən müasir standartlara cavab verən yeni inzibati binalar tikilərək istifadəyə verilmiş, maddi-texniki baza gücləndirilmiş, dövlət qulluqçularının fəaliyyəti yaxşılaşdırılmış, onlara lazımi iş şəraiti yaradılmışdır.
Dövlət qulluğu sahəsində islahatların ikinci istiqaməti isə müasir tələblərə cavab verən kadr siyasətinin həyata keçirilməsidir. Kadr siyasətinin əsas məqsədi dövlətə və cəmiyyətə xidmət üçün lazımi keyfiyyətlərə malik dövlət qulluqçularının formalaşdırılması, habelə dövlət qulluğu sferasının yüksək peşəkarlığa malik, vicdanlı, məsuliyyətli və vətənə sədaqətli işçilərin cəlb olunmaqla komplektləşdirilməsidir. Qeyd olunan məqsədlərə nail olmaq üçün muxtar respublikada yeni məktəb binaları, tədris korpusları tikilmiş, təhsil müəssisələrində tədris müasir standartlara uyğunlaşdırılmış, maddi-texniki baza möhkəmləndirilmiş, mütəxəssis və kadrların hazırlığı üçün hərtərəfli şərait yaradılmışdır. Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı Ali Məclis Sədrinin 2015-ci il 27 iyul və 2019-cu il 3 aprel tarixli Sərəncamları dövlət orqanları və təhsil müəssisələri arasında əlaqələrin genişlənməsinə, insan kapitalının inkişafına, dövlət qurumlarının ixtisaslı kadrlarla təmin olunmasına səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması həyata keçirilən islahatların ən vacib tərkib hissəsidir. Komissiyanın yaradılmasında əsas məqsəd muxtar respublikada kadr siyasətinin həyata keçirilməsi, dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə yolu ilə seçilməsi, yerləşdirilməsi və digər məsələlər barəsində qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir. Fəaliyyətə başladıqdan qısa müddət sonra komissiya üçün yeni inzibati binanın tikilməsi, test mərkəzinin, lokal kompüter şəbəkəsinin, mərkəzi server sisteminin yaradılması komissiyanın fəaliyyətində innovasiya və startapların tətbiqini mümkün etmiş, test imtahanı proqramı, Dövlət Qulluqçuları Reyestrinin aparılması proqramı, test və müsahibələrdə iştirak üçün onlayn qeydiyyat proqramı istifadəyə verilmişdir. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın portalının və yeni proqram təminatının istifadəyə verilməsi vətəndaşların dövlət qulluğuna qəbul üçün müraciət etmək imkanlarının asanlaşdırılmasına, vaxt və maliyyə itkisinin qarşısının alınmasına, komissiyaya gəlmədən və əlavə sənəd təqdim etmədən “şəxsi kabinet” vasitəsilə internet üzərindən qeydiyyatdan keçməklə test və müsahibələrdə iştirakına şərait yaratmışdır. Bundan başqa, “DQMK.NMR.AZ” mobil tətbiqi istifadəyə verilmişdir ki, vətəndaşlar mobil tətbiqi yükləməklə istənilən yerdən telefon vasitəsilə komissiyanın fəaliyyətini izləyə, xəbərlər, elanlar, müsabiqələr və imtahan nəticələri barədə ətraflı məlumat əldə edə bilirlər.
Bu gün vətəndaşların muxtar respublikada dövlət qulluğuna müsabiqə və şəffaflıq əsasında qəbulu üçün lazımi şərait mövcuddur. Komissiyanın yaradılması məşğulluq strategiyasının həyata keçirilməsinə öz müsbət töhfəsini vermişdir. Belə ki, komissiya tərəfindən indiyədək keçirilmiş 18 müsabiqədə 6086 namizəd iştirak etmiş, onlardan 1207-si müsabiqələri müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur. Komissiyanın keçirdiyi müsabiqələr nəticəsində məsləhətçi vəzifəsinə təyin olunmuş şəxslərdən bir qismi öz vəzifələrini uğurla yerinə yetirərək dövlət qulluğunda irəli çəkilmişdir.
Komissiya tərəfindən dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin test imtahanları keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, muxtar respublika Prokurorluğu, Dövlət Gömrük Komitəsi, Vergi, Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətlərində vakant vəzifələrin tutulması və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üçün keçirilmiş 43 müsabiqədə iştirak edən 2075 namizəddən 662-si test imtahanlarında müvafiq keçid balını toplamışdır. Bundan başqa, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında keçirilməsi prinsipi digər sahələrə də tətbiq edilmiş, 2018-ci ildən dövlət ümumi təhsil müəssisələrinə, 2019-cu ildən isə dövlət musiqi təhsili müəssislərinə, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə işə qəbul mərkəzləşdirilmiş qaydada, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın proqram təminatı vasitəsilə həyata keçirilmiş, test imtahanlarında 2035 nəfər iştirak etmişdir.
Dövlət orqanlarına metodiki köməklik də göstərilir və dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların dövlət qulluqçuları tərəfindən öyrənilməsi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilir. Hər il məhkəmə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün etik davranış qaydalarına riayət olunması, kargüzarlığın, dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması qaydaları və digər mövzularda keçirilən seminarlarda yüzlərlə inzibati vəzifə tutan dövlət qulluqçusu iştirak edir. “Səyyari dövlət qulluğu xidməti könüllülüyü” layihəsi çərçivəsində rayonlarda yaşayan, internet və informasiya kommunikasiya texnologiyalarından istifadə edə bilməyən və elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlara yaşadıqları yerlərdə səyyari xidmət göstərilir. Gənc dövlət qulluqçularını intellektual fəaliyyətə cəlb etmək, onlar arasında bilik və elmin nüfuzunu artırmaq məqsədi ilə intellektual oyunlar keçirilir.
Dövlət Qulluqçuları Reyestrinin məlumatlarına əsasən, muxtar respublikada ümumilikdə 2610 dövlət qulluqçusu fəaliyyət göstərir ki, onların 27 faizini gənclər, 24 faizini isə qadınlar təşkil edir.
Yuxarıda qeyd olunanlar, habelə keçirilən müsabiqələrdə iştirak edənlərin sayının ildən-ilə artması onu göstərir ki, bu sahədə həyata keçirilən dövlət siyasəti öz bəhrəsini verir və vətəndaşların, xüsusilə gənclərin dövlət qulluğuna, o cümlədən dövlət qulluğunun xüsusi növünə aid orqanlara marağı artır. Muxtar respublikada bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsi də öz intibah dövrünü yaşayır. Bütün uğurların təməlində isə ümummilli lider Heydər Əliyev yoluna sadiqlik və bu yolun uğurla davam etdirilməsi dayanır.
Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının günün tələblərinə uyğun fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaradılmış, dövlət qulluqçuları qayğı ilə əhatə olunmuş, öz fəaliyyəti ilə fərqlənənlər təltif edilmişlər. Bu gün dövlət qulluqçularının sosial müdafiəsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır, muxtar respublikanın şəhər və rayonlarında Gənclər şəhərcikləri və yeni yaşayış binaları inşa edilir. Bütün bunlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən dövlət qulluqçularına göstərilən qayğının və insan amilinə verilən dəyərin bariz nümunəsidir.
Göstərilən qayğının müqabilində hər bir dövlət qulluqçusu bundan sonra da səylə çalışmalı, muxtar respublikamızın inkişafı və tərəqqisinə öz töhfəsini verməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "...Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti