İşıq qaranlığın gözünə düşür, bilik danışır, müdriklik qulaq asır

A- A A+

Ey iblis, şərini artırma nahaq,

Zülmət çoxaldıqca, nurlanar çıraq.

Şərq fəlsəfi fikrində və bəşəri anlayışında, hər zaman  “Qurani Kərim”in Nur surəsindəki məlum ayəyə işarə ilə işıq, nur hər zaman bəşəriyyətin ümid yeri olubdur.    

Bəşəriyyətin Xeyir və Şər, cahillik və müdriklik, qaranlıq və aydınlıq konteksində işıq hər zaman aktual bir sözdür. Belə düşünmək olardı ki, söhbət ya cəmiyyətin, ya da hər hansı bir lokal ictimai mühitin "qaranlığından" - qaydasızlığından, dərdlərinin çoxluğundan və ona çarə tapmaq üçün balaca təşəbbüslərin, işıqlı aydınlığın yetərsizliyindən irəli gəlib. Bu, sosial kontekstdir.

Yaxud qloballaşma və qərbləşmə dövründə insanın öz milli varlığından, mədəni-mənəvi yuvasından ayrılmaq məcburiyyəti içdən və qədimlikdən gələn işığın azalmasına səbəb olur və qlobal Qərbin böyük qaranlıqlar kimi təqdimatı üçün də meydan açılır. Bu, artıq coğrafi-siyasi kontekstdir.

Burda işıqla aydınlığı eynilə alimlə, müdrik insanı dərk etməyin arasında incə xətt var.  Necə ki, alimlə (bilən) müdrik insanın (dərk edən) həyata baxışları və yanaşması fərqli olur. Müdriklik sadəcə yaşla və dünyagörüşü ilə əlaqədar məfhum deyil. Müdrik insan tək baxış bucağına sahib olmayan, bildiklərini səthi deyil, dərindən anlamağa çalışan, üzdə görünənə deyil, arxa plandakılara da nüfuz etməyi bacaran şəxsdir.

Alim olmaq dünənə görə daha asandır. İşıqlı görsənməklə aydın olmağın da fərqi bundadır. İnformasiya çağında yaşayırıq və qapılar biliyin üzünə taybatay açıqdır. İndi bilik bir “click” qədər bizə yaxındır. Burada alim sözündən qəsdim bilik sahibi olmaqdır, akademik fəaliyyətləri olan şəxslər nəzərdə tutulmur. Öz maraq dairəsi, peşəsi, ixtisası və s. üzrə dərinləşmiş və hər zaman özünü təkmilləşdirən insanlar da öz sahələri üzrə alim sayıla bilərlər.

Müdrik isə məlumatın çoxluğuna deyil, onların içərisindən anlayıb, işıqla aydınlığı seçə bilən bizə faydalı ola biləcəklərə fokuslaşmağı öyrədəndi. Müdrik insan üçün biliyin kəmiyyəti deyil, keyfiyyəti vacibdir.

Anlama səviyyəsi yüksək insanlar başqalarının baxıb, gözləri ilə görə bilmədiyini “ağılları” ilə görənlərdir. Onların dinləmə bacarığı da yüksəkdir. Sadəcə deyilənləri deyil, deyilməyənləri və deyilmək istəyənləri də eşidirlər. İşığı qaranlığın düz gözlərinə salmağı bacarırlar.

"Nurdan işıqlıdır zülmət cahanda", - deyən dahi, görünür, qaranlığın öz bətnində saxladığı, hələ doğulmamış böyük potensial imkandan bəhs edir. Müdriklikdən bəhs edir. İnsan da gecənin və qaranlığın davamı kimi təqdim olunur:

Ana bətninin gecəsindən

Dünyaya gəlir insan.

Bütün dirilişlər qaranlıqdan işığa doğru başlayır. Qaranlıqdan doğulur bütün işıqlar. İşıqla yox olur bütün qaranlıqlar. Lap elə 9 ay ana bətnində qaranlıqda gözləyən körpə kimi, gündüzün gecəylə qovuşması kimi...

Bu davam özündə həm gecəni, həm də gündüzü, işığı saxlayır. Lakin insanın gəldiyi dünya doğurdan da, işıqlıdırmı? Maraqlıdır. Bu dünyanın işığından, iç dünyasının  işığı – müdriklik işığı daha işıqlıdır.

...Ana təbiətin işığımı azalır,

Yoxsa içimdəki işıq

ona kölgəmi salır?! –

Deyə bilmərəm, ancaq

işığım artdıqca

bu fani dünya sanki qaralır...

Bu "Yalnız işıq vardır, qaranlıq işığın yoxluğudur"deyimini xatırladır deyilmi?  Eyni zamanda dünyanın məhz yoxluqdan var olması fikri təkcə fəlsəfədən və dindən gəlmir; müasir fizika da yoxluğun varlığa, virtual zərrələrin real zərrələrə çevrilməsindən bəhs edir. Bəli, indiki fizika artıq lirika səviyyəsinə çatıbdır.

Lakin fizika nə qədər dərinə getsə də, "qaranlığın işığı" ideyasına ancaq indi-indi yan alır. Müdriklər isə əksliklər arasında dərin daxili əlaqəni, görünür, fəhmlə duyurlar.

Bəs müdrikliyə çatmaq üçün nə etməliyik?

“– Bilirsənmi, dostum…Müdrikliyə çatmağın yollarını tapmaq üçün əvvəlcə müdrikliyin nə olduğunu dərk etmək lazımdır. Müdriklik, sadəcə, yaşla və dünyagörüşü ilə əlaqədar məfhum deyil. Müdriklik, səhvdən sığortalanmaq və ya hər şeydə mütləq haqlı olmaq mənasına gəlmir. Müdriklik Nizaminin və Sədinin əsərlərində təsvir olunan nurani qoca obrazları da deyil. Müdriklik çatılası mənzil deyil, öyrənmək və dərk etmək yolunda atılan gündəlik addımların, büdrəmələrin və yenidən ayağa qalxıb yola düzəlməyin özüdür. Müdriklik, sadəcə, düz addımlarla ölçülmür, o atılan çoxsaylı səhv addımları düz addımlara çevirmək bacarığıdır”

İçimizdəki zülmət ilahi qüdrət, nurlanma, ilahi ilham sayəsində hər an işıqlana bilər və onun heç də bir boşluq olmadığı, nə qədər böyük bir yük daşıdığı üzə çıxar.

"Dünyanın nizamı" - işıqdır. Qaranlıq isə hələ nizamlanmamış, qaydaya salınmamış, deməli, yaradılmamış dünyadır. Əvvəlcə dünya yaradılır, yəni xaos nizamlanır, qaranlıqlar işıqlanır. Sonra bu qaydanı, bu nizamı, bu işığı bilik kimi, konsept kimi özündə saxlayan insan yaranır.

"Qaranlıq" üçün trivial izah, əlbəttə, poetik izahdır: gecənin qaranlığını aradan götürmək üçün Günəş gərəkdir,  bu qatı zülməti əritməyə ancaq  müdrik işğın gücü çatar.

Edit Varton deyir: “İşığı yaymağın iki yolu var: Ya şam olmaq, ya da şamın işığını əks etdirən bir ayna olmaq.” Mənsə dəcəl uşaqlardakı kimi, kamil olmayan müdrikliklə deyirəm ki, gəlin şam təki yandığımız işığı aynalarla qaranlığın gözünə tutaq. Çünki qaranlıq  mahiyətcə yoxdur!  

Ruhəngiz Əliyeva

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, 

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: