Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi üçün iyunun 26-dan etibarən Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində (Ünvan: Bakı şəhəri, R.Behbudov küçəsi 130) səyyar xidmət göstəriləcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, bunun üçün DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə 012 590-64-43 telefon nömrəsinə hər gün saat 9:00-dan 19:00-dək zəng edərək, əvvəlcədən qeydiyyatdan keçməklə razılaşdırılmış vaxtda qəbul üçün xüsusi nömrə əldə olunmalıdır.
Xüsusi nömrələrə əsasən vətəndaşların qəbulu növbəli qaydada xüsusi karantin rejimi tələbləri rəhbər tutulmaqla həyata keçiriləcək.
Bu baxımdan vətəndaşlardan xahiş olunur ki, yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə müvafiq SMS məlumat göndərməklə icazə verilən müddət ərzində DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə gəlsinlər.
İnzibati binaya buraxılış sosial məsafə gözləmək şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi tələb olunmaqla təmin ediləcək.