Muxtar respublikada buraxılış imtahanlarının nəzarətçi müəllimləri ilə seminar keçirilir - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin birgə təşkilatçılığı ilə buraxılış imtahanlarında iştirak edəcək nəzarətçi müəllimlərlə maarifləndirici seminarlara start verilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,  onlayn qaydada keçirilən seminarlarda muxtar respublika üzrə gün ərzində müxtəlif saatlarda olmaqla ümumilikdə 419 nəzarətçi müəllim iştirak edir. Mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulan seminarda Naxçıvan şəhərinin, Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonunun əhatə etdiyi ümumtəhsil məktəblərinin nəzarətçi müəllimləri iştirak edirlər. 

Seminarın keçirilməsində əsas məqsəd imtahanda iştirak edəcək nəzarətçi müəllimlərə imtahan təlimatına tam uyğun olaraq protokolların doğru-düzgün aktlaşdırılması, abituriyentlərin təlimata uyğun yerləşdirilməsi və imtahan prosesində qəbul olunmuş digər qaydaların aşılanmasından ibarətdir. 

Seminarda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri Rəşad Əlizadə qeyd edib ki, artıq imtahan keçiriləcək məktəblər müəyyənləşdirilib. İmtahanların 27 məktəbdə keçirilməsi nəzərdə tutulduğu üçün əlavə nəzarətçi bazaya ehtiyac yaranıb. Bu seminarı təşkil etməklə biz ilk dəfə imtahanlarda iştirak edəcək nəzarətçi müəllimləri də maarifləndirmiş olacağıq.  

Seminarda çıxış edən Dövlət İmtahan Mərkəzinin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin müdiri Sabir Məmmədov bildirib ki, təlimatda abituriyentin zala daxil olmasından tərk edənəcən təlimati normativlər əks olunub ki, həmin təlimatlara uyğun olaraq proseslərin izlənməsi və protokollaşdırılması nəzarətçi müəllimlər tərəfindən həyata keçirilir. Həmin protokollaşmanın təlimata uyğun qaydada həyata keçirilməsi vacibdir.

Həmçinin bildirilib ki, muxtar respublika şəhər və rayon Təhsil şöbələri tərəfindən imtahandan iki gün öncə nəzarətçi müəllimlərə vəsiqələr və imtahan təlimatı təqdim ediləcək ki, imtahanadək müəllimlər həmin təlimatla ətraflı tanış olacaqlar. Digər proseslər isə imtahanın gedişatında qrafikə uyğun olaraq həyata keçiriləcəkdir. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: