Vüqar Rəhimzadə: Bəzilərinin məsuliyyətsizliyi karantin qaydalarının daha da sərtləşdirilməsini zərurətə çevirir
Dünyanı bürüyən, bəzi ölkələrdə ikinci dalğası başlayan koronavirus (COVID-19) pandemiyasına qarşı Azərbaycanda mübarizə tədbirləri həyata keçirildiyi andan ilk çağırış vətəndaş məsuliyyətinin artırılması, özünütəcrid qaydalarına düzgün riayət olunması, ən əsası, adi gigiyena tələblərinə əməl etməklə virusa qalib gəlməyin mümkünlüyü barədə olub. Amma sual olunur: bu çağırışa lazımi səviyyədə əməl edə bilirikmi? Mübarizə tədbirlərinə başlayarkən iki seçim qarşısında qalan dövlətimiz insanların sağlamlığının təminatını daha vacib hesab edərək karantin rejiminin tətbiqini məqsədəuyğun bildi. Sərt karantin qaydalarının tətbiqi şəraitində yoluxma hallarında artımın müşahidə olunmaması rejimin yumşaldılmasını şərtləndirdi. May ayından etibarən tətbiq edilən bu yumşalmalar vətəndaş məsuliyyətinin azalması fonunda virusa yoluxma hallarının artması ilə müşayiət olundu. Bu yumşalmaları koronavirusun yoxa çıxması kimi qəbul edən əksər vətəndaşlarımız adi qaydalara riayət etməkdən imtina ilə həm özlərinin, həm də ətraflarındakı insanların yoluxma riskinin artmasına səbəb oldular.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə jurnalistlərə açıqlamasında bildirib.
V.Rəhimzadə vurğulayıb ki, yoluxma hallarının artması cərimələrin tətbiqinə yol açdı: “Amma sual olunur: hər bir insanın sağlamlığının təminatında məsuliyyət daha çox rol oynaya bilər, yoxsa cərimələr? Bir vətəndaş olaraq bu sualı səsləndirməyi ona görə özümə borc bilirəm ki, hər bir insanın ən böyük sərvəti onun sağlamlığıdır. Bu sərvəti qorumaq, sağlamlığımızın qayğısına qalmaq üçün məsuliyyətli olmaq, özünü sevməklə yanaşı, ətrafdakıları da sevmək, həyatın bizlərə bəxş etdiyi ömrü xoş ovqatla yaşamaq bu qədərmi çətindir? Səhiyyəmizin inkişaf etdiyi, yeni texnologiyaların müasir həyatımıza yol açdığı bir dövrdə hər kəs özünə diqqət göstərməklə, eyni zamanda, ətrafdakılarda xoş ovqat yaratmaq imkanındadır. Koronavirus pandemiyası bizlərin qarşısına bu tələbi qoydu, bizlərə məsuliyyət hissini artırmaq, sağlamlığımızın qorunması çağırışını etdi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizin tətbiq etdiyi özünütəcrid təcrübəsi beynəlxalq səviyyədə təqdir olunur, əksər dövlətlər bundan yararlanaraq, özlərini bu bəladan xilas etmək üçün səylər göstərirlər”.
“Daim qeyd etdiyimiz kimi, hər bir məsələnin həlli onun mahiyyətinin düzgün dərk olunmasından, maarifləndirmə işinin lazımi səviyyədə həyata keçirilməsindən asılıdır” - söyləyən V.Rəhimzadə bildirib ki, koronavirusla mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Amma bir vətəndaş olaraq həkimlərə dəstək olmaq, onların, müalicəsi hələ də “sirli dünyaya” bənzəyən belə bir xəstəliklə qarşı-qarşıya qalmamalarına adi gigiyenik tələblərə riayət etməklə kömək göstərmək bizlər üçün bu qədər çətindirmi? Hansısa vətəndaşın məsuliyyətsizliyi üzündən koronavirusa yoluxması, özünütəcrid qaydalarına riayət etməyərək başqalarını da bu virusun cənginə salması həkimləri ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda xidmət göstərməsinə, son nəticədə isə sağlamlığımızın keşikçilərinin də bu dəhşətli xəstəliyə yoluxmalarına səbəb olur. Burada öz məsuliyyətsizliyimizlə belə bir vəziyyətə şərait yaratdığımız halda vətəndaş məsuliyyətindən və təəssübkeşliyindən danışmağa haqqımız varmı?
Baş redaktor bildirib ki, informasiya bolluğu şəraitində hər kəs bu virusun yaratdığı və yarada biləcəyi fəsadlar barədə dolğun məlumatlar əldə edərək, bundan nəticə çıxarmaq imkanındadır. Yalnız məsuliyyət hissini artırmaqla, nizam-intizam qaydalarına yüksək səviyyədə əməl etməklə, birliyimizi möhkəmləndirməklə koronavirusa qalib gəlib əvvəlki normal həyatımıza qayıdıb xoş əhval-ruhiyyə ilə irəliyə doğru inamla addımlaya bilərik. Təbii ki, təkrar-təkrar qeyd etməyə məcburuq: məsuliyyət hissimizi artırmaqla, sosial məsafə anlayışının mahiyyətini düzgün dəyərləndirməklə özümüzü və ətrafdakıları bu bəladan xilas edə bilərik.
V.Rəhimzadə mübarizə tədbirlərinə başlandığı gündən atılan addımların xronologiyasına diqqət yönəldərək bildirib ki, sərt karantin rejiminin tətbiqi şəraitində bağçaların, təhsil müəssisələrinin bağlanması, eyni zamanda, yaşı 65-dən yuxarı olan vətəndaşlara diqqət və qayğının ifadəsi olaraq onların evdən çıxmamalarına çağırışların edilməsi və karantin qaydalarında öz əksini tapması, gələcəyimiz olan gənclərimizin yeni texnologiyaların yaratdığı imkanlardan səmərəli istifadə etməklə öz biliklərini distant təhsil əsasında zənginləşdirmələri və sair addımlar qarşıdakı mərhələlərdə müsbət dinamikaya yol açsa da, son vaxtlarda arxayınlıq hissinin yaranması, koronavirusun yoxa çıxması kimi yanlış düşüncələrin formalaşması, hətta belə bir xəstəliyin mövcudluğuna inamsızlıq vəziyyəti daha da ağırlaşdırır. Günbəgün yoluxma hallarında müşahidə olunan artım hər bir vətəndaş üçün həyəcan təbili olmadıdır. Gəlin unutmayaq ki, məsuliyyətsizliyimiz bu gün də olmasa, sabah bu virusa yoluxmağımızı qaçılmaz edir. Çünki COVID-19-a münasibətdə bir nəfərin məsuliyyətsizliyi onlarla günahsız insanın bu dəhşətli xəstəliyə yoluxmasının baş verməsi deməkdir. Unutmamalıyıq ki, hər bir xəstəliyin qarşısının alınmasında əsas amil qabaqlayıcı tədbirlərin düzgün həyata keçirilməsidir. Tələb olunan qaydalar sadə, eyni zamanda, hər birimizin sağlamlığı üçün gərəklidir: əllərimizi düzgün yuyaq, sağlamlığımızı qoruyaq, tibbi maskalardan istifadə etməyi unutmayaq, sosial məsafəni gözləməklə həm özümüzü, həm də ətrafdakı insanları qoruyaq. Nəzərə alaq ki, insanların səmimiyyəti, xeyirxahlığı, mərhəməti, ən əsası, bir-birinə olan diqqəti və sevgisi məsafə ilə ölçülmür. Məsafəni gözləməklə, özünütəcrid qaydalarına riayət etməklə, məsuliyyətimizi artırmaqla həm özümüzü qoruyub sabaha inamla addımlayar, həm də ətrafımızdakıları, doğmalarımızı qoruyar, dövlətimizə, xalqımıza bu bəladan az itki ilə çıxmaqda dəstək olarıq. Gəlin, bir daha düşünək, daşınaq, karantin qaydalarının daha da sərtləşdirilməsini, cərimələrin məbləğinin artırılmasını zərurətə çevirməyək.