Gömrük orqanları tərəfindən saxlanılan mallar “N” saylı hərbi hissəyə təhvil verilib - FOTOLAR
Naxçıvan Muxtar respublikası Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru Rahil Tahirlinin NUHÇIXAN-a verdiyi məlumata görə gömrük sərhəd buraxılış məntəqələrində saxlanılan 4 ədəd paltaryuyan, 3 ədəd qabyuyan maşın, 3 ədəd televizor, 3 ədəd tikiş maşını, 2 ədəd qaz sobası, 1 ədəd stolüstü qaz piltəsi, 1 ədəd mikrodalğalı soba və 2485 kq alçı kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə aktlaşdırılaraq Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsinə təhvil verilib.
Hərbi hissənin zabiti, mayor Natiq Mikayılov göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib. Zabit ordumuzun təchizatının ən yüksək səviyyədə olduğunu, bu cür tədbirlərin isə şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratdığını vurğulayıb.
Qeyd edək ki, bu addım gömrük orqanları tərəfindən daxili bazarın qorunması və gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə tədbirlərinin davamıdır. Bu tədbirlərə uyğun olaraq ayrı-ayrı vətəndaşlar tərəfindən müvafiq müşayiət sənədləri olmadan gətirilən və ya daxili bazarın qorunması məqsədilə saxlanılan, həmçinin müvəqqəti saxlanc müddəti bitən mallar gömrük orqanları tərəfindən vaxtaşırı olaraq bir sıra qapalı müəssisələrə, o cümlədən hərbi hissələrə təhvil verilir.