145-in KADRARXASI – Qafar Qərib - FOTOLAR

A- A A+

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir. Bu münasibətlə NUHÇIXAN İnformasiya Agentliyi “KADRARXASI” rubrikasını öz izləyicilərinə təqdim edir. Bu rubrikada əsasən həyatını milli mətbuat və teleradionun inkişafına həsr etmiş, lakin çoxlarımızın yaxından tanımadığı, öz işlərini daha çox kadr arxasında görən media fədailəri gündəmə gətirilir.

 Beləliklə “KADRARXASInda bu dəfə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Nuh yurdu” qəzetinin redaktoru, şair-publisist Qafar Qərib var.

 Qısa təqdimat:

Qənbərov Qafar Tahar oğlu 1976-cı ildə Babək rayonunun Güznüt kəndində anadan olub.

1993-cü ildə Çeşməbasar kənd orta məktəbini bitirib.

1999-ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsini bitirib

1999-cu ildən AYB-nin üzvüdür.

2000-ci ildə Prezident təqaüdünə layiq görülüb.

2014-cü ildə “Tərəqqi” medalı ilə təltif olunub.

– 8 kitab müəllifidir.

2009-cu ildən Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı olan “Nuh yurdu” qəzetinin redaktorudur

Ailəlidir, 3 qız övladı var

Hər bir insan orta məktəb illərindən qarşısına bir məqsəd qoyur –gələcəkdə nə olacağam deyə. Müəllim, həkim, mühəndis, geoloq və s. Onun uşaq yaşlarından jurnalistikaya böyük marağı olub. Orta məktəbi bitirdikdən sonra iki il ali məktəbə sənəd versə də, təkcə jurnalistika ixtisasını seçib. O vaxt bu ixtisas təkcə Bakı Dövlət Universitetində olduğundan və yerlərin məhdud olması səbəbindən oraya daxil olmaq müşkül olub. Əslində başqa ixtisaslar üzrə təhsil almaq imkanı olsa da o, jurnalistika ixtisası üzrə təhsil almaq arzusundan əl çəkmir. Əməkdar elm xadimi, mərhum ziyalı Hüseyn Həşimlinin tövsiyəsi ilə 1995-ci ildə Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat ixtisasına daxil olur. Gəncənin havası ona düşmədiyindən 2 ay sonra Naxçıvan Dövlət Universitetinə köçürülür. 1999-cu ildə ali məktəbi bitirib ilk əmək fəaliyyətinə Güznüt kənd orta məktəbində müəllim olaraq başlayır. 2000-ci ildən pedaqoji fəaliyyətini Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbində davam etdirsə də, qəlbindəki yaradıcılıq istəyi “niyyətin hara, mənzilin ora...” ifadəsində özünü doğruldur. Müəllim olaraq fəaliyyət göstərsə də, mütəmadi olaraq qəzetlərdə şeir və məqalələri ilə çıxış edir. 2000-ci ilin sonlarından başlayaraq paralel olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Ədəbi-bədii verilişlər redaksiyasında redaktor olaraq çalışır.

2005-ci ildə AMEA Naxçıvan Bölməsində yaradılan “Tusi” nəşriyyatına baş redaktor kimi dəvət olunan Qafar Qərib 2006-cı ildə nəşriyyatın direktoru təyin edilir. O, uzun illər bu nəşriyyatda işıq üzü görən “Xəbərlər” jurnalının və digər elmi nəşrlərin yüksək səviyyədə çapına nail olur. Əslində elə “Tusi” nəşriyyatında çalışdığı dövrdən başlayır “Nuh yurdu” qəzeti ilə yaradıcılıq əlaqələri. Ədəbi mövzularda yazdığı maraqlı məqalələri və şeirləri vaxtaşırı qəzetin səhifələrində işıq üzü görür.

Həyat elə gətirir ki, dörd il “Tusi” nəşriyyatında çalışdıqdan sonra – 2009-cu ildə həmçinin “Nuh yurdu” qəzetinin redaktoru vəzifəsi ona həvalə edilir. Doqquz il hər iki işin öhdəsindən uğurla gələn Qafar müəllim 2018-ci ildən həyatını yalnız “Nuh yurdu” qəzetinə bağlayır. Artıq on bir ildir ki, redaktor kimi adında böyük bir məna yaşadan bu mətbu orqanın yükünü çiyinlərində daşıyır. Çalışır ki, qəzet Nuh yurdunun bu gününə, keçmişinə, mədəniyyətinə, ictimai-siyası həyatına işıq tuta bilsin.

“Qəzetimizin ilk nömrəsi 1996-cı il 5 aprel tarixində Azərbaycanın Respublikasının Əməkdar jurnalisti Afət Məmmədovun rəhbərliyi ilə nəşr olunub. “Nuh yurdu” qəzetinin muxtar respublikada ilk dəfə rəngli formatda işıq üzü görməsi qəzetin ilk uğuru olub. Ayrı-ayrı dövrlərdə qəzetə Sarvan İbrahimov, Surə Seyid, Ceyhun Zərbəliyev, İsmayıl Gülməmmədov rəhbərlik edib”

Özündə qədim və şanlı tarixinin izlərini yaşadan Naxçıvan şəhərində, Nuhun yurdunda aparılan genişmiqyaslı inkişafı, quruculuq sahəsində görülən işləri işıqlandırmaq, Naxçıvan ziyalılarını, söz-sənət adamlarını oxuculara tanıtmaq məramı ilə nəşrə başlayan qəzet bu gün də bu müqəddəs missiyanı davam etdirir, öz dəsti-xətti, yazı üslubu ilə seçilir və oxunur. 2010-cu ildə Naxçıvan şəhərində müasir tələblərə cavab verən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin fəaliyyətə başlaması qəzetin də fəaliyyətinə ciddi təsir edib. Qəzet tam gücü ilə ayda dörd dəfə işıq üzü görür.

“Nuh Yurdu” qəzeti paytaxt Naxçıvanın həyatını, inkişafını işıqlandırır. Operativliyi əsas meyar kimi götürən qəzet məqam olur ki, həftədə 2-3 dəfə nəşr olunur. Şair-publisist Qafar Qərib qəzetin redaktoru olaraq 6 nəfərlik bir kollektivlə çalışdığı redaksiyada gündəlik iş prosesini əvvəldən hazırlanmış plan əsasında qurur, maarifləndirici yazılara, milli-mənəvi dəyərlər və vətənpərvərlik mövzularında yazılmış məqalələrə geniş yer verən qəzetin səhifələrində dərc ediləcək yazıları dəfələrlə süzgəcdən keçirdikdən sonra çapa təqdim edir. Qəzetin işıq üzü görən hər buraxılışında onunla birgə çalışan hər bir əməkdaşın da alın təri var.

Qafar müəllim redaktoru olduğu qəzetdə gənc və yeni imzaların görünməsinə diqqət göstərir, gənclərə, onların ideyalarına böyük önəm verir. Onları qəzetlə əməkdaşlığa dəvət edir və yaxşı jurnalistin məhz qəzet redaksiyalarında yetişdiyinə inanır.

“Qəzet jurnalistdən daha böyük məsuliyyət, bacarıq, qabiliyyət, savad tələb edir. Qəzet jurnalisti daha peşəkar olmalı, işində səhvə yol verməməlidir. Unutmaq olmaz ki, bu günün qəzeti həm də yüz il sonranın arxividir. Jurnalist qəzet səhifələrində işıq üzü görən hər bir yazıya, durğu işarəsinə, hər bir sözə görə məsuliyyət daşıyır. Bunun üçün də çalışırıq ki, qəzetin nüfuzunu qoruyub saxlaya bilək”.

Qafar müəllim deyir ki, bu, bir həqiqətdir ki, qəzetdə yetişən jurnalist daha peşəkar olur. Bu mənada qəzet bu illər ərzində bizi də yetişdirdi. Amma bizdən sonra da gənc kadrlar yetişməli, milli mətbuatımızın ənənələri yaşamalıdır. Qəzeti, qəzetçiliyi tələbə-jurnalistlərə də sevdirməyə çalışırıq. Bu gün muxtar respublikamızda gənc jurnalistlər yetişirsə, imzaları tanınırsa, deməli, jurnalistikamızın gələcəyi var. Bu mənada, bizim bir işimiz də gənc jurnalistlərin yetişməsinə, onların inkişafına kömək etməkdir.

Bu gün “Nuh yurdu”qəzeti həm də sosial şəbəkələr vasitəsilə oxuculara təqdim edilir. Qəzetin Facebook, İnstagram səhifəsi və “Nuh yurdu qezeti” qrupu yaradılıb ki, oradakı məqalələrin ayrı-ayrılıqda paylaşımı da ictimaiyyətdə böyük maraq doğurur. Beləliklə, minlərlə oxucu həm də sosial şəbəkələrdən “Nuh yurdu” qəzetini oxuya bilir. Bu isə redaksiya heyəti üçün böyük uğurdur.

O, xaraktercə sakit, əqidəcə möhkəm, dostluqda sədaqətli, işində dəqiq, məsuliyyətli insandır. Çoxları bəlkə də sima olaraq onu tanımır, amma imzasını tanıyır.

Şəxsiyyət, sənət və peşə ayrı-ayrı məfhumlardır. İnsan o zaman özünü xoşbəxt hiss edir ki, sənəti, peşəsi və şəxsiyyəti bir-birini tamamlayır. Bu mənada, Qafar Qərib də o xoşbəxt insanlardandır ki , sənəti, peşəsi və şəxsiyyəti həmahəngidir. Hələ orta məktəbdə oxuduğu  illərində (1992) qəzetdə nəşr olunan ilk şeiri onu həm ədəbi aləmə, həm də mətbuata gətirdi. Görünür yazıb-yaratmaq onun gələcək peşə fəaliyyətində kim olacağına təyinat idi. O illərdir həm şair, həm də jurnalist kimi üzərinə düşən işin öhdəsindən layiqincə gələn, hər iki sahədə bir çox uğurlar qazanan qələm sahibidir.

1999-cu ildə - 23 yaşında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib. 2000-ci ildə Prezident təqaüdünə layiq görülüb. Son iyirmi ildə keçirilən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Azərbaycanlılarının bütün qurultaylarının iştirakçısı olub. Dəfələrlə hər iki sahədə - həm ədəbi, həm də publisistika sahəsində onlarla mükafat, diplom və fəxri fərmanlar alıb. Milli mətbuatın 140 illiyi münasibətilə “Tərəqqi” medalı ilə təltif olunub. O, 2019-cu ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə şurasının üzvüdür.

Bu gün muxtar respublikamızda işıq üzü görən mətbuat orqanları, eləcə də onun redaktor olduğu “Nuh yurdu” qəzeti milli mətbuatımızın ilk qaranquşu olan “Əkinçi”nin davamçılarıdır. “Mətbuat həyatın güzgüsüdür” – deyirlər. Təsadüfi deyil ki, milli mətbuatımızın cəfakeşi Həsən bəy Zərdabi də vaxtı ilə yazırdı: “Hər bir qəzet o vilayətin aynası olmalıdır”. Bu mənada, 25 ilə yaxındır ki, nəşr olunan “Nuh yurdu” qəzeti də qədim və həmişəcavan şəhərimizin tarixinə, bugünkü inkişafına güzgü tutur. Bu illər ərzində bu mətbuat orqanının yükünü çiyinlərində daşıyan qələm sahiblərindən biri olan şair-publisist Qafar Qərib də mətbuat sahəsində fəaliyyət göstərdiyi ilk dövrlərdən, Cəlil Məmmədquluzadənin təbiri ilə desək, “qələminin müqəddəs vəzifəsini xalqa xidmət etmək”də görüb.

Səkkiz kitabın müəllifi olan şair kimi də onun yaradıcılığında vətənə, torpağa olan bağlılıq özünü qabarıq şəkildə göstərir . Xalq şairi Söhrab Tahir onun poeziyasını “təvazökar poeziya” adlandırıb. Jurnalistika onun üçün sevdiyi peşə, bağlandığı bir sahədirsə, şairlik damarında axan qandır. Onun yazdığı şeirlərin heç biri oxucunu yormur. “Gözlərsən məni”, “Gözümə döydüyüm şəkil”, “İçimizdəki qəhrəman”, “Dünya üç bucaq imiş”, “İki qapı arasında”, “Qədim-yeni Naxçıvanım” və s. kitabların, hekayə, esse, pritça, xatirə və məqalələrin müəllifi olan Qafar Qərib 30 ildən artıqdır ki, yazıb yaradır.

“KADRARXASI”nın budəfəki qəhrəmanına həsr etdiyimiz yazını, elə onun bu misraları ilə bitirmək istəyirik:

 İnsan nə don geyir, olur.

 Hər bir işdə xeyir olur.

 Dönüb sözə şeir olur

 Bu dünyaya baxışlarım.

 

 Könül, bu can Haqqa ödək,

 Gəl səninlə yola gedək!

 Yollar uzun, ömür gödək,

 Hələ çoxdur yoxuşlarım...

Bu yoxuşlarda, ümumiyyətlə, bu həyat yollarında Qafar Qəribə yeni-yeni uğurlar, can sağlığı və xoşbəxtlik arzulayırıq!

 Türkanə Əmoyeva

 NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: