Son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “haqqin.az”, “virtualaz.orq”, “hit.az” və digər internet informasiya saytlarında “Ellada Kərimova MTN polkovnikinin köməyi ilə ölkədən qaçdı. “Mandarin Travel” turizm agentliyinin direktoru Ellada Kərimova böyük dələduzluqda günahlandırılsa da, keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməyi sayəsində ölkədən qaça bilib” başlığı altında məqalələr yayılıb.
NUHÇIXAN İnformasiya Agentliyi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi saytına istinadən bildirir ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin “polkovnik Ofeliya Əbilhəsən qızı Mahmudova” adlı əməkdaşı olmayıb:
"Kütləvi informasiya vasitələrindən sensasiya naminə həqiqətə uyğun olmayan, yoxlanılmamış, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən və əvvəllər təhlükəsizlik orqanlarında şərəflə və vicdanla xidmət etmiş əməkdaşların zabit nüfuzuna xələl gətirən informasiyaların yayılmasına yol verilməməsi xahiş olunur, bu xarakterli məlumatların yayılmasının davam etdirməsinin məsuliyyət yarada biləcəyi onların diqqətinə çatdırılır".