İsti yayın sərin təamları - FOTOLAR
Hələ qədim zamanlardan xalqımızın sahib olduğu zəngin süfrə mədəniyyəti yurdumuza gələn qonaqlarda böyük maraq doğurub. Dünyanın əksər ölkələrində mətbəx, süfrə, kulinariya anlayışları tam formalaşmamışkən Azərbaycan mətbəxi ləzzətli, üstəlik çoxsaylı yemək növləri ilə tanınıbdır.
Azərbaycan kulinariyasında bütün bölgələrimizin özünəməxsus yeməkləri, bir-birindən ləzzətli naz-nemətləri var.
Muxtar respublikamız da mətbəxinin zənginliyinə, özünəməxsusluğuna, heyrətamiz dadına görə ad-san qazanıb. Bu mətbəxdə yer alan saysız-hesabsız yeməkləri, şirniyyatları, çərəzləri, mürəbbələri, şərbətləri sadalamaqla bitməz.
Bu torpaqda bitən hər şey sanki xüsusidir, təkrarsızdır. Meyvə, tərəvəz, göy-göyərti hər yerdə bitsə də, bu yurdda yetişdirilən məhsullar digərlərindən seçilir. Həmin məhsullardan hazırlanan yeməklər isə daha ləzzətli olur.
Hər mövsümə uyğun olaraq fərqli-fərqli yeməklər bişirilir. Təbii məhsullarla zəngin olan süfrələrimizdə hər nemətin öz yeri, öz dadı var.
Yay süfrələrimizi süd məhsullarından hazırlanan nemətlərsiz təsəvvür etmək olmaz. Süd və süd məhsullarından hazırlanan təamlar süfrələrdə yaz-yay aylarında daha çox görünür. Südaşı, bulama, qatıqaşı, qatıqlama, dovğa, ayranaşı kimi nemətlər insan orqanizminə çox faydalı olmaqla bərabər həm də yay aylarında sərinləşdirici kimi də istifadə edilir.
Qatıq yeməkləri dədə-babadan süfrələrimizin ləziz yeməyi sayılıb. Yay süfrələrini qatıqsız təsəvvür etmək olmaz. Qatıqdan hazırlanan məhsullar yay boyu süfrələrimizi bəzəyir.
Yay aylarının ən dadlı və sərin yeməyi qatıqdan hazırlanan ovduqdur. Böyükdən-kiçiyə hər kəsin sevdiyi bu yeməyi hazırlamaq üçün qatığın içərisinə duz atılıb açılana qədər çalınır. Pencərlərdən keşniş, şüyüd, göy soğan, azca sarımsaq balaca-balaca doğranır, üzərinə xiyar çırtılır. Bunlar çalınmış qatığın içərisinə əlavə olunur. Azacıq su tökülür. Sərinləşdirici yemək kimi yeyilir. Ovduqdan çox vaxt qəlyanaltı yeməyi kimi də istifadə olunur.
Yayın ən çox yeyilən sərin yeməklərdən biri də qatıqla pərpərən qarışığıdır. Qatığın içərisinə bişmiş pərpərən otu qatılır. Zövqə görə pencər də əlavə olunur. Bu yemək həm də allergiyası olanlar üçün ən ideal dərmandır.
Qatıqdan ən çox dovğa bişirilir. Əsasən isti yeməklərin yanında sərinləşdirici yemək kimi verilən dovğa hazırlamaq üçün götürülən qatıq azacıq un və yumurta ilə çalınır. Düyü və pencər ayrı qaynadılır. Normal temperaturda olan qarışım əvvəlcədən hazırlanmış qatığın içərisinə tökülür. Taxta qaşıqla qarışdırılır. Dovğanın dadlı olması üçün bişməsinə az qalmış içərisinə xama əlavə olunur, soyuyanda zövqə görə duz vurulur. Dovğa hazırlayan zaman dağ və həyət pencərlərindən istifadə olunur.
Yay fəslində ən çox yeyilən yeməklər sırasında olan qatıqaşını hazırlamaq üçün yarma və yaxud düyü suya tökülür, üzərinə yuyulub doğranmış göyərti əlavə edilib qaynadılır. (göyərti quru olduqda əvvəlcədən isladılır, təzə göyərtilər isə düyü qaynadıqdan sonra əlavə edilir). Bişdikdən sonra soyudulur, qatıq çalınıb durulaşdırılır və soyumuş qarışığın üzərinə tökülür, zövqə görə azacıq duz vurulur və qarışdırılır. (bəzi bölgələrdə bişirilmiş noxud da əlavə edilir). Göyərti kimi yabanı bitkilər (pencər) - unnuca, əməköməci, gicitkən, salmanca, mədəni bitkilər - yarpız, ispanaq, keşniş, adi çuğundurun yaşıl yarpaqları qatıqaşında istifadə edilir. Bəzi kəndlərdə qatıqaşına tərxun, əvəlik, çobankibriti də qatırlar.
Siz də mətbəxinizdə bu yeməklərdən istifadə edin ki, bədəniniz möhkəm, üzünüz təravətli, canınız sağlam və ən əsası isti yay günlərində “ürəyiniz” sərin olsun.
Səriyyə Salahova
“Arazın səsi”qəzeti