İsti yay günlərində vətəndaşların istirahətinin səmərəli təşkili üçün müvafiq tədbirlər görülür, yeni xidmət sahələri və istirahət mərkəzləri istifadəyə verilir. Belə istirahət yerlərindən biri də Uzunoba Su Anbarında yaradılan çimərlikdir.
İyun ayının 15-dən etibarən Naxçıvanda çimərlik mövsümünə start verilib. Bu məqsədlə Naxçıvan şəhər çimərliyi ərazisində təmizlik işləri görülüb, insanların istirahəti üçün lazımi şərait yaradılıb.
Böyüklər və uşaqlar üçün nəzərdə tutulan çimərlik iki hissədən ibarətdir və hər iki sahədə suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub. Çimərlik istirahət zonasında su və digər idman növləri üzrə yarışların, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi üçün şərait yaradılıb.
Çimərlik istirahət zonasında insanların təhlükəsizliyi və sağlamlığı da nəzərə alınıb. Bunun üçün çimərlikdə müşahidə qülləsi yaradılıb, əraziyə xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulub. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Sularda xilasetmə bölməsi xilasedici qayıqlarda 5 xilasedici və 1 həkimlə gündəlik xidmət aparır. Xidmət zamanı sahildəki müşahidə qülləsindən ətrafa davamlı nəzarət olunur, hər hansı qayda pozuntusu qeydə alınarsa, səsgücləndirici qurğu vasitəsilə xəbərdarlıq edilir.
Bədbəxt hadisələrin baş verməməsi və belə halların qarşısının alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi vətəndaşlarımıza aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir:
- çimərlik üçün ayrılmış və xüsusi avadanlıqlarla təchiz edilmiş yerlərdən başqa, qadağan edilmiş yerlərdə suya girmək olmaz;
- qadağanedici nişanlarla işarələnmiş sahədən kənara çıxmaq olmaz;
- küləkli və yağışlı havalarda suya girmək olmaz;
- çimərlik ərazisində uşaqları nəzarətsiz qoymaq olmaz;
- 13 yaşına çatmamış uşaqların nəzarətsiz suya girməsi qadağandır;
- çimərlik ərazisini və suyun dibini müxtəlif cisimlərlə (şüşə, konserv bankaları, plastik kütlə və ərzaq tullantıları və sair) zibilləmək olmaz;
- xilasedicilərin çağırış və tələblərinə riayət etməmək, suda kobud hərəkətlərə, yersiz zarafatlara yol vermək olmaz;
- sərxoş halda suya girmək olmaz;
- skuterləri sərxoş şəxslərə vermək olmaz;
- yemək yedikdən dərhal sonra suya girmək sağlamlığınız üçün təhlükəlidir;
- əgər suda olarkən hər hansı bir xoşagəlməz hadisə baş verərsə, özünüzü itirməyin və çığırmayın. Çünki çığıran zaman ağciyərlərin su ilə dolması qaçılmazdır və bu, boğulmaya səbəb ola bilər;
- suda batan şəxsin xilas edilməsi üçün, ilk növbədə, xilasediciləri köməyə çağırın, sonra isə əlaltı vasitələrdən istifadə etməklə ona kömək etməyə tələsin;
- əgər üzməyi bacarırsınızsa batan şəxsə tərəf yaxınlaşıb arxadan onun saçından tutub sahilə doğru çəkin. Unutmayın! Əgər batan şəxs suda 6 dəqiqədən az qalıbsa, onu xilas etmək mümkündür.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti
“Nuh yurdu”qəzeti