Qədim Azərbaycan oyunu – Çövkən

A- A A+

İlk növbədə oynanılan oyunlar, idmançıların hərəkətləri oyunçuların psixoloji vəziyyətini təyin edir. Mənəvi və iradi keyfiyyətlərin kollektivçilik, vətənpərvərlik, intizamlılıq və digər bu kimi müsbət emosiyaların aşılanmasında qədim oyunlarımızın yeri və rolu danılmazdır. Lap qədim dövrlərdən Azərbaycan xalqı idmanın ən qədim növlərindən olan fiziki hərəkətlərlə məşğul olublar. Tariximizə, ədəbiyyatımıza nəzər yetirsək bütün janrlarda fiziki tərbiyə və qədim oyunlara önəm verilməsinin şahidi olarıq. Dastanlarda qəhrəmanların iradəli, dözümlü, cəsur, qorxmaz olması məhz Azərbaycanın qədim milli oyunları ilə birbaşa əlaqədardır. Kitabi Dədə Qorqud dastanında, Nizami Gəncəvinin, Yusif Vəzir Çəmənzəminlinin və digər şair və yazıçıların əsərlərində bu mövzudan ətraflı bəhs edilibdir. Gəlin yuxarıda adları çəkilən əsərlərə diqqət yetirək. Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı”romanında bu mövzu geniş qələmə alınıbdır. Qəbilənin kənarında geniş meydanlarda qızlar, oğlanlar idmanla məşğul olurlar. Əvvəl qaçışdılar, sonra ağır daşları qaldırırdılar, bədən oynaqlarını inkişaf etdirmək üçün hərəkətlər edirdilər. Daha sonra nizə atmaq, at çapmaq yarışları oldu. Hər bir qalibə hədiyyə verildi. Orta əsr Azərbaycan mütəfəkkirlərindən Xəqani, Tusi, Nizami kimi dünya şöhrəti qazanmış klassiklərin əsərlərində qədim Azərbaycan oyunlarına rast gəlinir. XII əsrdə yaşayıb yaratmış Azərbaycan şairi Nizami Gəncəvi Çövkən oyununun Azəbaycanda geniş yayıldığını təsdiqlənibdir.

Şirinin yanına gəldi qayğısız

Dişi Aslan kimi 70 nəfər qız.

Surətdə hər biri bir isfəndiyar.

Çövkən oynamaqda çox çevikdirlər

Rüstəmi zal kimi ox atandılar.

Göydən qapırdılar topu müxtəsər.

Şirin dedi ki, hələ at çapaq.

Bu geniş düzəndə çövkən oynayaq.

(Nizami Gəncəvi. ”Xosrov və Şirin”. Bakı, 1982, səh. 120-121)

Digər bir məqama da nəzər yetirmək yerinə düşər. Böyük Azərbaycan yazıçısı M.S.Ordubadinin “Qılınc və qələm” romanında XII əsrdə baş verən hadisələr təsvir edilərkən müəllif qeyd edir ki, Xəlifə Bağdadda top və çövkən oyunları üzrə yarışlar təşkil etmişdir. Bu da unudulmamalıdır ki, Azəbaycanda oynanılan çövkən oyunu dünyada oynanılan polo oyunundan fərqlənir. Qarabağda, Naxçıvanda milli bayramlarda, el şənliklərində oynanılan çövkən oyunu iki komanda arasında oynanılır. Komandaların hər biri 5 və 6 oyunçu və bir ehtiyat oyunçudan ibarətdir. 5 nəfərlik oyunda komandalar 2 müdafiəçi və 3 hücumçudan ibarət olur. 6 nəfərlik heyətdə isə 2 müdafiə, 1 yarımmüdafiə 3 hücumçu iştirak edir. Meydançanın hər iki başında eni 3 metr olan qapıar qoyulur. Oyun uzunluğu 90, 150 metr, eni 60, 120 metr olan düzəngahda oynanılır. Qapının qarşısında 6 metr olan radius çəkilir. Heç bir oyunçuya qapı xəttini keçməyə icazə verilmir. Hücumda olan komandanın atlarının ön ayaqları, müdafiədə olan komandanın atlarının arxa ayaqları xətti keçə bilər. Mərkəz xətdən 10 metr uzunluqda xətt çəkilir ki, bu da oyun başlayanda oyunçuların salamlaşmağı üçün nəzərdə tutulur. Çövkən çomağının uzunluğu 120-135 santimetr olur və həmin çomaq sağ əldə tutulur. Top mərkəz xətdən çıxdığı andan oyun başlanmış hesab olunur. Oyun 41 santimetr diametrində olan rezin və ya taxta topla oynanılır. Oyun hər biri 15 dəqiqədən ibarət olan 2 hissədə oynanılır. Oyunçu rəqib komanda oyunçusunu vurduqda və ya ata çomaq dəydikdə oyun saxlanılır. Top rəqib komandanın qapısından keçəndə topu keçirən komanda xal qazanır və oyun yenidən başlanır. Oyun bitəndən sonra kapitanlar hakimlə görüşür, uduzan komanda birinci meydanı tərk edir. Qalib komanda zurna sədaları altında meydanda dövrə vurur.

                                                         Mirzə Həşimov

                                                         “El həyatı”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: