Şahbuz rayonu heyrətamiz təbiəti, abad, rahat yolları, füsunkar kənd mənzərəsi ilə hər il buraya gələn qonaqları heyran edir. Bu gözəlliklər arasında bir neçəsinin adını sadalamaq olar. Ağbulaq İstirahət Mərkəzi, Batabat yaylağı və sair. Belə məkanlardan biri də təmiz havası, rəngarəng mənzərələri, saf bulaqları ilə seçilən Qanlıgöl yaylağıdır..
Qanlıgöl rayonun sərhəd kəndi olan Küküdən təxminən 7 kilometr məsafədə yerləşir. Kənddən ora dağ yolu ilə, “Sarıqaya”, “Şırran” deyilən yerlərdən keçməklə getmək olur. Dağların arasından ilan kimi qıvrılan yol isə insanı yormur. Təmiz hava, gözəl mənzərə, saf su, əzəmətli dağlar insana sanki güc verir.Yüksəkliyə qalxdıqca təbiət bütün cazibəsini nümayis etdirir. Bir tərəfdən yamyaşıl çəmənlər, digər tərəfdən quşların bir-birinə qovuşan nəğməsi. Bu gözəlliklərə gölün cazibədar mənzərəsini də əlavə etdikdə düşünürsən ki, belə gözəl məkan elə seyr etmək üçün yaranıb. Məhz bu cür gözəl təbiəti seyr edərkən belə bir sual da insanı düşündürür: niyə bura Qanlıgöl deyirlər?
Əfsanəyə görə, keçmiş zamanlarda bu gözəl ərazilərin düzənlik və hava şəraiti əkin üçün əlverişli olduğundan insanlar buraya toplanaraq şum işləri aparıblar. Bir dəfə torpağın altından çıxan su burada çalışanları öz ağuşuna alıb, onlardan bir neçəsi suya qərq edir. O zamandan bəri bu göl Qanlıgöl adlandırılır. Qar, yağış və yeraltı sularla qidalanan göl noyabr ayından aprelin axırlarına, bəzən isə mayın əvvəlindək donmuş olur. Mövsümi təmizlənməyə malik Qanlıgöl dəniz səviyyəsindən 2420 metr yüksəklikdə, Keçəldağın ətəyində yerləşir. Təbii gölün əsasında eyniadlı su anbarı yaradılıb. Qanlıgölün qarşısında XVI əsrdən başlayaraq bir neçə dəfə bənd tikilib, ancaq möhkəm olmadığı üçün yazda qar-yağış suyundan yaranan sellərə davam gətirməyərək dağılıb. 1865-ci ildə Naxçıvan mülkədarı II Kalbalı xanın himayəsi ilə qəza rəisi Şahingirey tərəfindən Qanlıgöl bəndi inşa etdirilib. İrihəcmli dağ daşlarından inşa edilən bəndin uzunluğu 45 metrdir. Bənd vasitəsilə yaradılan gölün sahəsi 10,2 hektar, uzunluğu 460 metr, eni 222 metr, sahil xəttinin uzunluğu 1430 metr, həcmi 1,2 milyon kubmetrdir.
Kükü kəndinin sakinləri bu ərazilərdə yerləşən əkin sahələrini həmin gölün suyu ilə suvarırlar. Suvarmada istifadə olunan Qanlıgölün suyu yayda Küküçay vasitəsilə Naxçıvançaya axıdılır. Yerli sakinlərin sözlərinə görə, yay aylarında burada çoxlu istirahət zonaları yaranır. Əhalinin çox hissəsi buraya dincəlmək üçün gəlir.
Qanlıgölün ətrafında olan Pünhan bulağı, Məscidli bulağı və neçə-neçə bulaqların suyu minerallarla zəngindir. Tərkibində kalsium, maqnezium duzlarının miqdarı çox olduğundan bu sular insan həyatı üçün çox xeyirlidir. Bu bulaqların ən məşhuru isə göz yaşı kimi duru, bumbuz suyu olan Pünhan bulaqdır.
Dağlar qoynunda yerləşən Qanlıgölün saf havası ilə nəfəs aldıqca, burada cürbəcür otların, çiçəklərin valehedici ətrini də hiss edirsən. Bu yerlərin şəfalı bitkiləri - çobanyastığı, dikcə, baldırğan, kəklikotu, yarpız, solmazçiçəyi, ələyiz insanlar tərəfindən yığılır, faydalarına görə istifadə edilir .
Həm də yaylaq ab-havası duyulur. İlin bu vədəsində Qanlıgöl yaylağındakı obaları yurd yeri seçən zəhmətkeş insanlar da az deyil. Bura Kükü kəndinin sakinləri ilə yanaşı, ətraf kəndlərdən də təsərrüfat sahibləri gəlib yurd salır, mal-qara, qoyun-quzu saxlayırlar. Bu məkanın təmiz havası, geniş otlaq sahələri, buz bulaqları imkan verir ki, qoyun-quzu payıza qədər yaxşı inkişaf etsin. Dağların o tayında duran, düşmənə sinəsini sipər edən Azərbaycan əsgəri torpaqlarımızı göz bəbəyi kimi qoruyur. Buradakı obalarda məskunlaşıb heyvandarlıq və maldarlıqla məşğul olan zəhmətkeş insanlar da rahat yaşayıb işləyir .Oba həyatının isə başqa bir gözəlliyi var. Bir sözlə bu yerlər insanın ruhunu təzələyir, təbiət ilham verir. Bir daha böyük şairimiz Məmməd Arazın bu misraları yada düşür:
Sənin qoynun bir güllü yaz,
Nələr yazım bu yaz haqda.
Sənin eşqin vəsf olunmaz,
Beş varaqda, on varaqda.
Oruc Mirzəyev
“Oğuz səsi”qəzeti