“Əkinçi” baba naxoşlayıb”, yaxud 145 il sonra düşündüklərim - FOTOLAR

A- A A+

Həsən bəy Zərdabinin bizə miras qoyduğu ana dilli mətbuatımızın yaranmasından 145 il ötür. Geridə qalan bu 145 il vətənin dumanlı səmasında günəş olmağı bacardı. Elə bir günəş ki, qaranlıq zirzəmidə gözü bağlı qalan xalqının üzərinə nur çilədi. Böyük Zərdabi bizə təkcə mətbuatımı verdi? İlk təbiətşünas alim, ilk teatr tamaşası göstərən insan, el nəğmələrini toplayıb yazıya alan mədəni-irs keşikçisi, ilk müəllimlər qurultayının təşkilatçısı və daha bizim bilmədiyimiz hansı ilklərin imza sahibi...

Qapı-qapı düşüb uşaqları məktəbə səsləyən, millətin gələcək taleyinə biganə mövqedə olanların daşlaşmış vicdanını oyatmağa çalışan, möfhumatçı mollaları, yalançı tacirləri  xalqın balalarına “gün ağlamağa” çağıran maarifpərvər ziyalı acı həqiqəti bilirdi: “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur”. Əbədilik məşəl yandırmaq, bir nəsnəni oxumaq üçün məktəb şərtdir. İnsanları qəzet oxumağa səsləyəndə düşünürdü: “axı, bu insanlar heç öz dillərində oxumağı bacarmırlar”...

Sənin səsinə səs verməyən, çağıranda gəlməyənlər, dediklərini qanmayanların maariflənməsi, fəqir-füqarənin balalarının oxuması uğrunda etdiklərin 145 ildən sonra belə bir güzgü kimi intəhasız və aydındır, böyük Zərdabi. Sən  bu xalqa öz dilində nə isə pıçıldamaq, oxumaq haqqı tanıdın. O dil ki, sadəcə fəqir və kobud adlanırdı, nə “Allahların” dili idi, nə də “Şahnamənin dili”. “Tərəkəmə dilində heç kəs oxumaz” deyib irad tutanlara qulağının dibindəcə öz ana dilində bağırırdın:

“İstəyirsinizmi türk milləti yaşasın, qabağa getsin, elmi və mərifəti olsun-buna dil verin, türklər öz dillərini itiriblər, sizin sözünüzü onlar anlamırlar. Onların dilini tapın verin, onlar yaşasın qabağa getsin”.

Və sən bilirdin bir xalqı yox etməyin ən asan üsuludur dilini məhv etmək. Yaşatmağa çalışdığın dil əslində xalqın elə özü idi. İndi bu dildə 50 milyondan artıq insan danışır. Vətənin rəsmi dövlət dilində saysız-hesabsız qəzet, jurnal çap olunur. Əlinə qələm alan yüzlərcə mətbuat nümayəndələri sorğusuz-sualsız, maneəsiz öz ana dilində düşünür, öz ana dilində yazır.

Oğlanların məktəbdən, elmdən uzaq qaldığı bir zamanda  qızların oxuması üçün çalışanda onlar sənə dəli kimi baxırdılar. Ancaq yüzlərlə azərbaycanlı qızı oxumaq üçün məktəbə cəlb elədin və sənə qarşı olanları inandırmağa çalışdın: qadını oxumamış bir cəmiyyəti işıqlandırmaq mümkünsüzdür.

“Bunların kişilərinin savadlanmasından qorxursunuz. Qadınları da savadlanmış olursa onların öhdəsindən gəlmək mümkün olmaz”-bütün aləmi-islam bu alaq fikirlərlə çalxalananda nə böyük ürək sahibi idin ki, tək başına böyük bir kütləyə qarşı gəlib, öz doğrularından dönmürdün. Və illər sonra Azərbaycan qadını ilk seçmək-seçilmək haqqını sənin kimi aydınların gücüylə qazandı. Tərəddüdsüz demək olur ki, sənin  başlatdığın Azərbaycan qadınını təhsilli və azad görmək istəyi, bu yoldakı damla kimi daş əridən inadının zirvəsi, kulminasiyasıdır bu günün azad  təhsilli qadını. Və ötən 145 ildə yaranmış mətbuat nümunələrində yüzlərlə qadın imzası göründü.  Zamanı ayna kimi şəffaf göstərən, istər ölkə əhəmiyyətli, istərsə də region, rayon qəzetlərində qadın imzaları hər gün biraz daha artmaqdadır...

Getdiyi hər yerə özüylə ziya daşıyan, nəsihətində belə ancaq elmi və təhsili düşünən, qız məktəbi yaratmaq üçün “dəridən qabıqdan” çıxan Zərdabi. “Hər on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar”-bu, bir  damla ümid, bir damla inad idi. O inad qara daşın belə deşiləcəyinə inanırdı. Şəxsinə qarşı təqiblər, təzyiqlərin ardı-arası kəsilmədi, cəmi-cümlətəni iki ildən sonra qurutsalarda “Əkinçi”nin bulağın, ancaq sənin əkdiyin tumlar göyərdi, yenidən yeni adlarla, yeni ünvanlarda yaşamağa başladı. Mübarizən və qaranlığı yarmaq əzmin bir dəfə  qalib gəlmişdi dövrün “yeddi başlı əjdahalarına”. “Su gələn arxa birdə gələr” buna inanırdı Zərdabi. “Əkinçi”nin əkdiklərini yerindəcə qurutmağa çalışan, havasız-susuz qoymağa cəhd edənlər “Molla Nəsrəddin”in işığında korlaşdılar, öləzidilər.

Sən millətini öz dilində dinləməyi, öz dilində danışmağı, dərdləşməyi öyrətdin. Bir dəfə bu xoşbəxtliyi yaşamış, “qaranlıq dünyanın sakinləri” ilk yandırdıqları çıraqla yenidən “Əkinçi”nin izinə düşdülər. Və sənin əkdiyin “Əkinçi”nin toxumları həqiqətən də xalqı birləşdirməyə bais oldu. Arzuların, ideyaların 1918-ci ilə yenidən göyərdi. Harayın əsrə əks-səda verdi. Biz o ideyaları bir neçə il sonra şərqdə ilk demokratik cümhuriyyət yaradanların müqəddəsləşmiş məfkurələrində gördük. Artıq insanlar milli mənliyin və milli kimliyin fərqində idilər. Xalqa özünü tanıtmışdın...

Bu gün  sənin məfkurə məktəbindən doğan mətbuat yenidən “Əkinçi” nin izində. 143 il öncə “Əkinçi” baba naxoşlayıb”- deyib ayrıldın... bu əbədi bir ayrılıq oldu. Zərdabi imzası öz doğru bildiyi həqiqətindən ayrılmadan yoluna davam etsə də, “Əkinçi” qurudu, ancaq, əkdikləri əsla...

Azərbaycan mətbuatı zaman-zaman büdrədi, ancaq səndən geridə qalan “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun” nəsihətini qulaq ardı etmədi. 70 il sovet dönəmində  belə bu ideyalar qismən gizli, qismən açıq davam etdi. Və əsrin əvvəllərində milləti birləşdirməyə çalışan mətbuat əsrin sonunda yenidən bu  amalla silahlandı.

Vətənin taleyindən daim narahat olan, elə bu nigarançılıqla da dünyadan köçən Zərdabi sanki özündən sonra millətinə sahib çıxacaq, ən çətin zamanlarda xalqa hayan olan,  milli şüurun oyanışına hesablanmış bir ordu qoyub getdi. Bu ordu  milli birliyə səsləniş şüarı ilə silahlanan mətbuat idi. Zaman irəliyə doğru artıqca o möhtəşəm ordunun əsgərlərinin sayı da artdı. Təkcə Cümhuriyyət dönəmində ölkədə 100-dən artıq qəzet və jurnal faəliyyət göstərirdi. Əvvəlcə jurnal, sonra radio və televiziya... Bunlar “Əkinçi”nin gövdəsindən boy alan pöhrələr oldu. İllər təkcə qəzet və jurnalların sayını artırmadı, həm də azad, senzurasız mətbuatı formalaşdırdı.

Hə..., “Əkinçi” baba. Sənin illər əvvəl yana-yana söylədiyin  “Siz ağlayın ki, biz müsəlmanın bircə qəzeti də basdırmağa adamı yoxdur” hıçqırığını əsrin bu üzündən duya bilirik. Tək bir fikrin bilə dövrün salnaməsi olmağa yetir. Bu gün sənin arzularından da daha böyük Vətənin hər qarışına, Azərbaycan insanın güzəranına ayna  tutan ən müasir avadanlıqlarla  “silahlanan”, qorxusuz, qadağasız Azərbaycan mətbuatı var. Yolu mətbuatdan keçənlər onlara nə böyük xəzinə qoyub getdiyinin fərqindədirlər...

Və 145 il sonra o nurani qocanı nəvələri, nəticələri, kötükcələri özünə bir qibləgah bilir. Çünki “Əkinçi” bir tarixdir, “Əkinçi” ədəbiyyatdır, “Əkinçi” bir məktəbdir-yüzlərlə yaranacaq mətbuat nümunəsinə ideya verən, yol göstərən, yetişdirən ocaq,“Əkinçi” sözə vurulmuş möhür, zülmətin qapısını açan açardır, “Əkinçi” zəngdir, milləti təhsilə, elmə səsləyən zəng, “Əkinçi” artıq özlüyündə bir məktəb kimi formalaşan Azərbaycan mətbuatının əlifbası, jurnalistlərə mətbuatın əsas amalının yalnız və yalnız xalqa xidmət etmək  olduğunu xatırladan əvəzsiz bir müəllimdir. Üzümüzü hara dönsək, yenə o məbədin böyüklüyün görəcəyik. Yazılanlara, pozulanlara, yazacaqlarımıza yenə onun yandırdığı çırağın işığı düşəcək. Bizi öz xoşbəxt ləpirləri ilə gələcəyə aparacaq.  

Əldən-ələ qələm dəyişdikcə, çiyindən-çiyinə mətbuatın ağırlığı, bu ağırlığı çiyninə qaldıran simalar da dəyişəcək. Ancaq biz bilirik, heç bir vədə yükümüz  səninki qədər ağır olmayacaq, Həsən bəy Zərdabi. Bütöv bir millətin dərdini “Əkinçi”yə yazıb çiyninə qaldırıb, bunu o dar və qaranlıq məqamlarda yorulmadan, üzüağ çıxarmağın çətinliyini 145 il sonra anlayırıq, duyuruq. Və sənin müqqədəs ruhun qarşısında səcdə edirəm... İzinə düşdüyümüz  “Əkinçi” likdə sənə və ideyalarına layiq olmağı Tanrı bizə rəva görsün...

                                                                     Fizzə Bağırova

                                                                        NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: