AMEA Naxçıvan Bölməsinin əməkdaşları “İrəvan şəhəri-necə varsa” monoqrafiyasının hazırlanmasında iştirak edəcək
AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, bunu Bölmənin Rəyasət Heyətinin növbəti onlayn iclasında akademik İsmayıl Hacıyev deyib.
Əvvəlcə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edən akademik Muxtar Respublika ərazisində “İlandağ” geoparkının yaradılması haqqında məlumat verib. Bildirib ki, Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərindən ibarət “İlandağ” geoparkı ilə bağlı İşçi qrupu yaradılıb. Cari ildə İşçi qrupun gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
İclasda İsmayıl Hacıyev AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə hazırlanacaq “İrəvan şəhəri-necə varsa” monoqrafiyası barədə məlumat verib. Qeyd edib ki, sözügedən tədqiqat əsərində bölmə əməkdaşları da yaxından iştirak edəcəklər.
Daha sonra bölmə sədri “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin nəşri ilə bağlı AMEA Rəyasət Heyətinin 8 may 2020-ci il tarixli qərarını xatırladıb. O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin baş redaktorluğu ilə hazırlanacaq nəşrin Redaksiya heyəti, müəlliflər heyəti və plan-prospektini iştirakçıların diqqətə çatdırıb.
Gündəlikdə əksini tapan növbəti məsələ “AMEA-nın 2019-cu ildəki fəaliyyəti haqqında” Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 10 iyun 2020-ci il tarixli qərarı ilə bağlı olub.
Sonda bir sıra cari məsələlər müzakirə olunub.