Naxçıvanlı ailə təsərrüfatçısı beynəlxalq aqrovirtual sərgidə iştirak edib - FOTOLAR
Türkiyə Respublikası Ticarət Nazirliyinin təşkilati dəstəyi ilə beynəlxalq “Agrivirtual – Kənd təsərrüfatı və heyvandarlıq üzrə avadanlıqların” virtual sərgisi təşkil olunub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, muxtar respublikanın ailə təsərrüfatçılarından olan Mehparə Hüseynova həmin sərgidə iştirak edib.
Sərgi zamanı Mehparə Hüseynova innovativ kənd təsərrüfatı avadanlıqları, torpaq məhsuldarlığın artırılmasının intensivliyi, Türkiyə Respublikasına məhsul ixracı imkanları mövzularında “Selçuk” Universitetinin, “Prime” Agentliyinin və “MAİB” avadanlıq ixracatçıları assosasiyasının keçirdiyi onlayn seminarlarda iştirak edib, iştirakçı şirkətlərlə təcrübə mübadiləsi aparılıb.
Qeyd edək ki, “Agrivirtual – Kənd təsərrüfatı və heyvandarlıq üzrə avadanlıqların” virtual sərgisi Türkiyənin aqrar sektorda ilk virtual sərgisidir. Sərgidə Türkiyə Respublikasının orqanik qida, heyvandarlıq və kənd təsərrüfatı üzrə fəaliyyət göstərən 100-dən artıq şirkəti iştirak edib.