Şahbuzda yeni qapalı suvarma şəbəkəsi qurulur - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunun Sələsüz, Türkeş və Mərəlik kəndlərində 270 hektar torpaq sahəsini əhatə edən yeni qapalı suvarma şəbəkəsi qurulur.
Layihə xəttinin ümumi uzunluğu 34 min 808 metrdir. Ərazidə müxtəlif diametrli borularla 7534 metr ana xətt və 27 min 274 metr paylayıcı suvarma şəbəkəsi çəkilir. Xətlərin üzərində 51 sutənzimləyici siyirtmə, 286 hidrant və 81 suboşaldıcı quraşdırılacaq.
Qapalı suvarma şəbəkəsinin tikintisi yerli mütəxəssislər tərəfindən aparılır. Bu ilin may ayından başlanan tikinti işləri başa çatdırılıb, hovuzlar hazır vəziyyətə gətirilib. Görülən işlər çərçivəsində 5 kilometrə yaxın ana xətt, 4 kilometr paylayıcı xətt çəkilib. Tikinti işləri aparılan zaman ərazinin relyefinin nəzərə alınması suyun əkin sahələrinə itkisiz və öz axını ilə çatdırılmasına imkan verəcək. Layihənin əhatə etdiyi ərazi uzun müddətdir əkilməyən münbit torpaqlardır. Su təminatından sonra bu ərazilərin əkilməsi muxtar respublikada kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək.
Qeyd edək ki, son illər bu sahədə görülən işlərin nəticəsində muxtar respublikanın Babək, Culfa, Kəngərli və Şahbuz rayonlarında 5 min hektara yaxın torpaq sahəsində qapalı suvarma şəbəkələri qurulub, su təminatı olmayan və uzun müddət əkilməyən torpaqlar yenidən əkin dövriyyəsinə qatılıb. Həmçinin ötən il Şahbuz rayonunun Türkeş kəndində 343 hektar sahəni əhatə edən yeni qapalı suvarma şəbəkəsi qurulub.
Turab Hacızadə