Gülşen Bayat: Naxçıvanın yüksək səviyyəli mədəniyyət, səhiyyə və təhsil ocaqları onun inkişafının göstəricisidir
Bərpa edilmiş tarixi abidələr, qədim yurdun ecazkar təbiəti, Naxçıvanın yüksək səviyyəli mədəniyyət, səhiyyə və təhsil ocaqları muxtar respublikanın inkişafının göstəricisidir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Naxçıvan şəhərində keçirilən III Beynəlxalq Gənclik Araşdırmalar Konqresində iştirak edən İqdır Üniversitetinin Turizm fakültəsinin müəllimi Gülşen Bayat deyib.
“Bundan əvvəlki iki konqres Türkiyədə – Marmaris və Fethiyede keçirilib. Üçüncü tədbirin Naxçıvanda keçirilməsi isə iki qardaş ölkənin qarşılıqlı əməkdaşlığının, bir-biri ilə qırılmaz tellərlə bağlılığın göstəricisidir. Qədim diyarın gəzməli-görməli yerlərini seyr etdik. Naxçıvanda ən çox diqqətimi çəkən ünvanlardan biri Duzdağ Fizioterapiya Mərkəzi oldu. Etiraf edim ki, belə bir məkanı heç yerdə görməmişəm. Öyrəndim ki, buraya dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri gələrək müalicə alırlar. Ölkəmdə bir çox insan da bu xəstəlikdən əziyyət çəkir” - deyən Gülşen Bayat qeyd edib ki, Türkiyəyə qayıdan kimi bu şəfa ocağı barədə hər kəsə məlumat verəcək.
Naxçıvanın bu cür cənnətməkan diyar olduğunu təsəvvür etmədiyini deyən qonaq bildirib ki, Naxçıvan şəhərinin hüsnünə tamaşa etdikcə insanda olduqca xoş duyğular yaranır. Abad küçələr, geniş yollar, əzəmətlə ucalan yaraşıqlı binalar, ecazkar yaşıllıqlar, sakitlik, təmizlik bu yeri möhtəşəm edən əsas amillərdir. O deyib: “Naxçıvanı gördüyüm üçün çox sevindim. Gələcəkdə də tez-tez yolumu buradan salmağı düşünürəm. Bizə göstərilən yüksək qonaqpərvərliyə və mehriban münasibətə görə hər kəsə minnətdaram”.