Muxtar respublikada iyun ayında 23 sosial qayğıya ehtiyacı olan şəxs müəyyənləşdirilib. Onlardan 19 ailəyə yanıbalalı iribuynuzlu, 2 ailəyə yanıbalalı xırdabuynuzlu və 2 ailəyə mini yerşumlayan aqreqat verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Qeyd olunub ki, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib.
Tədbirdə sosial qayğıya ehtiyacı olan ailələrin təmsilçilərinə verilən aktivlərlə bağlı sənədlər təqdim olunub.
Həmçinin, verilmiş aktivlərdən səmərəli şəkildə istifadə olunmasının stimullaşdırılması məqsədilə təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirən Ordubad rayonu, Biləv kənd sakini Gövdət Məhərrəmovaya sağım aqreqatı və Culfa rayonu Əlincə kənd sakini İlham İbrahimova isə otdoğrayan aqreqat verilib.
Qeyd edək ki, muxtar respublikanın bütün rayonları üzrə ümumilikdə sosial qayğıya ehtiyacı olan 133 ailə müəyyənləşdirilib, özünüməşğulluq proqramına cəlb edilib.
Sadiq Məmmədov