Prezident nümunəsi və mənəvi məsuliyyətimiz

A- A A+

Ümumdünya qlobal böhranına çevrilmiş CovId-19 pandemiya hadisəsi xalqları və ölkələri gözlənilməz bəlaya düçar etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət xalqımızın bu ağır bəladan ən az itkilərlə çıxmasına şərait yaratmışdır.

Prezident İlham Əliyevin pandemiya dövründə apardığı müdrik siyasət beynəlxalq aləmdə, dünya birliyində böyük əks-səda doğurmuşdur. Ölkə Prezidenti koronavirusla mübarizə şəraitində dünya dövlətlərinin qarşılıqlı əməkdaşlığı və həmrəyliyi vasitəsilə qlobal böhrana qarşı birgə mübarizə aparmağın nümunəsini göstərir. Türkdilli dövlət başçılarının və Qoşulmama Hərəkatı ölkələrinin, Ümumdünya Səhiyyə Təşkilatının rəhbərləri, Dünya Bankı rəsmilərinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən onlayn videokonfranslar beynəlxalq aləmdə böyük əks-səda doğurmuş, yüksək rəğbətlə qarşılanmışdır. Bütün bunlar həm ölkə daxilində, həm də beynəlxalq aləmdə pandemiya ilə mübarizə aparmağın Azərbaycan örnəkləridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyasının təşkil edilməsinə beynəlxalq birlik tərəfindən dəstək verilməsi müstəqil dövlətimizin həyatında çox əlamətdar hadisədir. Bu, müstəqillik dövrü Azərbaycan tarixinin ən mühüm nailiyyətlərindən biri, dövlətçiliyimizin və diplomatiyamızın real təntənəsidir. Bu, hər bir Azərbaycan vətəndaşı üçün sözün əsl mənasında qürurverici tarixi hadisədir.

Beynəlxalq miqyasda və ölkə daxilində dövlət səviyyəsində həyata keçirdiyi məqsədyönlü tədbirlərlə bir sırada Prezident İlham Əliyev həm də pandemiya dövrünün tələblərinə ciddi surətdə əməl etməyin əsl nümunəsini göstərir. Cənab Prezident ölkəmizin paytaxtı Bakı şəhərində və regionlarda keçirdiyi, iştirak etdiyi bütün tədbirlərdə özü maskadan istifadə etməklə, sosial məsafə gözləməklə bu işin məsuliyyətini və əhəmiyyətini əyani surətdə nümayiş etdirir.

Dövlət başçısının pandemiya dövrünün tələblərinə bu qədər ciddi surətdə və yüksək səviyyədə əməl etmək nümunəsi göstərməsi hər bir Azərbaycan vətəndaşı üçün ibrətamiz dərsdir.

Prezident İlham Əliyevin koronavirusla mübarizə dövründə ən müxtəlif tədbirlərdə bu qlobal bəla ilə mübarizə üçün Azərbaycan xalqına etdiyi müraciətlər, irəli sürdüyü tələblər, verdiyi tövsiyələr koronavirusla mübarizə dövrünün dövlət səviyyəsində həyata keçirilən böyük maarifçilik işi kimi yüksək qiymətə malikdir. Bunlar dövlətinə və ölkəsinə ürəkdən bağlı olan görkəmli bir dövlət xadiminin doğma xalqını ehtimal oluna biləcək bəlalardan xilas etmək, vətəndaşların sağlamlığını qorumaq, respublikamızın normal həyat ahəngini təmin etmək baxımından atdığı böyük tarixi addımlar kimi xüsusi əhəmiyyətə malikdir. Bu, həm də koronavirusla mübarizə dövrünün maarifçilik işinin İlham Əliyev modelidir.

Dünya ölkələri, o cümlədən də Azərbaycan üçün koronovirusla mübarizənin çətin imtahanlarının yaşatdığı indiki məsuliyyətli günlərdə Prezident İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasət, dövlət başçısı kimi göstərdiyi şəxsi nümunə hər bir vətəndaş üçün ibrətamiz bir örnək olmaqla bərabər, həm də ciddi bir çağırışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi böyük siyasəti ürəkdən dəstəkləməklə bərabər, həm də dövlət rəhbərimizin çağırışlarına əməl etmək hər birimizin vətəndaşlıq borcudur. Bu, həmişə olduğu kimi, koronavirusla mübarizə dövründə də Prezident-Xalq birliyinə növbəti ehtiramımızın və şəxsi töhfəmizin ifadəsi olacaqdır. Prezident İlham Əliyevin dünyada və ölkəmizdə göstərdiyi parlaq nümunə və Azərbaycan xalqının mənəvi məsuliyyəti koronavirusla mübarizədən qalib çıxmağın real düsturudur.

İsa Həbibbəyli,

AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: