Ətraf mühitin çirklənməsi uşaqların sağlamlığı üçün ağır nəticələr verir

A- A A+

Hər il əlverişsiz ekoloji şəraitin, xüsusilə də havanın və suyun çirklənməsi nəticəsində beş yaşına çatmamış 1,7 milyon uşaq ölür. Bu göstərici uşaqlar arasında ölüm hallarının bütün dünya üzrə dörddə birini təşkil edir. NUHÇIXSN İnformasiya Agebtliyi BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet bu faciəli statistikaya diqqət çəkib.

Ətraf mühitin çirklənməsi və iqlim dəyişikliyinin uşaqlara təsiri məsələsi BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının iştirakçıları tərəfindən müzakirə edilib. Mişel Baçelet iştirakçılara müraciətində vurğulayıb ki, əlverişsiz ekoloji şərait fiziki və psixi inkişafın xüsusiyyətləri baxımından böyüklərə nisbətən uşaqlar üçün daha çox təhlükəlidir.

İnkişaf etməkdə olan ölkələrdə 12 milyon uşaq qurğuşundan zəhərlənmə nəticəsində bərpaolunmaz beyin zədəsi alıb. Ümumilikdə dünyada 73 milyona yaxın uşaq və yeniyetmə təhlükəli şəraitdə işləməyə məcburdur və mütəmadi olaraq zəhərli maddələrin təsirinə məruz qalır. Bu gün uşaqların 90 faizindən çoxu çirklənmə səviyyəsi normadan yüksək olan hava ilə nəfəs alır.

BMT-nin baş hüquq müdafiəçisinin dediyi kimi, bu cəhətdən ən çox yoxsul ölkələrdə həssas qrupdan olan ailələrdə, o cümlədən yerli xalqların ailələrində olan uşaqlar daha çox əziyyət çəkirlər. Bununla yanaşı, COVID-19 mövcud vəziyyəti xeyli gərginləşdirib.

“Təbii ehtiyatların həddindən artıq istismarı heyvanlardan insanlara keçən COVID-19 kimi yoluxucu xəstəliklərin yayılma riskini artırır. Hazırkı pandemiya ətraf mühitə dağıdıcı yanaşmanın insanların sağlamlığı, əmin-amanlığı üçün nə dərəcədə təhlükəli olmasının bariz nümunəsidir”, - deyə Ali Komissar bildirib. O, əlavə edib ki, xoşbəxtlikdən uşaqlar koronavirus pandemiyasının əsas qurbanları deyil, lakin pandemiyanın iqtisadi və sosial nəticələrinin təsiri onlardan da yan keçməyəcək.

Ali Komissar əmin olduğunu bildirib ki, iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası və zəhərli maddələrin təsiri ilə bağlı uşaq xəstəliklərinin böyük hissəsinin qarşısını effektiv qanun və strategiyalar qəbul etməklə almaq olar. Lakin hələ ki bir çox ölkələrdə ətraf mühitin qorunması sahəsində tədbirlər planı hazırlanarkən uşaqların sağlamlığının qorunması ilə bağlı məsələlər nəzərə alınmır. Bununla yanaşı, iqlim dəyişikliklərinin sürətlənməsi, meşələrin qırılması, bioloji müxtəlifliyin itirilməsi və çirklənmə, hava keyfiyyətinin, torpaq və su ehtiyatlarının pisləşməsi səbəbindən bütün planetdə ətraf mühitdəki vəziyyət gərginləşməkdə davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: