Bizlərdən həm öncə, həm sonra vətən var - FOTOLAR

A- A A+

Xan Arazın sahilində yerləşən Yaycı Culfa rayonunun ən böyük kəndidir. Bu qədim kənd qoynunda saysız-hesabsız ziyalılar, zəhmət adamları ilə yanaşı, qəhrəman, vətənpərvər oğullar da böyüdüb. Bu gün onlardan biri şəhid Vüqar Həsənovu xatırlayacağıq.

Məlumdur ki,1988-ci ildə başlanan hadisələr, ermənilərin Azərbaycana qarşı yürütdüyü torpaq iddeaları Naxçıvandan da yan keçmədi.Ulu torpaq ilk şəhidlərini 1990-ci ilin yanar ayında Sədərəkdə gedən qanlı döyüşlərdə verdi. Mərd oğullar qanları, canları bahasına torpaqlarımızı qəhrəmanlıqla qorudular. Vüqar da belə oğullardan biri  oldu.

1973-cü ilin mayın 4-də Yaycı kəndində Həsən kişinin ailəsində dünyaya göz açan Vüqar Həsənov öz yaşıdlarından seçilən, zarafatcıl, hamıya əl tutan, mehriban insan, vətənpərvər, adı kimi vüqarlı,  cəsarətli  bir oğul olur.

1980-ci ildə birinci sinifə gedən Vüqarın uşaqlıqdan musiqiyə böyük həvəsi olur, bütün musiqi alətlərində çalmağı bacarır. Ən sevdiyi  alət isə  nağara  idi. Bu  sevgi  onu Culfa Uşaq musiqi məktəbinə gətirib çıxarır. 1988-ci ildə kənd məktəbində  natamam orta təhsilini tamamlayanda, musiqi məktəbinin nağara sinfini də  müvəffəqiyyətlə başa vurur.

1990- ci ildə Sovet Ordusunda hərbi xidmətə gedən Vüqar 1991-ci ildə  yenicə  müstəqilliyə  qovuşan   vətənində  xidmət etmək üçün hərbi xidmətini yarımçıq qoyub  geri qayıdır. Və xidmətini  Naxçıvanda davam etdirir.

Vətənə sadaqət onu vətən sərhədlərinin keşiyində durmağa səsləyirdi. Səsləyirdi ki, illər uzunu xalqımıza qarşı çirkin, alçaq niyyətlərdə olan məkirli düşmən torpaqlarımıza ayaq basa bilməsin. Ürəyi bu amalla döyünən Vüqar, həmin illərdə Sədərək uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərir. Vətənin dar günündə ön sıralarda əmr və göstərişləri dəqiq yerinə yetirir, ermənilərin yaşayış məntəqələrinə daxil olaraq kəşfiyyat müşahidələri aparır, düşmənin bir neçə sayda  texnikasını, canlı qüvvəsini məhv edir. Xidməti dövründə  hərbi hissə  komandanlığının təşəkkürünü alır, tərifnamə ilə təltif olunur.

Şəhidin qardaşı Əbülfəz Həsənov onu son görüşünü belə xatırlayır: “Vüqar 30 ilə yaxın bir dövrdür ki, cismən aramızdan ayrılsa da həmişə qəlbimizdə  yaşayır. 24 noyabr 1992- ci ildə mənim toy məclisimə gələrkən  deyirdi ki, “mənə toy yox , şəhidlik arzu edin”. O, mənim toy ziyafətimdən sonra  hamı ilə vidalaşdı, hər kəsdən halallıq alıb dedi: “Haqqınızı halal edin. Ola bilsin ki, gedəcəyim əhəmiyyətli döyüş tapşırığından  sağ qayıtmadım”. Qəribədir , sanki  o, bu sözləri bilərəkdən demişdi”

Vüqar Həsənov növbəti döyüş tapşırıqlarının birində-13 dekabr 1992-ci il tarixində axşam saatlarında düşmən mühasirəsindən çıxıb, xidməti posta  yaxınlaşan zaman baş nahiyəsindən ağır yaralanır. Bir gün Naxçıvan şəhərindəki  hospitalda  qalsa da həkimlərin səyi bir nəticə  vermədi. O, şəhidlik zirvəsinə, vətənpərvərliyin ən ali məqamına  ucaldı.

Ukraynada hərbi xidmətdən imtina edib, vətənə gəldikdən sonra, təkidlə hərbi komissarlığa müraciət edib doğma torpaqlarımızı qorumağa getdi. Mahir bir  kəşfiyyatçı kimi ad-san qazandı. Düşmənə saysız-hesabsız itkilər verdirdi və ömrünün 20-ci baharında  bu həyatla  vidalaşdı. 

Ali təhsil almağı çox istəmişdi. Yeganə arzusu tarixçi olmaq, gələcək nəsillərə xalqımızın tarixini doğru-düzgün aşılamaq idi. Amma , bu arzusuna çatmadı. Qismətində vətənin şanlı tarixinə yazılmaq vardı. Ölümlərin ən şərəflisinə, böyüklüyün, ucalığın ən ülvisinə qovuşdu.

Şəhid Vüqar Həsənovun Yaycı kəndindəki ata evində  bir otaq var. Bura, Vüqarın otağı deyirlər. Bu otağın qapısı həmişə astaca açılır, astaca örtülür. Buradakı hər şey Vüqardan danışır, onu xatırladır, onu yada salır. Hərbi geyim, dəftər-qələm, sənədlər, divardan asılmış şəkillər, musiqi alətləri... sanki bir muzeydir. Amma, misiyası başqadır bu muzeyin. Onun otaq muzeyi  şəhidin  xatirəsini yaşadır.

Vüqarın vaxtilə, çaldığı nağara da, tar da burdadır. Amma neçə illərdir nə nağara səslənir, nə də tar dillənir. Hər ikisi susub, qəribsəyib Vüqar üçün. Onun əlləri, barmaqları üçün... Sanki yolunu gözləyirlər. Nə vaxtsa gələcək, səssiz səmirsiz,sakit, dinməzcə dayanmış alətləri dilləndirəcək. Sonra, onları əlinə alıb səsləndirəcək.

Yaycı kənd qəbiristanlığında əbədilik uyuyan şəhid Vüqar Həsənovun baş daşındakı şəkilinə baxıram. Sanki dil açıb danışacaq: “Ruhum şaddır. Vətənimizdə əmin-amanlıqdır.  Daha güllə səsləri eşidilmir”-deyəcək.

Vətən oğlu. Sən və sənin kimi yüzlərlə oğullar ölməyib. Ölümü ilə ölümsüzlük qazanan igidlər. Siz milyonlarla insanın qəlbində, vətən torpağının göylərində əbədi   yaşayırsınız.

Qəhrəmanlıqları daş kitabələrə yazılan Vüqar kimi yüzlərlərlə  vətən oğulları  həyatın ən uca zirvəsinə, şəhidlik məqamına yüksəlmək üçün kimlərdən, nələrdən keçmədilər ki... Övladının bir telinə qıymayan anadan, atadan, yardan, ata sevgisinə həsrət qalan övladdan...bircə torpaqdan  keçmədilər. Bu uca bayraq daim  dalğalansın, bu vətən yaşasın, var olsun deyə...

                                                            Türkanə Əmoyeva

                                                                NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: