Naxçıvanda yarmarkaya 55 tona yaxın məhsul çıxarılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi Bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil olunub. Yarmarkaya muxtar respublikamızın bütün bölgələrindən 230 ailə təsərrüfatçısı tərəfindən 55 tona yaxın 236 çeşiddə keyfiyyətli məhsullar çıxarılıb. Mövsümlə əlaqədar daha çox gündəlik ərzaq və tələbat malları, xüsusilə də kənd təsərrüfatı məhsulları çoxluq təşkil edib.
Yarmarkada sənaye mallarının satışı üçün ayrıca bölmə yaradılıb. Bununla da satış yerlərinin sayı 385-ə çatdırılıb. Sənaye bölməsində muxtar respublikamızda müxtəlif dövlət və özəl qurumlar tərəfindən istehsal olunan ərzaqlar, ət və ət məhsulları, brolyer fabriklərinin istehsalı olan toyuqlar, mineral sular və digər məhsullar satışa çıxarılır.
Yarmarkaya çıxarılan kənd təsərrüfatı məhsullarının çeşidi və keyfiyyəti artırılmaqla bərabər qiymətlərində də ucuzlaşma var. Belə ki, kartofun 1 kiloqramı 20-60 qəpik, pomidorun 1 kiloqramı 1- 2 manat, lobyanın 1 kiloqramı isə 50 qəpik 1 manat arası dəyişir. Alıcılar soğan, sarımsaq, qırmızı çuğundur, bibər, ərik, gilənar, xiyar və digər meyvə-tərəvəz məhsullarını münasib qiymətə ala bilərlər.
Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkasında alış-veriş başa çatdıqdan sonra bazar təmizlənir, yuyulur və dezinfeksiya edilir.
Məhəmməd Fərəcov