Min bir dərdin dərmanı-Süsən

A- A A+

Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. "Min dərd varsa, min bir də dərmanı var" deyən ulularımız öz azar-bezarlarını bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və bugünkü elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Hətta bir vaxt xalq təbabətinə türkəçarəyə qısqanclıqla yanaşan elmi təbabət də bu gün onun əhəmiyyətini etiraf edir. Qeyd etmək lazımdır ki, bitkilərdən hazırlanan dərmanlar heç vaxt fəsad törətmir. Bu bitkilərinin müalicəvi xassəsi onların tərkibindəki fizioloji təsiredici fəal maddələrin (alkaloidlər, qlikoidlər, flavonoidlər, vitaminlər, aşı maddələri, kumarinlər, efir yağları və bir sıra turşular, mikroelementlər, fermentlər) olması ilə əlaqədardır.

Təqribən 150 il bundan qabaq görkəmli filosof, yazıçı Mirzə Fətəli Axundovun qələmə aldığı “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərində nəbatat alimi Müsyö Jordanın dərman bitkiləri toplamaq üçün Fransadan Azərbaycana gəlməsi epizodu təsadüfi deyil. Bu floramızın müalicəvi bitkilərlə zənginliyini bir daha sübut edir. Naxçıvan Muxtar Respublikasının əlverişli təbii şəraiti burada müxtəlif bitki örtüyü formalaşdırıbdır.

Dərman bitkilərinin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. Hipokrat xəstəliklərin müalicəsində işlənən dərman bitkiləri ilə yanaşı, həkimlərin də rolunun  mühüm rolunu qeyd edərək deyibdir: "Xəstəliyi təbiət sağaldır. Həkim isə ona kömək edir". Yunan həkimi Dioskorid isə (bizim eranın I əsrində) “Dərman vəsaiti” əsərində süsənlərin müalicəvi xüsusiyyətlərindən geniş söz açıb, bitkinin yarpaq və kökümsovlarından dərman, aşı maddəsi, ədviyyat əldə etmək üçün onun əvəzsiz xammal olduğunu göstəribdir. Muxtar respublikanın torpaq və iqlim şəraiti süsənlərin inkişafı üçün çox əlverişlidir. Süsənlərin müalicəvi xüsusiyyətlərini nəzərə alıb onlardan müxtəlif xəstəliklər zamanı istifadə edilməsi barədə məlumat veririk.

Alman süsəni - İris germanica L. Naxçıvan Muxtar Respublikasında mədəni halda becərilir. 21 ölkənin ofiseneal dərman bitkilərinin siyahısındadır. Kökümsovlarının tərkibində efir yağı, piyli yağlar, aşı maddələri,  nişasta və üzvi turşular vardır. Bitkidən alınan efir yağlarından ətirlərin istehsalında, yeyinti sənayesində likör, spirtsiz içkilərin hazırlanmasında, bronxit və şiş xəstəliklərinin müalicədə istifadə olunur. İmmun sistemində və qaraciyərdə lipid mübadiləsinin tənzimləyicisi hesab olunan qlikomanan-polisaxaridi bu bitkidə aşkar olunubdur. Bitki Bioresurslsr İnstitunun “Nəbatat bağı”nda beçərilir.

Ağ süsən - (İris albicans) ərəblər tərəfindən çox qədim zamanlardan becərilibdir. İri ətirli çiçəkləri olan bitki Ərəbistandan Aralıq dənizinin vasitəsi ilə bütün dünyaya yayılıbdır. Bitkinin  kökümsovu, yarpaqları və çiçəkləri dərman xüsusiyyətlərinə  malikdir. Ağ süsəndən muxtar respublikanın həyatyanı sahələrin, parkların, xiyabanların bəzədilməsində istifadə edilir. Bitki Bioresurslar İnstitunun “Nəbatat bağı”nda beçərilir.

Sarı süsən - I. İmbricata.  Sarı süsən dərman, efir yağlı, boyaq, aşı və bəzək bitkisi kimi olduqca qiymətlidir. Kökümsovları təzə vaxtı iysiz və zəhərli olur. Bitkinin qurudulmuş kökümsovları 4 ay saxlanandan sonra bənövşə iyi verir. Kökümsovlarından “bənövşə kökü” adlı efir yağı alınır bundan ətriyyatda, kosmetikada, qənnadı məmulatları və spirtsiz içkilər istehsalında geniş istifadə edirlər. Çiçək və kökümsovunun tərkibində efır yağı, ürək qlükozidləri, nişasta, yağ, aşı maddələri və s. tapılıbdır. Sarı süsənin qurudulmuş kökümsov və gövdəsindən xalq təbabətində sidikqovucu və qurdqovucu dərman kimi istifadə edilir. Təbabətdə isə diş ağrısı, qarın yatalağı və başqa xəstəliklərin müalicəsində işlədilir. Kökümsovu alkoloidlə zəngin olduğundan onlardan yalnız qurudulmuş halda istifadə edilir. Qurudulmuş kökümsovlarının sulu dəmləməsi və bişmişi ishalı, böyrək və sidik yollarının iltihabını, ağrıları və daxili qanaxmaları  kəsir. Xalq təbabətində süsənin kökünü yerdən qazıb çıxarır, yuyub qurudur, əzərək narın toz halına saldıqdan sonra spirtdə, çaxırda həll edərək kəskin ağrı verən sidik kisəsi xəstəliklərini müalicə edirlər. Orta əsrlərdə kosmetika sahəsində süsənin kökündən geniş istifadə olunubdur. Tozu balla qarışdırıb üzdəki çillərin üzərinə sürtməklə onları yox ediblər. Bitkidən alınan cövhərindən isə dişdibinin möhkəmlənməsində istifadə edilir. Süsənin bir çox növlərinin çiçək və kökümsovlarınından yeyinti, boyaq və toxuculuq sənayesində, gön-dəri istehsalında, eləcə də əczaçılıq, ətriyyat və kosmetika sahələrində geniş istifadə olunur. Çiçəklərindən zəhərsiz və tərkibi bioloji fəal maddələrlə zəngin olan boyaq maddələri alınır ki, bunlardan da qida məhsullarının boyadılmasında istifadə edilir.

Apardığımız tədqiqatlar nəticəsində müəyyən edilibdir ki, süsənlərin əksəriyyəti dərman, bəzək və başqa faydalı xüsusiyyətləri olduqları üçün əhali tərəfindən həddindən artıq nizamsız toplandığından, təbii ehtiyyatları azalmağa başlayıbdır. Təbii sərvətlərimizin gələcək nəsillərə qorunub saxlanması, onlardan səmərəli və məqsədəyönlü istifadə olunması, muxtar respublikamızın hər bir vətəndaşının müqəddəs vəzifəsi olmalıdır.

 

                                                                                   Zülfiyyə Salayeva

                                                                     AMEA Naxçıvan Bölməsi

                                                                               Bioresurslar İnsitutunun aparıcı elmi işçisi,

                                                                                         biologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: