Yorulmaz tədqiqatçı, fədakar jurnalist: Zaleh Novruzov - FOTOLAR

A- A A+

Uca Yaradanın insan oğlunun “əyninə biçdiyi”, müəyyən etdiyi bir yol var. Doğulmaq, yaşamaq və bu fani dünyadan köç etmək. Amma həyatda o kəslər yadda qalır ki,mənalı ömür yaşayırlar, özlərindən sonra böyük bir xatirə, iz buraxıb gedirlər. Yorulmaz tədqiqatçı, Naxçıvan elmi ictimaiyyətinə yaxşı tanış olan, doqquz ilə yaxın qəzetimizin məsul-katibi vəzifəsində çalışan, hər kəsin hörmət etdiyi dəyərli pedaqoq, ziyalı Zaleh Novruzov 68 yaşında ömrünü sevənlərinin ömrünə bağışladı. Beş ildir ki, çiyin-çiyinə işlədiyim həmkarım barədə bu yazını yazmaq mənim üçün çox çətin, çox ağırdır.

Deyirlər ölüm gözlə qaş arasındadır.Amma Zaleh müəllimin haqq dünyasına qovuşmasından sonra gördüm ki, ölüm ətlə dırnaq arasındakı məsafə qədər yaxındır. Naxçıvan mediası, etnoqrafiyası, arxeologiyası üçün yorulmadan çalışan Zaleh müəllim 1952-ci lin fevral ayının 7-də Sirab kəndində anadan olub. Orta təhsilini Kərimbəyli və Sirab kəndindəki məktəblərdə alan dəyərli ziyalı 1982-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (NDU) Coğrafiya müəllimiyi ixtisasını bitiribdi. Topoqraf kimi bir neçə il ölkəmizin müxtəlif yerlərində çalışan Zaleh müəllim sonra fəaliyyətini indiki Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində, 1986-cı ildən etibarən   isə doğma kəndindəki məktəbdə  Coğrafiya müəllimi kimi davam etdirib.

90-cı illərdən etibarən mətbuatla sıx əməkdaşlıq edən, geniş mütaliə qabiliyyətinə malik və hərətərfəli insan olan  Zaleh Novruzovun yazıb-yaratmaq eşqi onu 2012-ci ildə “Şərqin səhəri” qəzetinə gətirib. 2012-2020-ci illər ərzində təkcə mətbuat sahəsində çalışmayıb, eyni zamanda etnoqrafiya və arxerologiya sahəsində geniş tədqiqatlar aparıb. Muxtar respublikanın hər dağına, qayasına, yaxşı bələd olan, onun dünənini araşdıran Zaleh müəllim bu illər ərzində Sirab kəndində, Naxçıvançay vadisində, eləcə də qədim diyarın müxətlif guşələrində  elmə məlum olmayan 60-a yaxın Eneolit dövrü abidəsi aşkarlayıb. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevlə birlikdə “Sirabda arxeoloji araşdırmalar” kitabını nəşr etdirən Zaleh müəllim son olaraq “Naxçıvantəpə” yaşayış yerini aşkar edərək tədqiqata cəlb olunmasında fədakar əmək göstərib.

Tapdığı ən sadə maddi-mədəniyyət nümunəsini belə dəyərli hesab edər, yolda, işdə gördüyü hər kəsi onlardan halı etməyə çalışar və ən sonda onu muzeyə bağışlayardı. Sabahımız üçün, gələcəyimiz üçün...Onu tanıyan, söhbətlərinə bələdçiliyi olan hər kəs deyə bilər ki, Zaleh müəllim bu axtarışları, tapıntıları müqabilində heç bir maddi maraq “güdmürdü”. Bu,onun üçün vətəndaşlıq borcu, bizim üçün əsl vətənpərvərlik nümunəsi idi.     

Unudulmaz jurnalistin yaradıcılığnda Naxçıvan etnoqrafiyası mühüm yerə malik idi. O, ata-babalarımızın zəngin etnoqrafik görüşləri, dəyərləri, mətbəx nümunələrimiz, xalq təqvimi ilə bağlı yazılmayan, öyrənilməyən mövzular haqqında danışmaq, yazmaq iqtidarında idi. Onun sayəsində el bayramlarımız, unudulan mərasimlərimiz, adət-ənənələrimiz, oyunlarımız barədə çox  oxuduq, çox öyrəndik. Keçmişlə bu günün sintezini yaratmağı bacaran Zaleh müəllimin etnoqrafiya ilə bağlı hazırladığı hər yazıda əsas istinad mənbəyi özünün geniş həyat təcrübəsi idi. “Dilimiz və etnoqtrafiyamız” kitabının müəllifi olan Zaleh müəllimə hələ də üzərindən mətbəə iyi getməyən “Etnoqrafik yaddaşımızdan” və “2010-2016-cı illərdə arxeoloji tapıntılar” kitablarını əlinə almaq qismət olmadı. Halbuki, ən böyük amalı etnoqrafiya və arxeologiya ilə bağlı yazdığı yazıları kitab halına salaraq dərs dediyi ali məktəb tələbələrinə, elmi ictimaiyyətə, ümumiyyətlə, etnoqrafiya marağında olanlara çatdırmaq idi. Amma gəl ki, ömür vəfa etmədi..

Müdriklər deyirdilər ki, millətləri yalnız və yalnız müəllimləri xilas edə bilər. Bu mənada Zaleh müəllim yüzlərlə şagirdin yetişməsində müstəsna əməyi olan, ali məktəb tələbələrinin yaddaşında peşəkar etnoqraf kimi qalan dəyərli pedaqoq idi.Yetirmələri bu gün də onun auditoriyanı ələ almaq bacarağından, geniş dünyagörüşə malik olduğu üçün danışdığı maraqlı söhbətlərdən bəhs edirlər. Hər bir şagird,tələbə üçün Zaleh müəllim daim xatırlanandır,yeri görünəndir.

Qəzetçilik həmkarımın yaradıcılığında ən mühüm və vacib mərhələni təşkil edirdi. Mən onu bu redaksiyada daha yaxından tanıdım, insanlığına, dürüstlüyünə, səmimiyyətinə, savadına, qabiliyyətinə bələd oldum. Qəzet ona övladı qədər əziz idi. 2016-cı ildə bir müddət redaktor əvəzi çalışdığı üçün qəzetçiliyin çətin və məsuliyyətli tərəflərinə də yaxşı bələd idi. Sükanı ondan təhvil aldığım üçün görmüşdüm ki, mətbu orqanı çapa hazırlayan zaman onun hər nömrəsini öz doğma övladı kimi əzizləyən, tərtibatına ciddi fikir verən, ən yaxşı və mövsümə uyğun, günün ruhu ilə səsləşən yazıların hazırlanıb səhifəyə qoyulması üçün dəridən-qabıqdan çıxan Zaleh müəllim tez-tez bir şüarı gənclərə xatırladardı:“İnsan o zaman əziyyət çəkir ki,işlədiyi işi sevmir”.

Mənə görə Zaleh müəllim əsl qəzet, mətbuat adamı idi. İxtisasca jurnalistikadan uzaq olsa da, qəlbən, ruhən bu sahəyə bağlı, yaxın insan idi. Demək olar ki,hər gün redaksiyaya yeni bir yazı, yeni bir mövzu ilə gəlirdi. Hər ay muxtar respublikanın mərkəzi mətbuat orqanı olan “Şərq qapısı” qəzetində yazıları dərc olunur, şəhər və rayon qəzetlərinə yazılar göndərirdi. Naxçıvan Dövlət Televiziyasında yayımlanan “Karvan” verilişinin uzun illər bələdçisi olan Zaleh müəllim qədim diyarın ilk informasiya agentiliyi olan “Nuhçıxan”la da əməkdaşlıq edirdi. Hətta ötən il agentliyin yaranmasının 1 illik yubileyində onu səmərəli fəaliyyətinə görə qiymətli hədiyyə və diplomla təltif etmişdilər.

Oturub bir-bir sosial şəbəkələrdə Zaleh müəllimlə bağlı yazılan rəylərə, fikirlərə, bölüşülən xatirələrə baxıram.Deyirəm nə xoşbəxt imişsən əziz həmkarım!.İndi görürəm ki, 68 illik ömrü bada verməmisən, illəri hədər yerə axıtmamısan.Mənalı ömür sürmüsən,ziyalı ömrü yaşamısan Zaleh müəllim. Həyatı mənalı yaşayıb xatirələrdə xoş anılmaq hər Allah bəndəsinə nəsib olan iş deyil. Sən hər zaman maraqlı yazılar müəllifi, tədqiqatçı-jurnalist və ən əsası mehriban iş yoldaşı kimi qəlbimizdə yaşayacaqsan. Sənin dünyadan köçməyin Naxçıvan elmi ictimaiyyəti üçün də olduqca ağırdır. Çünki qədim diyar Hacı Qadir Qədirzadədən sonra daha bir dəyərli, peşəkar etnoqrafını itirdi. Və biz artıq bir neçə gündür işə sənsiz başlayır, sənsiz başa vurur, qəzeti sənsiz çapa hazırlayırıq.Aramızdan vaxtsız ayrılışın qəlbimizdə dərin bir sarsıntı, ruhumuzda böyük bir qəhər buraxdı. Amma həyat davam edir. Əminəm ki,redaksiya kollektivinə qəzetin işini axsatmamağı, daha yaxşı çalışmağı arzu edirsən.Qəzeti yaxşıların yaxşısı cərgəsində görmək istəyirsən. Amma biz Milli Mətbuatın 145 illik yubileyinə başqa cür hazırlaşır, başqa xəyallar qurmuşduq Zaleh müəllim!..Bircə bu vaxtsız ölümdən başqa...

                                                                 Muxtar Rzazadə

                                           “Şərqin səhəri”qəzetinin redaktoru  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: