145-in KADRARXASI – Ziya Məmmədov - FOTOLAR

A- A A+

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir. Bu münasibətlə NUHÇIXAN İnformasiya Agentliyi “KADRARXASI” rubrikasını öz izləyicilərinə təqdim edir.

Bu rubrikada əsasən həyatını milli mətbuat və teleradionun inkişafına həsr etmiş, lakin çoxlarımızın yaxından tanımadığı, öz işlərini daha çox kadr arxasında görən media  fədailəri gündəmə gətirilir.

Beləliklə, “KADRARXASI”nda bu dəfə   “Əcəmi”  Nəşriyyat -Poliqrafiya Birliyi”nin  Kompüter şöbəsinin müdiri, dizayner Ziya Məmmədovdur.

Qısa təqdimat:

-Məmmədov   Ziya  Məmməd     oğlu  1975-ci ildə  Naxçıvan şəhərində anadan olub.

-1992-ci ildə İslam Səfərli adına Naxçıvan şəhər 1 nömrəli orta məktəbi  bitirib.

-1995-ci ildə Türkiyə Respublikasının   Anadolu   Universiteti Eskişehir Yüksekokulunun “Mətbəə Proqramçılığı”  bölümünü bitirib

-1999-cu ildə  Qazi Universiteti “Texniki Eytim” fakültəsində   “Mətbəə müəllimliyi  ” ixtisası üzrə  təhsil alıb.

-İlk əmək fəaliyyətinə 2001-ci  ildə  “Şərq qapısı” qəzetində başlayıb. Dizayner və fotomüxbir olaraq  fəaliyyət göstərib.

-2007-ci  ildən  “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində Kompüter şöbəsinin müdiridir.

-2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncam ilə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.

Ailəlidir, iki övladı var.

Nəşriyyat işinin peşəkarlarından olan Ziya Məmmədovun adını çoxdan eşitsəm də özü ilə  ilk dəfə tanış oldum. Öyrənəndəki “145-in KADRARXASI”nda bu dəfə Ziya Məmmədov var, yollandım “Əcəmi”Nəşriyyat-Poliqrafiya Birliyinə. O, həmişəki kimi işinin başında idi.  Rayon qəzetlərindən birinin tərtibatı ilə məşğul idi.

Bu gün muxtar respublikamızda  müxtəlif adlı  onlarla kitab, jurnal, qəzet və s. çap olunur. Həvəslə oxuduğumuz hər bir çap məhsulunda məhz onun alın təri var. Yüksək zövqlə və xüsusi yaradıcılıqla ərsəyə gələn hər bir materiala öz möhürünü vurur desək, yəqin ki, yanılmarıq. Əsl mətbuat fədaisi, mətbuatımızın “ürəklə döyüşən”əsgəridir. Nə zaman yolunuz nəşriyyatdan düşsə, onu həmişə işinin başında görərsiniz.  Sakit, səmimi, təmkinli və diqqətcil –Ziya Məmmədov.

Bu bir həqiqətdir ki, qəzetin simasını formalaşdıran əsas amillərdən biri də dizayn işidir. Ziya Məmmədovun  bu sahəyə  böyük marağı olub. Tələbəlik illərində təhsil almaqla yanaşı, həm də mətbəələrdə çalışıb, “Hürriyət” qəzetinin, “Anadolu” ajansının  Ankara bürosunun  mütəxəssilərindən bu sahənin incəliklərini öyrənib.

Həmsöhbətim deyir ki, çap məhsulunun tərtibatı onu oxunaqlı edən əsas amillərdən biridir. Mətbuat nümunəsi elə tərtib olunmalıdır ki, oxucu marağını cəlb etsin, oxucunu “çağırsın”. Dizayner çapa hazırlanan hər materialın mövzusuna dərindən bələd olmalı, onu məğzini əks etdirən tərtibat verməlidir. Qəzetin tərtibatında əsas amillərdən biri də mövzuya uyğun yerləşdirilən şəkillərdir. Şəkildə yazının ruhu duyulmalıdır.

Hər gün alıb oxuduğumuz kitablar, jurnallar və qəzetlər nəşriyyatlarda işıq üzü görərək, nəfis tərtibatla biz oxucuların öhdəsinə verilir. Bu gün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi də yüksək səviyyədə texniki avadanlıqlarla təmin olunaraq nəşriyyat işinə öz töhfəsini verir. Burada qəzetlərdən əlavə, Naxçıvanda fəaliyyət göstərən elm və mədəniyyət müəssisələrinin əməkdaşları, elm adamları, şair, yazıçılar tərəfindən təqdim edilən müxtəlif çap sifarişləri yüksək standartlar və müasir dizayn əsasında qısa müddətdə  nəşr edilir. On ildən artıqdır ki, dizayner kimi fəaliyyətini nəşriyyatda davam etdirən Ziya Məmmədov əvvəlki illərlə müqayisədə bu gün müasir avadanlıqların onların işini çox asanlaşdırdığını  deyir.

“O vaxtlar bu cür maddi-texniki imkanlar  mövcud deyildi. Formatı kiçik olan qəzetlər ağ-qara çıxırdı. Kompüterlərdə indiki kimi rəngayırma  da  yox idi. Qəzeti yarı-yarı çıxardırdıq. Keyfiyyət  yaxşı olmurdu. İmkanlar zəif olduğuna görə nəşrlər  çox vaxt aparırdı. 2010- cu ildən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində dünya standartlarına cavab verən kompüterlər, skanerlər, böyük printerlər ixtiyarımıza verildi. Rəngli “Photoshop” proqramı ilə işləyirik. Səhifəni birbaşa rəngli qəzet formatında çıxarda bilirik”.

Nəşriyyatda dizayner olmaq böyük məhsuliyyət  tələb edir. Əminliklə demək olar ki, Ziya Məmmədov öz işinin öhdəsindən böyük həssaslıqla gəlir. Gün boyu onlarla nəşrlə tanış olur, onlara tərtibat  verir.

Kitablar insanlar üçün heç vaxt dəyərdən düşməyən bilik mənbələridir. Düzdür, müasir dövrdə internetdən kitab oxuyan insanlar da az deyil. Amma, yaxşı dizayn olunub, yüksək poliqrafik keyfiyyətlə nəşr olunan kitablar hər zaman oxucu marağına səbəb olur. 

Söhbətimiz zamanı təcrübəli dizaynerdən işin sirrlərini də öyrənməyə çalışdıq.

“Müəlliflə razılaşıb kitabın rəngli və ya rəngsiz olmasını, formatını, çap vərəqini müəyyənləşdiririk, şəkillərin ölçüsünü və yerini qərarlaşdırırıq. Nəşr hazır olduqda bir nüsxəsi çıxarılıb müəllifə verilir. Düzəlişlər edildikdən sonra son variantına yenidən baxılır və çapa verilir. Qəzetlə müqayisədə kitabların dizaynı çox vaxt aparır. Amma, sonda o nəşri əlinə alıb, baxanda bütün çətinliklər unudulur”.

Dizaynerin  həm də yaradıcılıq qabilliyəti, rəssamlığı olmalıdır. Ziya  Məmmədovun ixtisaslı kadr kimi öz işinə böyük sevgisi, illərin gərgin əməyi onun rəssamlıq qabiliyyətini də formalaşdırıb. Deyir ki, dizaynerin xəyal gücü, dünyagörüşü olmalıdır. Dizayner işləmək tək qəzet, jurnal, kitab yığmaq deyil. Eyni zamanda mətbəə işini, onun texniki tərəflərini, kağız formatlarını, çap texnikasını, kəsim  prosesini də nəzərə almaq, incəliklərinə bələd olmaq lazımdır. Nəşriyyata təqdim olunan hər bir  materiala  ilk olaraq  dizayner  baxdığına görə, bütün  bu proseslər onun gözündən yayınmamalıdır.

2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə  “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunan  təcrübəli dizaynerin bu illər ərzində işini sevə-sevə öyrətdiyi gənclər də az olmayıb. Təcrübəsini paylaşdığı və işin incəliklərini öyrətdiyi  Abbas Əliyev, Pərvin  Zülfüqarov, Pərvin Sadiqov bu gün onunla çiyin-çiyinə çalışır.

Müasir dövrümüzdə dizayn sözünü çox işlədirik. İnteryer dizaynı, səhnə dizaynı və s. Bu söz müxtəlif sahələrdə işlədilsə də  bir məqsədə xidmət edir-zövq oxşayan görünüş... Qəzetin tərtibatı da onun poliqrafiya bazasının zənginliyindən əlavə, mətbəə və redaksiya işçilərinin  texniki tərtibat qaydalarını bilməklərindən  çox asılıdır.  Mətbuat isə çətin və məsuliyyətli bir sahə, sözün əsl mənasında işini sevənlərin məkanıdır. Bu sahədə dizayn nə qədər peşəkar olsa, bir o qədər oxucu marağını cəlb edəcək. Əminliklə demək olar ki, dünəndən bugünə boylanan milli mətbuatımızın simasını formalaşdıran dizaynerlər də bu gün mətbuat səhifələrində “Əkinçi” ənənələrini yaşadırlar. Simaları görünməsə də, işləri hər zaman göz önündədir. Təkcə bu gün deyil, illər sonra da neçə-neçə nəsillər bu nəşrləri əlinə alanda Ziya Məmmədovun bacarığını, qabiliyyətini görəcək. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində daha neçə-neçə gənc dizayner onun təcrübəsindən bəhrələnəcək.  Bu çətin və məsuliyyətli işdə Ziya Məmmədova uğurlar arzu edirik...

                                                                            Türkanə Əmoyeva

                                                                                     NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: