Naxçıvanın 24 aborigen üzüm sortu ABŞ-ın Kaliforniya ştatında əkilib
Bu, muxtar respublika aqrar alimlərinin nailiyyətidir
Torpağı və xalqı təkcə silahla müdafiə etmirlər. Onun maddi və mənəvi dəyərlərini araşdırmaq, tədqiq etmək və gələcək nəsillərə çatdırmaq da vətəni qorumaqdır. Naxçıvan MR-də meyvə və üzüm genofondunun qorunması, seleksiya yolu ilə zənginləşdirilməsi, gələcək nəsillərə ötürülməsi və iqtisadi əhəmiyyətli sortların istehsalata yönəldilməsi məhz bu məqsədə xidmət edir.
AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun "Meyvə, tərəvəz və üzümçülük” laboratoriyasında regionun əsas maddi sərvətlərindən olan meyvə və üzüm genofondunun tədqiq olunması, qorunması, seleksiya yolu ilə zənginləşdirilməsi, aqrotexnikasının öyrənilməsi, iqtisadi əhəmiyyətli sortların istehsalata yönəldilməsi istiqamətində məqsədyönlü elmi araşdırmalar aparılır. Hələ 2003-cü ildən başlayaraq laboratoriyada "Naxçıvan Muxtar Respublikasının bioresurslarının öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları” mövzusu üzrə elmi araşdırmalara başlanılmışdır. 2016-2020-ci illər elmi-tədqiqat dövrü üçün planlaşdırılmış "Naxçıvan Muxtar Respublika ərazisində yayılmış yabanı və mədəni meyvə-giləmeyvə, tərəvəz bitkilərinin genofondunun toplanılması, tədqiqi və səmərəli istifadəsi” və "Genetik üsulların təkmilləşdirilməsi əsasında eksperimental yolla alınmış yeni üzüm sort və formaların ampeloqrafiq xüsusiyyətlərinin tədqiqi və seçmə işləri” adlı iki mövzu üzrə elmi-tədqiqat işləri günü bugünəcən davam edir.
"Meyvə, tərəvəz və üzümçülük” laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyev deyir ki, 17 ildir muxtar respublika ərazisində yayılan müxtəlif yabanı, həmçinin mədəni meyvə növ və sortların genofondunun tədqiqi, müxtəlifliyinin tərkibi, genetik xüsusiyyətlərinin araşdırılması, toplanması, iqtisadi səmərəli olanların seçilməsi, təsərrüfat əhəmiyyətli sortlarının yaradılması, istehsalata yönəldilməsi və istifadəsi istiqamətində çoxsaylı elmi-tədqiqat işləri aparırlar. Bu dövr ərzində əldə olunan mühüm nəticələr Azərbaycan, eləcə də ABŞ, Almaniya, Bolqarıstan, İsveçrə, Gürcüstan, Orta Asiya ölkələri və Rusiya Federasiyasının nüfuzlu elmi jurnallarında nəşr olunub.
V.Quliyev onu da bildirdi ki, Naxçıvan Muxtar Respublikası ərazisində aparılan tədqiqatlar nəticəsində yabanı meyvə və giləmeyvə bitkilərindən alma, armud, quşarmudu, yemişan, alça, gavalı, itburnu, zirinc, böyürtkən, qarağat, çaytikanı, itüzümü cinslərinə daxil olan növlərin sistematik tərkibi və yayılma zonaları öyrənilmiş, təbii ehtiyatı və səmərəli istifadə yolları araşdırılmışdır: "Müəyyən olunmuşdur ki, hazırda muxtar respublika florasında almanın bir növ iki variasiya, 21 formasına, armudun 17 növ 3 variasiyasına, zirincin 6 növ və 2 formasına, quşarmudunun 17, yemişanın 17, çaytikanının 1, böyürtkənin 3, itüzümünün 3, qarağatın 2, itburnunun 30, alçanın 4, gavalının isə 6 növünə yabanı halda rast gəlinir. Aparılan çoxillik tədqiqatlar nəticəsində ilk dəfə olaraq Azərbaycan və Naxçıvan Muxtar Respublikası floraları üçün yeni olan 6 fəslə 9 cinsə aid 29 növ, 5 variasiya və 2 forma müəyyən edilmişdir. Tədqiqatlar nəticəsində növlərin təbii ehtiyatı hesablanmış və istifadə imkanları müəyyənləşdirilmişdir”.
Müasir dövrdə muxtar respublikada meyvəçilik və üzümçülük aqrar sektorun prioritet sahələrindəndir və bu istiqamətdə mühüm dövlət tədbirləri həyata keçirilir. Belə ki, Naxçıvan MR Ali Məclisi Sədrinin 2012-ci il fevralın 14-də imzaladığı sərəncamla təsdiq edilmiş "2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və 2016-cı il 8 fevral tarixli sərəncamı ilə təsdiqlənmiş "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” regionda meyvəçiliyin genişləndirilməsinə, əhalinin yerli meyvə məhsulları ilə etibarlı təminatının yaxşılaşdırılmasına mühüm töhfələr vermişdir. Qəbul edilən dövlət proqramlarına uyğun olaraq, laboratoriyada meyvə genofondunun tədqiqi, sort tərkibinin müəyyənləşdirilməsi, tətbiqyönümlü sortların öyrənilməsi, seçilməsi və iqtisadi qiymətləndirilməsi məqsədilə araşdırma aparılmışdır.
Varis Quliyev qeyd etdi ki, tədqiqat dövrü muxtar respublikada tumlu, çəyirdəkli və qoz meyvələrin genofondu tədqiq olunmuş, tətbiqyönümlü sortlar aşkarlanmış, hər bir ərazidə neçə sort və formaların yayıldığı müəyyən edilmiş, onlar üzərində qiymətləndirmələr aparılmışdır. Aparılan elmi-tədqiqat işləri nəticəsində müəyyən edilmişdir ki, ərazidə tumlu meyvələrdən alma, armud, heyva, əncir, əzgil, nar, tut, yemişan, çəyirdəkli meyvələrdən albalı, gilas, şaftalı, ərik, alça, zoğal, qoz meyvələrdən isə qoz, badam, fındıq, püstə və başqa növlər geniş yayılmışdır. Ekspedisiyalar nəticəsində məlum olmuşdur ki, ərazidə müvafiq növlər üzrə tumlu meyvələrdən almanın 116, armudun 51, heyvanın 10, əzgilin 1, tutun 5, əncirin 4, narın 6, yemişanın 18 sortu, çəyirdəkli meyvələrdən gilasın 14, gilənarın 7, gavalının 14, zoğalın 1, alçanın 21, göyəmin 2, əriyin 31, şaftalının 14 sortu mövcuddur. Ərazidə, həmçinin qozun 26, püstənin 2, badamın 8, limonun 4 sortunun yayıldığı aşkarlanmışdır. Bu zəngin genofonddan səmərəli istifadə edilərsə, muxtar respublika əhalisini sitrus meyvə sortları istisna olmaqla, yerli məhsullar hesabına tumlu və çəyirdəkli meyvə belə təmin etmək mümkündür.
Son dövrlər Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında üzümçülüyün genişləndirilməsinə diqqət artmaqdadır. Prezident İlham Əliyevin "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 15 dekabr 2011-ci il tarixli sərəncamında üzümçülüyün müasir vəziyyəti, inkişafının məqsəd və vəzifələri, əsas istiqamətləri, maliyyə mənbələri və gözlənilən nəticələr müəyyənləşdirilmişdir. Muxtar respublikada da üzümçülüyün və ona uyğun istehsal sahələrinin yenidən inkişaf etdirilməsi, yox olmaq təhlükəsi ilə üzləşən üzüm genotiplərinin qorunması, perspektivli sortların fermer və özəl təsərrüfatlarda geniş becərilməsinə nail olunması günün aktual problemlərindəndir.
Laboratotiyada üzümçülüyün genofondunun öyrənilməsi, sort müxtəlifliyinin, perspektivli genotiplərin müəyyənləşdirilməsi, ampeloqrafik və genetik xüsusiyyətlərinin araşdırılması, iqtisadi qiymətləndirilmələrin aparılması, yeni sortların introduksiyası, kompleks davamlı və şaxtaya dözümlü sortların əldə olunması istiqamətində müxtəlif seleksiya üsulları ilə məqsədyönlü elmi-tədqiqat işləri aparılır. Artıq regionda üzümçülüyün qədim tarixə malik olmasını sübut edən yabanı üzüm növü öyrənilmiş, 6 variasiya müxtəlifliyi müəyyənləşdirilmiş, ilk dəfə olaraq yeni variasiya aşkar edilmişdir. Həmçinin becərilən üzüm sortlarının genofondu tədqiq edilmiş sort və forma müxtəlifliyi araşdırılmış və qiymətləndirilmişdir. Tədqiqat dövrü davamlı olaraq muxtar respublikada üzüm genofondunda müxtəlif genetik irsi əlamətlərə malik olan genotiplərin və müsbət irsi əlamətli donorların müəyyənləşdirilməsi, üzümçülükdə kəmiyyət və keyfiyyət dəyişikliklərinin qanunauyğunluqlarının tədqiqi, iqtisadi səmərəliyin hesablanması, seleksiya işlərinin aparılması yolu ilə yeni sort və formaların yaradılması, onların istehsalata yönəldilməsi istiqamətində məqsədyönlü tədqiqat işləri aparılmış və mühüm elmi-praktiki əhəmiyyət kəsb edən elmi nəticələr əldə olunmuşdur. Tədqiqat dövrü ilk dəfə olaraq "Üzümdə çiçəkləmə dövrü, qametogenez mərhələdə genom mutasiyasının alınması metodikası” işlənib hazırlanmışdır. Eyni zamanda "Naxçıvan Muxtar Respublikasında aborigen üzüm sortlarının rəqəmsal ampeloqrafik təyini” üsulu hazırlanmış, 92 sortun rəqəmsal təyinatı aparılmışdır. Müxtəlif genetik üsullarla-klassik hibridləşdirmə yolu ilə 200-dən çox hibrid təbiətli üzüm formaları seçilmiş, eksperimental poliploidiya və klon seleksiyası yolu ilə məqsədyönlü seleksiya işləri aparılmış, təsərrüfat əhəmiyyətli, stres amillərə davamlı, yüksək məhsuldarlığa və şəkərliliyə malik olan 50-dən çox perspektivli formalar əldə olunmuşdur. Bunlardan əlavə, genofonda daxil olan 120-dən çox üzüm sortunun biomorfoloji, aqrotexnoloji xüsusiyyətləri və xəstəliklərə qarşı davamlılığı tədqiq edilmiş, beynəlxalq miqyasda qəbul olunmuş qayda üzrə ampelo-deskriptor xüsusiyyətləri araşdırılmış, rəqəmsal ampeloqrafiya əsasında irsi əlamətləri kodlaşdırılmış və şifrələnmişdir. İntroduksiya olunmuş 23 sortun adaptasiya olunma, əsas biomorfoloji və aqrobioloji xüsusiyyətləri araşdırılmış, muxtar respublika ərazisində üzümlüklərdə becərilməsi üçün 5 süfrə, 4 texniki istiqamətli daha perspektivli sortlar seçilmişdir.
Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının 28 üzüm sortu Azərbaycan Dövlət Aqrar Universitetinin, 42 sortu Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun təcrübə sahələrində, 24 aborigen üzüm sortu isə ABŞ-a aparılaraq Kaliforniya ştatında üzümlüklərdə əkilmişdir. Seleksiya yolu ilə alınan 7 yeni üzüm forma-sortu istehsalata tətbiq üçün Seleksiya Nailiyyətlərinin Mühafizəsi Üzrə Dövlət Sort Sınaq Komissiyasının xətti ilə Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinin "Araz” Elmi İstehsalat Birliyinin təcrübə sahəsində əkilərək yoxlamadan keçirilməklə sınaq müddəti başa çatmışdır.
Tədqiqat dövründə əməkdaşlar nüfuzlu elmi konfrans və simpoziumlarda fəal iştirak etmişlər. Əməkdaşların 345 elmi əsəri, 16 monoqrafiyası nəşr olunmuşdur.
Türkanə BƏYLƏRLİ
AMEA Naxçıvan Bölməsinin əməkdaşı