Naxçıvan şəhərində yaşayış binaları təmir olunur

A- A A+

Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sakinlərin rifah halının yüksəldilməsi daim  diqqət mərkəzində saxlanılan məsələlərdəndir.

Əsaslı təmir işləri aparılan binalardan biri də şəhərin Zəroş Həmzəyeva küçəsində yerləşir. Həmin küçədəki 117 nömrəli dördmərtəbəli binada aparılan əsaslı yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir. Ötən əsrin ortalarında istifadəyə verilən bina bugünkü tələblərə cavab vermədiyindən tamamilə yenidən qurulub. Binanın təməli möhkəmləndirilib, giriş qapıları, dam örtüyü, kommunikasiya xətləri, mənzillərin pəncərələri dəyişilib, binada lazımi kommunal-məişət şəraiti yaradılıb.

Hazırda binada son tamamlama işləri görülür, ətraf ərazi səliqəyə salınır, piyada yollarına kilid daş düzülür, gülkarlıqlar yaradılır və işıqlandırma sistemi qurulur.

Həmçinin şəhərdə əsaslı şəkildə yenidən qurulan yaşayış binalarından biri də Heydər Əliyev küçəsindəki 64 nömrəli binadır. Bu obyektdə də inşaat işləri Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçılarına həvalə olunub.

Vaxtilə qanunsuz olaraq binaya əlavə edilən yöndəmsiz tikililər sökülüb və binada əsaslı təməlbərkitmə işləri aparılıb. Öhdələrində olan işi vaxtında və yüksək keyfiyyətlə görməyə çalışan inşaatçılar binada hər cür kommunal-məişət şəraitinin yaradılması üçün səy göstərirlər. Artıq binanın elektrik, qaz, rabitə və kanalizasiya xətləri yenilənib, fasadı yerli daş məhsulları ilə üzlənib.            

                                                                      Tural Tapdıqlı

                                                                  “Nuh yurdu”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: