Şahbuz rayonunun dağında, dərəsində bitən dağ nanəsinin bu günlərdə yığım vaxtıdır. Dağ nanəsi tam çiçək açan zaman toplanılır və kölgədə qurudulur. Qurudulmuş dağ nanəsi ədviyyat kimi ət, balıq, quş və tərəvəzlərdən hazırlanmış müxtəlif xörəklərə xoş ətir verir və vitaminlərlə zənginləşdirir. Ətirli ədviyyat bitkisi kimi nanənin 3 növündən istifadə edilir: dağ nanəsi, sünbülvari nanə, bağ nanəsi və yaxud ətirli nanə.
Analarımız, nənələrimiz dağ nanəsindən süfrələrimizi bəzəyən, milli xörəklərimizin dadını, tamını artıran ən yaxşı ədviyyat kimi hər zaman istifadə ediblər. Dadına, tamına görə yabanı halda bitən dağ nanəsi həyət nanəsindən fərqlənir. Təkcə ədviyyat kimi deyil, bir çox xəstəliklərin müalicəsində məlhəm kimi də qiymətlidir bu bitki. Nanə əhval-ruhiyyəni və beynin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir, yuxunu normallaşdırır, baş ağrılarını aradan qaldırır, arterial təzyiqi aşağı salır. Yuxusuzluqdan əziyyət çəkən insanlar hər axşam yatmazdan əvvəl nanə çayı içməklə onun faydasını görərlər. Nanə həzm sistemi üçün də çox faydalıdır. Kosmetologiyada da geniş istifadə olunur. Ona görə də mövsümündə Şahbuz rayonunun ərazisində olan bu bitkidən yığıb sonrakı aylar üçün tədarük edənlər həm də sağlamlıqlarının qayğısına qalırlar.
“Oğuz səsi”qəzeti