“İslam dini və ailə dəyərləri” mövzusunda konfrans keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Naxçıvan” Universitetində “İslam dini və ailə dəyərləri” mövzusunda konfrans keçirilib. “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” tədbirləri çərçivəsində keçirilən konfransda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, ailə dəyərlərinə və cəmiyyətin dini-mənəvi ehtiyaclarına son dərəcə qayğı ilə yanaşan Ümummilli lider ölkəmizə rəhbərliyinin bütün dövrlərində ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirib, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərib. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda ailə siyasəti uğurla həyata keçirilir. Belə ki, sağlam ailələrin formalaşması üçün hüquqi baza daima yenilənir. Ailəyə yönəlmiş tibbi xidmət infrastrukturu təkmilləşdirilmişdir.
Muxtar respublikada da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən ailə siyasəti uğurla həyata keçirilir. Belə ki, ailə institutunun cəmiyyətdəki mövqeyinin daha da möhkəmləndirilməsi, ailələrin rifah halının yaxşılaşdırılması, möhkəm təməlli ailə ənənələrimizin saxlanılması və ailə dəyərlərinin qorunması ilə bağlı konkret işlər görülür.
Vurğulanıb ki, İslam dinində də ailə dəyərlərinə xüsusi önəm verilir. İslam dinində ailəyə, uşağa, qadına, böyüyə hörmət, kiçiyə nəvaziş, təhsil və tərbiyənin insan həyatında əhəmiyyəti, adət-ənənəyə münasibət xüsusi qeyd olunur.
Tədbirdə AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev və digərlərinin mövzu ilə bağlı çıxışları dinlənilib.
Qeyd edək ki, konfrans Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və “Naxçıvan” Universitetinin təşkilatçılığı ilə həyata keçirilib.
Konfransda Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura, şəhər və rayon dini icma sədrləri, ali təhsil müəssisələrinin müəllimləri və “Naxçıvan” Universitetinin tələbələri iştirak ediblər.