“Naxçıvan” Universitetində III Beynəlxalq Gənclik Araşdırmaları Konqresinin iştirakçısı Aydoğan və Bandırma On Yedi Eylül Universitetinin prorektoru Zülfikar Bayraktar Naxçıvanla bağlı təəssüratlarını NUHÇIXAN-la bölüşüb. Türkiyəli elm adamı bildirib ki, biz konqresə gələn zaman Naxçıvanla bağlı o qədər də bilgimiz yox idi. Naxçıvan Türkiyənin şərqində və sərhədindədir. Biz isə onu olduğu kimi yaxşı tanımırdıq. Bura gələn gündən hər şey diqqətimi cəlb etdi. Hava limanından çıxıb şəhəri gəzdik. Çox təəccübləndim. Yollar, binalar, onların memarlığı o qədər gözəl idi ki. Yolların təmizliyi məni əməllicə çaşdırdı.
Türkiyəli qonaq onu da vurğulayıb ki, indiyə qədər Naxçıvana gəlmədiyinə çox təəssüflənir: “Biz turist kimi Avropaya gedirik, amma bilmirik ki, qonşuluğumuzda Naxçıvan kimi bu cür gözəl bir məkan var”.
Ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlət” ifadəsini xatırladan professor Zülfikar Bayraqdar bunun çox vacib bir məsələ olduğunu deyib: “Dünyanın beynəlxalq səhnəsindəki dövlətlərdə qardaş deyilən bir ifadə yoxdur. Bu ifadə sadəcə iki dövlət arasında işlənir-bu Azərbaycan və Türkiyədir. Bu çox vacibdir. Naxçıvan həm Türkiyədir, həm Azərbaycandır. Sizin dərdiniz bizim dərdimizdir. Siz Günnüt kəndinin 11 min hektarını azad edəndə biz Türkiyədə bayram etdik”.
Professor Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın təkcə siyasi məqamlara deyil turizmə də güclü təsiri olacağını vurğulayıb. Amma müasir dünyamızda daha çox populyar olan sosial şəbəkələrdə Naxçıvanın yetərincə təbliğ olunmadığını qeyd edib.
“Adətən turistlər hansısa ölkəyə gedərkən, onlar internet üzərindən həmin yerlə bağlı məlumatlar toplayırlar. Mən Naxçıvanla bağlı sosial mediada çox məlumat tapa bilmədim. Halbuki, burda Duzdağ kimi möcüzə var, səlcuqlar dövrünə aid abidələr var. Dünən gəzdik, beş min illik bir qalaya getdik. Bu inanılmaz bir tarixdir. Şəhərdə muzeylərdə, mədəniyyət abidələrində olduq. Sosial mediada Naxçıvanın tanınması üçün daha geniş layihələrə ehtiyac var. Bununla da indiki turizm potensialı 10 dəfə artırıla bilər. İkinci isə buraya gələn turistlərə göstərilən xidmətlə bağlıdır. Burada da təkmilləşdirməyə ehtiyac duyulur. İstər otel, istər qonaqpərvərlik baxımından bu vacibdir”, - deyən türkiyəli alim Naxçıvanın abidələrinin YUNESKO-nun mədəni irs siyahısına salınmalı olduğunu da qeyd edib. Bu üç komponent birləşsə onda Naxçıvan turizmin mərkəzinə çevriləcəkdir. Türkiyəli həmvətənlərinə isə bu cür çağırış edib: “Türkiyədə bir çox adam Kiprə gedir. Uşaqlarını Kiprdə oxutdurmaq istəyirlər. Mənim fikrimcə, biz uşaqlarımızı Naxçıvana göndərməliyik. Naxçıvan o barədə daha yaxşıdır. Bu, məsafə, maddi, iqlim, şəhərin inkişafı baxımından belədir. Naxçıvan tam bir tələbə şəhəri olmağa namizəddir”.
Türkiyəli professor Naxçıvanı bu istiqamətdə hətta dünyada nümunə ola biləcək bir şəhər kimi qiymətləndirib.
Səməd Canbaxşiyev