Naxçıvan möcüzəsi - FOTOLAR

A- A A+

3 il bundan öncə övladımın əlindən tutub ilk dəfə məktəbə apardığım zaman başımı qaldırıb böyük və yaraşıqlı məktəb binasına baxdıqda yenidən o günlər canlanmışdı gözlərim önündə. Çox çətinliklə xatırladığım uşaqlıq illəri mənim yaddaşımda tozlu-dumanlı Naxçıvanı hələ də yaşadır. Kirada yaşadığımız evimizlə gözlərinin yarısı çatlamış şüşələrləri, sellofan örtüklə tutulmuş pəncərələri, fasadında nə vaxtsa mavi rəngin olduğunu bəlli edən solğun divarları ilə 39 nömrəli (indiki müasir 15 nömrəli) tam orta məktəb arasındakı o yolları illər uzunu toza-dumana qataraq qət etmişəm. Nə yaxşı ki, o çətin günlər oxumaq həvəsimizi itirmədi. Qışda palçığı, yayda tozu ilə xatırladığımız məktəb yolları indi mənim üçün sıradan bir yol deyil. Məni ötən illərin solğun xatirələrinə daşıyan həmin yol, indi xoşbəxt bir diyarın abadlaşan bir hissəsinə çevrilərək övladlarımızı elmə, biliyə, Vətənimizi parlaq gələcəyə aparır. İndi bu yollara, məktəb binalarına, bütövlükdə muxtar respublikanın hər bir guşəsinə, böyüyüb qəsəbəyə çevrilən, şəhərləşən kəndlərinə şahidlik etməklə Naxçıvan möcüzəsinin əsl şahidi olursan.

Qurucu rəhbər, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun uğurla davam etdirildiyi doğma Naxçıvan bütün çətinliklərə sinə gərdi, yeni bir eraya – quruculuq və inkişaf dövrünə qədəm qoydu. Müstəqillik illərinin ərməğanı olan yüzlərlə təhsil və səhiyyə müəssisəsi, inzibati və yaşayış binaları, abadlığı və gözəlliyi ilə bir-biri ilə yarışa girmiş kənd yaşayış məntəqələri, tikilən və ya yenidən qurulan məscidlər, bərpa olunan və ya yenidən qurulan tarixi abidələr, abadlaşan yollar və körpülər, salınan minlərlə hektar yaşıllıqlar, istifadəyə verilən iri zavod və fabriklər, çoxsaylı istehsal müəssisələri, rahat və müasir nəqliyyat infrastrukturu, dayanıqlı enerji təminatı müasir Naxçıvanın hələ də möcüzə kimi görünən reallıqlarıdır.

Şüarçılıq yox, real iş

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun çıxışlarının birində irəli sürdüyü “şüarçılıqla yox, real işlə məşğul oluruq” konsepsiyası Naxçıvanda bütün sahələrdə özünü real göstərir. Dönüb yaxın keçmişimizə nəzər yetirdikdə müstəqillik illərindən başlayaraq Naxçıvanda verilən bütün vədlərə, qarşıya qoyulan hədəflərə nail olunduğunun əminliklə şahidi oluruq. 1996-cı ildən bəri qəbul edilən dövlət proqramlarının hər bir müddəası yerinə yetirilməklə bu gün dünyaya nümunə göstərilən Naxçıvanın bütün sahələr üzrə inkişafı təmin edilib.

Təbii ki, bu sahələrin önündə təhsil dayanır. Çünki Ali Məclis Sədrinin də dediyi kimi, “Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir”. Bugünkü bilikli və vətənpərvər gənclərimizin timsalında bir daha əmin oluruq ki, gələcəyimiz etibarlı əllərdədir. Çünki bu gənclər dövrün tələblərinə, innovativ çağırışlara cavab verən ən müasir məktəb binalarında təhsil alır, mütərəqqi təhsil imkanlarından yararlanırlar. İndi Naxçıvan şəhərində də, sərhəddə mətinliklə dayanan ucqar Havuş kəndində də məktəb binalarına daxil olduqda eyni mənzərənin şahidi oluruq: istilik sistemi ilə təchiz edilmiş geniş sinif otaqları, müasir vəsaitlərlə təmin edilmiş laboratoriya və fənn kabinələri, texnoloji yenilikləri özündə əks etdirən kompüter otaqları və elektron lövhəli siniflər, zəngin fonda malik məktəb kitabxanaları, geniş idman zalları.

Bütün bunlar məsələnin bir tərəfidir. Digər tərəfdən isə “hər kəs təhsil almalıdır” konsepsiyasının irəli sürülməsi, fikrimcə, diyarımızda insan amilinə verilən ən yüksək dəyər, xoşbəxt gələcəyimizə hesablanan konsepsiyadır. Bu məqamda keçmiş günlərdən heç zaman unutmayacağım bir xatirə də yadıma düşdü. 2014-cü ildə çəkiliş heyətimizlə birlikdə bayaq adını qeyd etdiyim ucqar dağ kəndi Havuşa yollanmışdıq. Həmin günə qədər yolum düşmədiyi üçün o kəndə getmək məni də həyəcanlandırmışdı. Düşmənin bir addımlığında, yüksəklikdən ovuc içi qədər kiçik görünən Havuşda boy-boya vermiş yaşıl ağacların fonunda gözəl tikililər xoş təəssürat bağışlamışdı. Onların arasında ən yaraşıqlısı, təbii ki, məktəb binası idi. Amma məndə xoş təəccüb yaradan bu deyildi. Məktəbdə fikirlərini öyrəndiyimiz birinci sinif şagirdindən eşidəndə ki, sinifdə bircə o təhsil alır, sözün açığı, heyrətlənmişdim. Ardınca öyrəndim ki, bir nəfər şagird olsa belə, tədris prosesi davam etdirilir. Həmçinin Havuşun timsalında ucqar kəndlərimizdə həvəslə dərs keçən müəllimlərimizin zəhməti nəticəsində məktəblərimizin pedaqoji kollektivləri tam komplektləşdirilib.

Bir sözlə, bu gün muxtar respublikada şəhər və rayon mərkəzlərindən tutmuş ucqar dağ kəndlərinə qədər hər bir yaşayış məntəqəsi quruculuq sahəsində həyata keçirilən tədbirlərdən bəhrələnib. Bu gün artıq kənd mərkəzi, xidmət mərkəzi, tibb müəssisələri, ən əsası isə müasir məktəb binası olmayan kəndimiz yoxdur. Kənardan universitet binalarını xatırladan kənd məktəblərimiz hər il onlarla yüksək bal toplayan məzunlar yetişdirir.

İndi xaricə sağlamlıq yox, gəzmək dalınca gedirik

Bir zamanlar Naxçıvan sakinlərindən soruşanda ki, hansısa xarici ölkədə olmusan, böyük əksəriyyətinin dilindən qonşu İran və qardaş Türkiyənin adını eşidərdik. Məqsəd isə bir idi, özünün və ya hansısa yaxının xəstəliyi ilə əlaqədar böyük məbləğdə borc götürərək müayinə ya da əməliyyatı qarşılamaq.  Gəlin, səmimi etiraf edək ki, uşaqlıq illərimizin keçdiyi 20-30 il öncə sağlamlığımızla bağlı ciddi problemlə üzləşdikdə çıxış yolunu muxtar respublika hüdudlarından kənarda axtarmalı olurduq. Elə həmin illərdə Naxçıvanda müasir səhiyyə ocağının tikiləcəyi və hətta kənlərdə ən müasir fizioterapiya avadanlıqlarının gətirilib quraşdırılacağı deyilsəydi, inanmazdıq.

Blokada məngənəsinə sinə gərərək bizə əsl sosial rifah yaşadan Naxçıvan möcüzəsi çətinləri asanlaşdırdı, olmaz dediklərimizi mümkün etdi. Muxtar respublikada blokadanın yaratdığı ağır şəraitdə əhalinin sağlamlığının qorunması, yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən birinə çevrildi. Müstəqillik illərindən başlayaraq insanların sağlamlığının qorunması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi istiqamətində daha böyük və genişmiqyaslı işlər görüldü. Dövrümüzün möhtəşəm qurucu­luq ünvanlarından olan Naxçıvan Muxtar Respublika Xəstəxanası, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Naxçıvan Diaqnostika-Müalicə, Naxçıvan Muxtar Respublikası Doğum, Duzdağ Fizioterapiya, Onkoloji, Yoluxucu Xəstəliklər, Gigiyena və Epidemiologiya, Naxçıvan Şəhər Təcili Tibb, Uşaq Bərpa mərkəzləri, Ağciyər, Psixi Xəstəliklər dispanserləri, Darıdağ Arsenli Su Müalicəxana Kompleksi, rayon mərkəzi xəstəxanaları bu gün bölgədə analoqu olmayan səhiyyə müəssisələrindəndir.

Səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kadr təminatının təkmilləşdirilməsi də vacib məsələ kimi daim diqqət mərkəzindədir. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Tibb Kollecində ali və orta ixtisas tibb kadrlarının hazırlanması bu işdə mühüm nailiyyətlərin qazanılması ilə nəticələnib. Artıq bu təhsil ocaqlarını bitirən gənclər muxtar respublikanın xəstəxanalarının tibbi personalı kimi əhalinin sağlamlığının keşiyindədir. Bir zamanlar müxtəlif əməliyyatlar üçün digər yerlərdən həkimlər dəvət edilirdisə, son illər buna ehtiyac duyulmur. Muxtar respublika sakinlərinin etibar etdiyi həkimlər müstəqil şəkildə xəstələr üzərində açıq ürək, laporoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatlar aparırlar.

Elə kəndlərimizdəki müasir şəraiti ilə xəstəxananı xatırladan ambulatoriyalar, tibb məntəqələri də ölkə­mizin iqtisadi potensialının sosial siyasətin icrasına, əhalinin sağlamlığına yönəldiyinin parlaq göstəricisidir. İndi sakinlər artıq səhhətləri ilə bağlı problemlərini nəinki muxtar respublikadan, hətta öz kəndindən, rayonlarından belə xaricdə həll etmək məcburiyyətində deyillər. Kəndlərdəki həkim ambulatoriyalarında nəinki müxtəlif müayinə və müalicələr yerinə yetirmək, hətta fizioterapiya ilə müalicənin aparılmasına da şərait yaradılıb. Ali Məclis Sədrinin tapşırığı ilə bu kiçik tibb müəssisələrində fizioterapevtik müalicələr üçün avadanlıqlar alınaraq qurulub. İndi hətta ucqar dağ və sərhəd kəndlərində belə xəstələrin elektroterapiya və ultrasəslə müalicə, ultrayüksək tezlikli cərəyanla, parafinlə, Solyusk lampası ilə müalicə aparatları vardır.

Bu gün vəziyyətin dəyişdiyinin daha bir göstəricisi odur ki, muxtar respublika sakinləri ən müxtəlif ölkələrə xarici səfərlərə turizm, istirahət, səyahət və digər işlərinin ardınca gedir. Əvəzində isə hər il Duzdağa, Darıdağa müalicə məqsədilə minlərlə turist gəlir. Yaradılan şəraitin nəticəsidir ki, insanların sağlamlığında mühüm rol oynayan Naftalan neftinin sorağına da getməyə ehtiyac duymuruq. Çünki Naxçıvan Muxtar Respublika Xəstəxanasında yaradılan şərait nəticəsinə bu yeraltı möcüzə ayağımıza qədər gəlib çıxıb.

Abad yol, rahat həyat

Əvvəllər yolları düşündükdə muxtar respublikamızın blokada şəraiti bizi daha çox sıxırdı. Çünki diyarımızın dörd bir tərəfini əhatə edən düşmən bizi ölkəmizlə birləşdirən mühüm yolların qarşısını kəsdi. Lakin bu gün yol dedikdə isə geniş infrastruktur, müasirlik ağlımıza gəlir. “Hər bir yaşayış məntəqəsinin inkişafında müasir yol infrastrukturunun yaradılması vacib məsələdir. Çünki harada yol abaddırsa, orada həyat rahatdır”, - deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin diqqət və qayğısı ilə şəhər, qəsəbə və kəndlərimizi birləşdirən yollar da bu yaşayış məntəqələri kimi abad və müasirdir. İndi muxtar respublikamızın hansı səmtinə üz tutsaq, yollar bizi xoşbəxtliyə, sosial rifaha, abadlığa aparır.

İndi Naxçıvanımızda elə bir bölgə, elə bir kənd tapılmaz ki, yol infrastrukturu yaxşı olmasın. Sakinlərin artan iqtisadi tələbatının vaxtında və yerində ödənilməsində nəqliyyatın və onun bərabərində əhatəli yol infrastrukturunun əhəmiyyəti diqqət mərkəzində saxlanılır. Muxtar respublikanın avtomobil yollarında idarəetməni daha da təkmilləşdirmək və həyata keçirilən işlərin səmərəliliyini artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 14 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb. Həmçinin Babək rayonunda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib. Bundan əlavə, Şərur rayonunda asfalt-beton zavodu quraşdırıb.

Nəticədə yol infrastrukturunun müasir tələblər əsasında qurulmasına, yollara yüksək keyfiyyətli asfalt örtüyünün salınmasına geniş imkanlar yaranıb. İndi bir ucu Batabata, bir ucu Sədərəyə, bir ucu Ordubada yamyaşıl düzlərin əhatəsində, dağların ətəyində, zirvələrin qoynunda qıvrıla-qıvrıla parlayan asfalt örtüyün şahidi olursan. Bütün bunlar əhaliyə rahatlıq və təhlükəsiz hərəkət bəxş edir.

Qafqazın İsveçrəsi

“Bakıdan Naxçıvana təyyarə ilə səfər edən hər kəs gərək təyyarədə pəncərənin qarşısında əyləşsin və təyyarə enərkən qətiyyən yatmasın. Bizim Naxçıvan, daha dəqiq desək, muxtar respublika haqqında ilk təəssüratımız olduqca müsbətdir: küçələr və binalar qərb şəhərini xatırladır. Müxtəlif tikililər, şübhəsiz, Azərbaycanın keçmişinin şahididir. Eləcə də hara baxsaq nə tullantı, nə də həddindən artıq sıx olan evlər görmürük. Yoxsa biz Qafqazın İsveçrəsinə gəlmişik?". Fikrimcə, bir neçə il bundan öncə muxtar respublikaya səfər etmiş isveçrəli turist Nikolletta Hermanın bu təəssüratları diyarımıza aid paylaşılan minlərlə fikir arasında Naxçıvanın bu gününü təqdim edən ən tutarlı ifadələrdir. Şərqlə Qərb memarlığının vəhdətindən heyrətə gələn isveçrəli xanımın ölkəsinə döndükdən sonra çoxsaylı izləyicilərinə təqdim etdiyi həmin yazıda bir məqam xüsusilə diqqətimi cəlb edir: Ötən iyirmi il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi altında dini memarlıq, arxeoloji ərazilərin, təbii abidələrin qorunması və qalaların bərpası istiqamətində diqqətəlayiq addımlar atılmışdır. Bunlar Azərbaycan Respublikasının zəngin mədəniyyəti və milli quruculuq tarixinə aydın nümunədir”. Nikoletta xanımın fikirlərindən bir daha əmin oluruq ki, Azərbaycanın milli quruculuq ənənələri çox qədim tarixə malikdir və bu ənənələr bu gün muxtar respublikamızın simasında qorunub yaşadılır, quruculuq salnaməmizin yeni səhifələri yazılır.

Bu salnamənin ən mühüm səhifələrindən biri də tarixi abidələrimizin bərpası və qorunub yaşadılmasıdır. Son illər bu istiqamətdə ardıcıl işlər görülüb, onlarla tarixi abidəmiz yenidən həyata vəsiqə qazanıb. Məsələn, bir neçə gün bundan öncə belə gənclərimizin böyük əksəriyyəti qədim Naxçıvan toprağı Şahtaxtı kəndində Şərq memarlıq üslubunu özündə yaşadan hamamın olduğundan xəbərsiz idi. Bərpa olunaraq bu günlərdə istifadəyə verilən Şahtaxtı hamamının qalıqları kənddə yaşayan sakinlərə və bu sahə ilə əlaqəsi olan bəzi insanlara məlum idi. Bir də ki, Naxçıvan ensiklopediyasını vərəqlədikdə bu abidənin adına rast gəlirdik. Bu gün isə tariximizi yaşadan dövlətimizin qayğısı və usta əllərin əməyi nəticəsində Şahtaxtıdakı qədim Şərq hamamı möhtəşəm quruluşu, tarixi keçmişi ilə Naxçıvan memarlığının daha bir örnəyinə çevrilib. Bu sıraya sadəcə son bir neçə il ərzində yenidən bərpa olunan, yenidən qurulan Əlincəqalanı, Naxçıvanqalanı, Gülüstan türbəsini, Qarabağlar Türbə Kompleksini, Yusif Küseyiroğlu türbəsini, imamzadələri, buzxanaları, Qazançı körpüsünü və digər onlarla tarixi-memarlıq abidələrimizi də əlavə etdikdə əlavə sözə ehtiyac qalmır. 

Bu gün Naxçıvanımız 3 min metr Gəmiqaya yüksəkliyindəki, açıq səma altındakı minillik daş abidləri, Nuh peyğəmbərimizin izlərinin əks olunduğu onlarla tarixi yerləri, Əshabi-Kəhf müqəddəsliyi ilə unikal bir turizm məmləkətidir. Bütün bunların nəticəsidir ki, 5 min illik Naxçıvan beynəlxalq miqyasda tarixi abidələri, çoxsaylı muzeyləri, müasir turizm obyektləri ilə unikal məkan kimi tanınır, tarixini yaşadan bir diyar kimi örnək göstərilir.

Müstəqillik illərindən geniş vüsət alan “Naxçıvan möcüzəsi”nin əsasında Ulu öndərimizin müəyyənləşdirdiyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin uğurla davam etdirdiyi quruculuq yolu dayanır. Bu yolla irəlilədikcə Naxçıvanımızı daha işıqlı gələcək qarşılayacaq.

Məqalə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir.

Röyal Məmiyev

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: