Professor Hüseyn Həşimli ilə ölümündən təxminən 10 gün əvvəl təsadüfən yolda rastlaşdıq. Görüşüb hal-əhval tutduq. Ayrılanda milli mətbuatımızın 145 illiyi münasibətilə qəzetimizə bir yazı göndərəcəyini bildirdi.
İşdə və həyatda dəqiqliyi ilə tanınan Hüseyn müəllim elə həmin günün sonunda qəzetimizin elektron adresinə “Məmmədəli Sidqinin “Şeypur” jurnalı və ya “Əkinçi”nin varisləri” adlı bir məqalə göndərdi. Həmin məqaləni oxucularımıza təqdim edirik.
145 il bundan əvvəl söz, fikir tariximizin üfüqlərində dünya durduqca qürub etməyəcək bir Günəş parladı. 1875-ci il iyulun 22-də görkəmli maarifpərvər ziyalı Həsən bəy Zərdabi milli mətbuat baharının ilk qaranquşu – “Əkinçi” ilə sözün dəyərini, qüdrətini, çəkisini, amalını müəyyən etdi bugünkü və gələcək media nümayəndələri üçün. Qısa zaman kəsiyində dövrün tanınmış ziyalılarını ətrafına toplayan, cəmi 56 nömrəsi işıq üzü görən mətbu orqan oxucularının şüuruna maarifçilik toxumu səpərək onları gerilikdən, xurafat buxovlarından azad edib elmə, təhsilə yönləndirməyi bacardı. Sonrakı illərdə “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Açıq söz”, “Füyuzat”, “Zənbur”, “Babayi-əmir” kimi qəzet və jurnallar “Əkinçi” ilə başlayan milli şüurun oyanışı prosesini davam etdirdilər. “Əkinçi”nin yolunu davam etdirən, Həsən bəy Zərdabinin fikir və əqidə yoluna işıq tutan mətbu orqanlardan biri də “Şeypur” jurnalı oldu.
“Şeypur” jurnalının cəmi 14 sayı çıxıb. İlk nömrə 5 oktyabr 1918-ci ildə, sonuncu isə 18 yanvar 1919-cu ildə işıq üzü görüb. Jurnal Bakıda “Turan” mətbəəsində nəşr olunurdu. Jurnalın redaktoru Məhəmməd Tağı Sidqinin oğlu Məmmədəli Sidqi, naşiri isə şair-publisist Səməd Mənsur idi. “Şeypur”un səhifələrində əsasən Məmmədəli Sidqi, Səməd Mənsur, Salman Mümtaz, Cəfər Cabbarlı, Əliabbas Müznib, Əmin Abid, Məmmədəli Nasir və digər tanınmış qələm sahiblərinin ideya-bədii baxımdan mükəmməl yazıları dərc olunurdu.
İctimai-siyasi hadisə və proseslərə aydın mövqedən münasibət bildirən jurnal Vətən və xalq taleyi üçün xüsusi önəm daşıyan məsələlərə həssaslıqla yanaşır, milli mənafelərin ardıcıl müdafiəçisi kimi çıxış edir, bu yolda heç nədən çəkinmirdi. Xüsusən Azərbaycanın yenidən işğalına can atan rus bolşevizminin əsl niyyəti, onlara və digər havadarlarına arxalanan ermənilərin fitnəkar əməlləri, əsassız torpaq iddiaları, 1918-ci ilin martında soydaşlarımıza qarşı törətdikləri qanlı qırğınlar “Şeypur”un səhifələrində tutarlı faktlar və əhatəli təhlillər vasitəsilə öz ifadəsini tapıb. Bu baxımdan, Məmmədəli Sidqinin jurnalda “Şeypur” imzası ilə dərc etdirdiyi məqalə və felyetonlar da diqqəti cəlb edir.
“Şeypur”un ilk sayında jurnalın redaktoru Məmmədəli Sidqinin “Altı ay” məqaləsi verilib. Bu məqalə jurnalın əsas məramnaməsi, proqramı da sayıla bilər. Burada həftəlik jurnalın əsas hədəfləri, başlıca qayəsi öz ifadəsini tapıb. Müəllif əsas diqqəti ermənilərin xalqımıza qarşı törətdiyi 1918-ci ilin qanlı mart qırğınından ötən altı aya yönəldərək həmvətənlərimizin yaşadıqları ağrılı-acılı günləri xatırladır, onları olub-keçənlərdən nəticə çıxarmağa çağırır.
Jurnalın 26 oktyabr 1918-ci il tarixli 4-cü sayında Məmmədəli Sidqinin “Tiflis duması” adlı məqaləsi verilib. Bu məqalədə “sosialist dərisi örtmüş daşnakların” mart hadisələri haqqında uydurmalar yayması, müəyyən dairələrin də onlara dəstək verməsi ürək ağrısı ilə dilə gətirilir: “Tiflis dumasında sosialist dərisi örtmüş olan daşnaq kirvələrimizin Bakı hadisatı haqqında nə məzmunda məruzə verdiklərini Bakı qəzetlərində oxuduq... Tiflis dumasında kamali-vüqar ilə əyləşən “Levi eser”lər, yəni sol sosialistlər də daşnaqsaqan firqəsi nümayəndəsi mərsiyə dedikdə payi-minbər oxuyurmuşlar. Bu biçarələr sosialist olduqlarından öz məsləkləri mövcibincə belə də olmalıdırlar”.
Məmmədəli Sidqi bu məqaləsində bolşeviklərin erməniləri dəstəklədiyini, azərbaycanlılara münasibətdə ayrı-seçkilik etdiyini, həmvətənlərimizin əksinqilabçı adı ilə qırdırıldığını da nəzərə çatdırırdı.
Məmmədəli Sidqi jurnalın 16 noyabr 1918-ci ildə çıxmış 6-cı sayındakı “Nə istəyirlər?” adlı məqaləsində də erməni fitnəkarlığından söz açıb. Müəllif Qafqazda əsassız torpaq iddiaları irəli sürən, bu məqsədlə hər cür böhtana, şantaja əl atan bədnam ermənilərin mənfur xislətinə diqqət çəkərək yazırdı: “Erməni kirvələrin qədimdən bəri bir adətləri vardır ki, bir şey olan kimi elə bağırardılar ki, səsləri birbaş Yevropaya gedərdi. Yevropanın başı qarışıq olduğuna görə indi də Ermənistanın Tiflisdə olan vəkili Camaliyan əlini qulağının dibinə qoyub Kiyev komissarına qışqırır, adə, ay dığa, qoyma, Gürcüstanda olan erməni qaçqınları soyuqdan, aclıqdan qırıldı”.
Məmmədəli Sidqi təkzibolunmaz faktlarla göstərirdi ki, ermənilər özləri qırğınlar, vəhşiliklər törədir, əsassız iddialar qaldırır, sonra isə başqalarını borclu çıxarırlar: “O gün Gəncədən iki teleqraf gəlib ki, erməni soldatları Göyçə sərhədini keçib müsəlmanlara hücum ediblər... Altmış min müsəlmanın irzü-namusu, həyatı, malı və mülkü təhdid edilir. İndi Tiflisdə olan Camaliyana və erməni qəzetlərinə deyəsən ki, balam, bu, nə əhvalatdır? Özlərini eşitməzliyə vurub deyəcəklər ki, qoymayın, erməni milləti qırıldı, qurtardı. Bu işlərdən belə görünür ki, ermənilər Ermənistana qənaət etməyib, Rey havasına düşmüşdürlər. Xülasə, erməni kirvələr çox ərköyün bəslənmişlər. Onlar deyir ki, biz hər nə eləsək, siz danışmayın. Ancaq siz bir balaca əl tərpətsəniz, qiyamət qopardarız”.
Məmmədəli Sidqinin “Bu gün” məqaləsi isə “Şeypur”un 7 dekabr 1918-ci il tarixli 8-ci sayında işıq üzü görüb. Məqalənin əvvəlində müəllif Bakıda Azərbaycan Parlamentinin fəaliyyətə başlamasından doğan sevinc hisslərini ifadə etməklə yanaşı, istiqlalımızı gözü götürməyən bədxahların varlığını da nəzərə çatdırır və respublikanın müstəqilliyinin beynəlxalq aləmdə tanınmasına bəslədiyi ümidlərini dilə gətirir. Məmmədəli Sidqi daha sonra Azərbaycana düşmən kəsilmiş nankor ermənilərin yenə də fitnəkar əməllər törətdiklərinə, torpaqlarımıza basqınlar etdiklərinə diqqət çəkərək onların Qafqazdakı əsassız ərazi iddialarını, bu məqsədlə hər cür saxtakarlığa əl atdıqlarını, erməni hakim dairələrinin məkrli oyunlarını bir daha oxuculara çatdırır: “Doğrudan, həya bir yaxşı şeydir. İnsan ki, həyasız oldu, heç nə. Həyasız adamdan hər nə desən, baş verər. Bu həyasızlardan biri də Ermənistan hökumətinin baş komandanı Andranik kirvədir ki, yenə Qarabağda baş qaldırıb müsəlmanları qırmağa başlamışdır. Ermənistan hökuməti də gözlərini yumub, əli ilə işarə eləyir. Ermənistan hökumətinin nə tövr siyasət yeritdiyini və nə fikirdə olduğunu təfsir etmək artıqdır. Bu hökumət deyir ki, Qafqazda Gürcüstan və Azərbaycan ola bilməz. Burda ancaq bir Ermənistan ola bilər. Qafqazın hamısı ya gərək Ermənistan olsun, ya da Ermənistana tabe kimi bir şey olsun”.
Jurnalın 1918-ci il 28 dekabr tarixli 11-ci sayında yer alan “Gürcü-erməni vuruşması” məqaləsində də Məmmədəli Sidqi ermənilərin məkrli niyyətlərini, azərbaycanlılarla yanaşı, gürcülərə qarşı da ədavət bəslədiklərini tutarlı vasitələrlə, təsirli bir tərzdə təqdim etmişdir: “Azərbaycan, Gürcüstan və Ermənistan hökumətləri öz aralarında olan mübahisəli məsələləri, o cümlədən sərhəd məsələlərini həll etməkdən ötrü neçə ay bundan irəli Tiflis şəhərində bir konfrans çağırmışdılar. Azərbaycan və Gürcüstan nümayəndələri konfransa gəlirlər, ermənilərdən kimsə görünmür. Səbəbini Tiflisdəki erməni nümayəndəsindən soruşurlar. Alınan cavab əsl erməni məkrinə uyğundur: Ermənistan hökumətindən mənə bu barədə heç bir buyruq yoxdur. Bir-iki gün gözləyin, görək, nə olur.
...Xülasə, hər dəfə bir düdük verib konfransa gəlmədi ki, gəlmədi... Bu minval ilə Ermənistan hökuməti işləri ləngə salıb, axırda sərhəd məsələsini qılınc ilə həll eləməyi qərara aldı. Gürcüstana xəbər-zad vermədən dava başladı”.
Aydın siyasi dünyagörüşə, həssas milli mövqeyə malik olan Məmmədəli Sidqi ermənilərin belə hərəkətlərinin hansı məqsədə yönəlməsi barədə olan yorumları da nəzərə çatdırırdı: “Biri deyir ki, Ermənistan hökumətinin yeri darışlıq olduğundan bir balaca ayağını uzatmağa yer axtarır. Biri deyir ki, xeyr! Ayağını uzatmağa yer var. Bu iş ancaq Borçalı müsəlmanlarının kefini xəbər almaq üçün bəhanədir. Bəziləri deyir ki, səhvsən. Ermənilər həyat-məmat məsələsini ortalığa qoyub, axırıncı dəfə olaraq vuruşurlar. Qərəz, hər kəs gürcü-erməni vuruşmasını bir cür təfsir edir. Amma biz deyirik:
– Xeyr, bunların heç biri düz deyil. Ermənilər Rusiyanı çox dost tutduqlarına görə Rusiya taxtına təzə bir Nikolay çıxarmaqdan ötrü bu işləri eləyirlər. Və Rusiyanı bərpa etdikdən sonra da Ermənistana Ermənistan veriləcəyinə inanırlar”. Yəni, ermənilərin əsl niyyəti Qafqazda zorla özlərinə torpaq tutmaq, dövlət qurmaq idi ki, onların həmin istiqamətdəki şərəfsiz əməlləri bu gün də davam edir.
Vətənpərvər publisist Məmmədəli Sidqinin “Şeypur” jurnalındakı məqalə və felyetonları ideya aydınlığı, mövzu aktuallığı ilə yanaşı, sənətkarlıq baxımından da dolğun və mükəmməldir. Müəllifin hər mövzuya uyğun ifadə tərzi, təsvir üsulları, təqdim elementləri seçməsi, ilk baxışdan, diqqəti çəkir. Əsərlərindəki monoloq və dialoqlar, gah ciddi, gah da satirik-yumoristik təfsir və dəyərləndirmələr, mətləbin uzadılmaması, sadə dildə təqdimi oxucuya əsas qayəni yetərincə çatdırır.
Hüseyn Həşimli,
Əməkdar elm xadimi
“Nuh yurdu”qəzeti