Uşaqlar oyunlar, özlərinin qurduğu hekayələr, geyim və oyun üçün seçdiyi əşyalar və bir çox fərqli yollar vasitəsilə ətraf aləmi və yaxınlarını necə gördükləri haqqında bizə gizli mesajlar verirlər. Bu vasitələrin uşaqlar tərəfindən sevilən növlərindən biri də rəsmdi. Rəsm bizə uşaqların daxili aləmi haqqında çox mühüm məlumatlar verir. Bu səbəblə də uşaqların özünün çəkdiyi rəsmlər, yaxşı analiz edildiyi təqdirdə onların xarakter xüsusiyyətlərini, başqaları ilə əlaqələrini, mənəvi problemlərini, qorxularını ortaya çıxararaq onları anlamamıza şərait yaradır. Uşaqların xəyal dünyaları çox genişdir. Rəsm uşaqlar üçün bir növ özünü ifadə etmə formasıdır. Rəsm çəkmək uşaq üzərində sağ və sol beynin birlikdə çalışması, diqqətinin mərkəzləşməsi və özünə inam hisslərinin formalaşması kimi bir çox müsbət yöndə təsirlər yaradır. Rəsm uşaqlar üçün anlama bacarığının və yaradıcı gücünün ortaya çıxarılmasına kömək edir. Bunlarla bərabər bir çox faydası da var. Uşaqlar özlərinə görə yeni insanlar, müxtəlif əşyalar və fiqurlar çəkirlər. Ailə fərdləri və ya böyüklər buna müsbət reaksiya verdikləri zaman bu uşaqların çox xoşuna gəlir və özlərinə inamı artır. Rəsm çəkmək uşaqlar üçün ünsiyyətqurma və özünüifadəetmə vasitəsidir. İstifadə etdiyi rənglər, çəkdiyi fiqurlar, onun iç dünyasının kağıza əks etdirilmə formasıdır. Rəsimlərdə uşaqların şüuraltı da ortaya çıxır. Uşağın şüuraltında qalan istək, xəyal, qorxu, maraq kimi düşüncə və hissləri rəsm vasitəsilə xaricə yansıyır. Amma bu hər zaman açıq şəkildə olmaz. Çox vaxt simvollarla ortaya çıxarkən bəzən də çox yaxşı gizlədilərək ortaya çıxmır. Rəsm çəkərkən uşağa çox müdaxilə edilməməlidir. Bu onun öz daxili aləmini əks etdirməsinə əngəl ola bilər. Rəsm eyni zamanda uşağın xəyal dünyasını inkişaf etdirmə gücünə sahib vasitədir. Rəsm çəkən uşağa müdaxilə edilib yönləndirilməyə çalışıldığı zaman, onun xəyal gücü də məhdudlaşdırılmış olur.
Bu gün çox geniş yayılmış texnologiya növlərinin yaradıcılarının bir zamanlar xəyal aləmi güclü uşaqlar olduğunu unutmamaq lazımdır. Mən əminəm ki, əgər araşdırılarsa, təyyarəni icad edənin uşaqlıqda nağıllardakı uçan xalçaya heyran olduğunu, görüntülü telefonu icad edənin uşaqlıqda sehirli ayna haqqında nağıl dinləmiş olduğunu və ulduzlara heyran uşağın böyüdükdə astronom olması istəyini görərik.
Günay Hüseynquliyeva
Uşaq pedaqoqu