145-in KADRARXASI-Əbülfəz Dünyamalıyev - FOTOLAR
Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir. Bu münasibətlə NUHÇIXAN İnformasiya Agentliyi “KADRARXASI” rubrikasını öz izləyicilərinə təqdim edir.
Bu rubrikada əsasən həyatını milli mətbuat və teleradionun inkişafına həsr etmiş, lakin çoxlarımızın yaxından tanımadığı, öz işlərini daha çox kadr arxasında görən media fədailəri gündəmə gətirilir.
Beləliklə “KADRARXASI”nda bu dəfə Naxçıvan televiziyasında Xəbərlər redaksiyasının redaktoru, Əməkdar jurnalist Əbülfəz Dünyamalıyev var.
Qısa təqdimat:
- Əbülfəz Ağca oğlu Dünyamalıyev 14 aprel 1951-ci ildə Şahbuz rayonunun Kolanı kəndində anadan olub.
- 1957-ci ildə Biçənək kənd orta məktəbinin birinci sinfinə daxil olub.
- 1967-ci ildə Naxçıvan şəhərindəki 2 nömrəli orta məktəbi bitirib. Elə həmin il Naxçıvan Pedoqoji texnikumuna daxil olub.
- 1974-1979-cu illərdə Naxçıvan Dövlət Pedoqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb.
- 1972- ci ildə “Şərq qapısı” qəzeti redaksiyasında radist telekayıpçı, 1973-1979-cu illərdə korrektor işləyib.
- 1979-1984- cü illərdə Babək rayonunun “Əmək bayrağı” qəzetində məsul katib, 1984-1992- ci illərdə isə redaktor müavini kimi fəaliyyət göstərib.
- 1993-1994-cü illərdə Naxçıvan Dövlət Radiosunda İctimai-siyasi verilişlər şöbəsində redaktor, baş redaktor, 1994-cü ildən 2002-ci ilədək Xəbərlər şöbəsinin müdiri olub.
- 2002-2011-ci illərdə Naxçıvan televiziyanın Xəbərlər redaksiyasında böyük redaktor, 2011-ci ildən bugünədək isə Xəbərlər redaksiyasında redaktor olaraq çalışır.
- Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2016-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar jurnalisti” fəxri adına laiq görülüb.
- Üç övlad atası, altı nəvə babasıdır.
Bu il artıq 8 ildir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor olaraq çalışıram. Mən onu bura gəldiyim ilk gündən necə görmüşəmsə, eləcə də qalıb... Başqaları onu necə tanıyıb, bunu deyə bilmərəm. Amma mən onu əsl “xəbər adamı” kimi tanımışam. Çünki, Teleradiomuzun qocaman jurnalisti Əbülfəz Dünyamalıyev illərini xəbər işinə həsr edən qələm sahibidir. Qətiyyətlə demək olar ki, onu tanımayanlar da, görkəminə baxıb, bu qiyməti verər: Çalışqan, cəld, işinə məsuliyyətli xəbər adamı. Bəlkə də elə bu xüsusiyyətlərinə görə onun tale yoluna xəbər jurnalisti olmaq yazılıb...
Ümummilli lider Heydər Əliyevin fikri ilə desək: “Jurnalist əməyi qeyri-adi əməkdir”. Bu peşənin çətinliklərinə sinə gərmək, bu yolda hər cür əziyyətə qatlaşmaq, sona qədər jurnalist adını qürurla daşımaq hər televiziya, qəzet işçisinə nəsib olmur. Azərbaycan Respublikasının Əməkdar jurnalisti Əbülfəz Dünyamalıyev illərdir ki, bu adı şərəflə daşıyanlardandır. 70 illik ömrünün 50 ilə yaxın bir dövrü mətbuat səhifələrində, radio və televiziyada keçib.
- Əbülfəz müəllim, ixtisasca jurnalist deyilsiniz. Müəllimliklə başlayan ilk əmək fəaliyyətiniz necə oldu ki, mətbuat səhifələrindən keçdi?
- Naxçıvan Pedoqoji Texnikumunu bitirdikdən sonra Şahbuz rayonunun Biçənək kəndində ibtidai sinif müəllimi işləmişəm. Müəllimlik gözəl peşədir. Lakin, orta məktəbdə oxuyan dövrdən arzum olub ki, jurnalist olum. Bu peşəyə, çox böyük həvəsim, marağım olub. Hər zaman istəmişəm ki, insanlara informasiya verim, gözəl oçerklər, hekayə və məqalələrlə mətbuatda çıxış edim. Beləliklə, hərbi xidməti başa vurduqdan sonra Naxçıvan Dövlət Universitetinin (o zamankı Naxçıvan Dövlət Pedoqoji İnstitutunun) Filologiya fakültəsinə daxil oldum və qiyabi oxuya-oxuya həm də “Şərq qapısı” qəzetində işlədim. Hətta tələbə olarkən müəllimlərimdən biri mənə müraciət etdi ki, həyat yoldaşım haqqında oçerk yaz. Mən xatırlayıram ki, onun həyat yoldaşı haqqında bir oçerk yazdım. Müəllimim yazını çox bəyəndi və haqqında gözəl fikirlər səsləndirdi. Bu mənə böyük stimul idi.
Muxtar Respublikanın qocaman mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin onun jurnalist kimi fəaliyyətində böyük rolu olub.
Əgər, o dövrün “Şərq qapısı” qəzetinin səhifələrini vərəqləsək orda Əbülfəz Dünyamalıyev imzasıyla dərc olunan yazıları, oçerkləri də görərik. İstər “Şərq qapısı”, “Əmək bayrağı” qəzetlərində, istərsə də radio və televiziyada çalışdığı bu illər ərzində Əbülfəz müəllim muxtar respublikamızın bütün bölgələrində olub, çoxlu insanlar tanıyıb. Xüsusilə, əli qabarlı əmək, zəhmət adamları, ziyalı insanlarla görüşüb, çalışıb ki, onlar haqqında geniş oçerklər, yazılar yazsın və gördükləri işi cəmiyyətə çatdırsın.
-Və 1993-cü ildə bu peşəyə olan sevginiz sizi Naxçıvan televiziyasına gətirdi...
- Onu deyim ki, mən qəzetdə işlədiyim dövrdə Naxçıvan Dövlət Radiosuna hər gün xəbər yazıb göndərirdim. Radioya qulaq asanda eşidirdim ki, hazırladığım xəbərlər efirə gedir, daha da həvəslənirdim, dinləyicilərə ən yaxşı xəbərləri çatdırmağa çalışırdım. Ancaq mənim ən çox istədiyim şey televiziya jurnalisti olmaq idi. İş üçün müraciət edəndə əvvəlcə radioda redaktor, baş redaktor işlədim. Bir müddətdən sonra radionun xəbərlər şöbəsinin müdiri oldum. Və bu fəaliyyət televiziyada davam etdi. Beləliklə həyatımın, fəaliyyətimin özəyi olan xəbər ilə televiziyada xəbər redaktorluğu başladı.
-Əbülfəz müəllim bəs illərinizi həsr etdiyiniz xəbər sizin üçün nədir ?
- Mən demək olar ki, ömrümü Xəbərlər redaksiyasına bağlamışam. Xəbər televiziyanın döyünən ürəyidir. Elə mənim də ürəyim xəbərlə döyünür. Onu da deyim ki, televiziyamızda belə bir ənənə var ki, yeni gələn kadrlar Xəbərlər redaksiyasında yetişir. Ancaq, məni heç zaman başqa redaksiyalara verməyiblər. Deyiblər elə sən xəbər üçün lazımsan (gülür).
Xəbər mənim üçün əsas məsələdir. Hər zaman çalışmışam ki, insanlara doğru, düzgün, dəqiq informasiya verim. Bu illər ərzində tamaşaçılardan hazırladığım heç bir süjetə, xəbərə qarşı irad eşitməmişəm. Əksinə, təvazökarlıqdan uzaq olsa da deməliyəm: nə qədər tamaşaçılarla ünsiyyətdə olmuşam, onlarla görüşmüşəm. Hər zaman deyiblər ki, xəbəri sizdən alırıq, sizin verdiyiniz xəbərə inanırıq. Əlbbətdə, bunda tək mənim əməyim olmayıb. Televiziya işi kollektiv əməyin bəhrəsidir. Xəbər də həmçinin...
- Əbülfəz müəllim yaxşı xəbərin disturunu necə izah edər?
- İlk olaraq faktlara əsaslanmış, tamaşaçını maarifləndirən informasiya və onu düzgün təqdim etmək. Jurnalist xəbər materialını hazırlayır. Lakin, aparıcıdan da böyük məsuliyyət tələb olunur. Bəzən müxbirin zəif xəbərini aparıcı tamaşaçıya elə təqdim edər ki, o zəiflik hiss olunmaz. Və yaxud ola bilər ki, çox yaxşı bir xəbər materialını aparıcı tamaşaçıya zəif təqdim edər, tamaşaçı xəbəri xoşlamaz.
Hər ikisi birlikdə fəaliyyət göstərməli, aparıcı redaktorun tamaşaçıya çatdırmaq istədiyi fikri duymalıdır. Xəbərin işi kollektiv işdir. Hər gün redaksiya heyyəti olaraq operativ işləyirik ki, informasiyanı vaxtında və doğru, düzgün şəkildə tamaşaçıya çatdıra bilək.
Peşəkar xəbər jurnalisti operativ olmalıdır. Operativlik birinci məsələdir. Bu gün tez-tez bölgələrlə əlaqə saxlayıram, çalışıram ki, tamaşaçıya operativ xəbərlər verim. Çünki, xəbər yenilikdir. Xəbər jurnalisti digər jurnalistlərdən fərqli olaraq daha operativ olmalıdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra böyük inkişaf yolu keçib. Naxçıvanın dünəni ilə bügününü müqaisə edəndə yer-göy qədər fərq görünür. Palçıqlı küçələr, toz-torpaqlı yollar... amma buna baxmayaraq o zaman da, mən həvəslə işləyərdim. Çünki, sənətimi, peşəmi sevirdim. Bu gün qürur hissi keçiririk ki, doğurdan da biz belə bir diyarın sakinləri, jurnalistləriyik. Muxtar Respublikada o qədər böyük quruculuq işləri gedir ki, səmimi deyim, biz jurnalistlər bununla ayaqlaşa bilmirik. Amma çalışırıq ki, geniş quruculuq işlərini, sosial-iqtisadi inkişafı, insanların həyat tərzini işıqlandıra bilək.
Uzun illərdir televiziyamızın Xəbərlər redaksiyasında çalışan Əbülfəz Dünyamalıyev efir üçün hazırladığı materiallarda özü heç vaxt görünməsə də, hamı onu peşəkar televiziya işçisi kimi tanıyır. Xəbərdə Əbülfəz Dünyamalıyev imzası, möhrü görünməkdədir.
-Xəbərə mətbuat səhifələrindən gəlmisiniz və mətbuatda müxtəlif vəzifələrdə çalışmısınız. Həmin illərdən ağlınızda ən çox nələr qalıb?
- Yadımdadır, “Şərq qapısı” qəzetində korrektor işləyəndə texniki cəhətdən çətinliklər çox olurdu. Hərfləri əl ilə yığırdılar. Elə olub ki, səhərə kimi mətbəədəki dəmirlərin üstündə yatıb, qəzet çıxarmışıq. Belə çətinliklərlə işləmişik. Çünki, o zaman bu cür kompüterlər, yeni texnologiya yox idi. İndi jurnalistlərin işləməyi daha rahatdır. Çalışdığım Naxçıvan televiziyası da ən müasir şəkildə qurulub. Son 10 ildə televiziyanın fəaliyyəti daha da yaxşılaşıb, gözəl, münbit şərait yaradılıb.
O, istər imzası, istərsə də xarekteri, operativliyi ilə gənclərə bir nümunədir. Hazırda Televiziyanın Xəbərlər redaksiyasında redaktor olaraq fəaliyyətini davam etdirən Əbülfəz Dünyamalıyev burada çalışan gənc jurnalistlərin ağsaqqalı, onların yol göstərənidir. Gənclər ondan tez-tez məsləhətlər alır. Bəzən, bir arada oturub fikir mübadilələri aparırlar. Bəzən, elə səmimi söhbətləri olur ki, sanki aralarında heç bir yaş fərqi yoxdur. Bu isə onu bir az da cavanlaşdırır.
- Peşənizlə bağlı Muxtar Respublikanın necə deyərlər, ayaq qoymadığınız guşəsi qalmayıb. Ancaq, hər bir jurnalistin efirə təqdim etdiyi materialdan əlavə özünün də "arxivi" olur. Vərəqləyəndə ən çox hansı hadisələr yada düşür?
- Əlbbətdə, yadda qalan səfərlərim çox olub. Ancaq, heç zaman unutmadıqlarım 90-cı illərin çətin günlərində sərhəd bölgələrinə getməyim, əsgərlərimizlə bir yerdə çörək kəsməyim və yaylaqlarımızdakı zəhmət adamları ilə görüşməyim, onların həyat tərzini işıqlandırmağım olub. O illər, doğrudan da çətin idi. Və o illərin hadisələri, çətinlikləri yaddaşımda çox yer edib.
- Necə düşünürsünüz, sizcə hər kəs jurnalist ola bilərmi?
- Hər kəs qarşısına məqsəd qoysa əgər, jurnalist ola bilər. Amma, jurnalistika çətin peşədir. İnsanlar tanımışam ki, çox böyük həvəsi olub jurnalist olmağa. Lakin, sonradan deyiblər ki, bu çətin peşədir. Deməli, hər adam bu peşənin çətinliklərinə dözmür. Gərək dözümün ola, jurnalist qışın sazağında, boranında, yayın 40-50 dərəcə istsində də işinin ardınca getməlidir. Mən getmişəm. Yaxşı jurnalistin mütləq savadı, istedadı, dözümü olmalıdır. Yaradıcılıq isə bu işdə əsas şərtdir.
- Bəs, görəsən, Əbülfəz müəllimin bu peşədə özünə ustad hesab etdiyi insanlar olubmu?
- Özümə jurnalist kimi ustad bildiyim rəhmətlik Sevindik Həmzəyev olub. “Şərq qapısı” qəzetində işlədiyim dövrdə məsul katib olan Sevindik Həmzəyev yazılarıma baxıb, mənə yol göstərib. Bu sahədə mənə göstərdiyi dəstəyə, verdiyi tövsiyələrə görə, mən onu hər zaman minnətdar olub, özümə müəllim hesab etmişəm.
-Əbülfəz müəllim həyatda ən çox nədən ilham alır?
- Xoşbəxtlikdən və can sağlığından. Həyatda xoşbəxt olmayan insan cəmiyyətə də, doğmalarına da heç zaman xeyir vere bilməz. Ailəmlə hər zaman fəxr etmişəm. İki qızım, bir oğlum var. Hər üçü də ailəlidir. Həyat yoldaşım da vaxtilə burada çalışıb. Bu işin ab-havasına yaxşı bələd olduğuna görə hər zaman mənə dəstək olub. Əgər canım sağdısa, işə böyük ruh yüksəkliyi ilə gəlib, bu əhval-ruhiyə ilə də çıxıramsa, bax, bu mənim üçün hər şeydir.
Xəbər redaktorları üçün hər keçən dəqiqənin önəmi var. Efirə xəbər hazırlamaq lazımdır. Hazırladığı xəbərlər qədər özü də maraqlı olan Əbülfəz müəlimlə söhbətimi tez yekunlaşdırıram. Efirdə xəbərlərin vaxtıdı və o işinin başında olmalıdır.
Bu söhbətimizdən sonra, 8 ildir tanıdığım Əbülfəz Dünyamalıyevi daha yaxından və sanki yenidən tanıdım. Ömrünü jurnalistikaya bağlayan Əbülfəz müəllim həyatının mənasını bu peşədə görüb. Bəlkə elə buna görədir ki, bu gün, ömrünün 70 yaşında da gənclik həvəsi ilə yazıb-yaradır. Bir gün xəbər süjetinin, informasiyanın ardınca getməyəndə daxilən özündə bir boşluq hiss edir.
Gördüyün işə məsuliyyət olmasa, o işi ürəkdən sevə bilməzsən. Hər halda Əbülfəz Dünyamalıyevin məsuliyyətindən irəli gəlir ki, işini bu qədər sevgi ilə görür.Yazdığı hər bir cümlənin, informasiyanın üstündə düşünür. Sözün məsuliyyətini də, xəbərin mahiyyətini də duyur. Çəkiliş məkanında operatorun çəkdiyi hər kadrı öncədən nəzərdən keçirir, irad və təkliflərini deyir.
Onun üçün “yorulmaq”, “iş vaxtı” məfhumu yoxdur.
Jurnalist kimi onu başqalarından fərqləndirən isə, işinə olan zərgər münasibəti, hər bir xəbər süjetini ürəyi istəyən şəkilə salana qədər onu “cilalamaqdan” yorulmamasıdır.
Jurnalist ömrünün sazağından, şaxtasından qabar atmayan barmaqlarından neçə-neçə yazılar, oçerklər, xəbər süjetləri çıxan, bu illər ərzində işində heç bir qüsura, nöqsana yol verməyən Əbülfəz Dünyamalıyevin əməyi hər zaman layiqli qiymətini alıb. Fəxri-fərmanlara, mükafatlara layiq görülüb. Ancaq peşəsinin vurğunu olan Əbülfəz müəllim üçün bu yolda qazandığı ən böyük mükafat bir xəbər jurnalisti kimi insanların rəğbətini qazanması və Azərbaycan Respublikasının Əməkdar Jurnalisti adını daşımasıdır. Hər zaman çalışır ki, daşıdığı adın etimadını doğrultsun.
İllərini jurnalistika peşəsinə həsr edən Əbülfəz Dünyamalıyev milli mətbuatımızın inkişafında özünəməxsus əməyi olan qələm sahiblərindəndir. Arzu edirik ki, qələmi hər zaman iti olan Əbülfəz müəllimin qəlbindəki yaradıcılıq eşqi heç zaman sönməsin.
Həmişə cavanlıq ruhu ilə yazıb-yaratsın!
Türkanə Əmoyeva