Bu gün ölkəmizdə əhalinin ərzaq təhlükəsizlliyinin təmin olunması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir, bu sahədə müəyyən edilmiş vəzifələr uğurla həll olunur. Kənd təsərrüfatının strateji sahələrindən olan taxılçılığın inkişafı vətənimizin ərzaq təhlükəsizliyinin, habelə taxıl ehtiyatının etibarlı təmin olunmasına xidmət edən sosial-iqtisadi tədbirlərdəndir. Taxıl tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu strateji əhəmiyyətli məhsulun yanğın təhlükəsizliyi daima diqqət mərkəzində saxlanılır. Taxıl zəmilərinin yanğından etibarlı qorunması, eyni zamanda ölkənin ərzaq təhlükəsizliyinin qorunmasıdır.
Artıq iyun ayından başlayaraq muxtar respublikada intensiv taxıl biçini aparılır. Aparılan profilaktik tədbirlər nəticəsində Ordubad, Sədərək rayonlarında, eləcə də Naxçıvan şəhərində taxıl biçini təhlükəsiz başa çatıb, digər rayonlarda isə biçin davam edir. Qeyd edək ki, bu stateji əhəmiyyətli məhsulun təhlükəsiz yığılması diqqətdə saxlanılaraq biçin aparılan sahələrinin yaxınlığında, əlverişli yerlərdə Fövqəladə Hallar Nazirliyinin gündəlik olaraq yanğından mühafizə bölmələrinin, magistral yol kənarlarında motoxilasedicilərin, habelə taxıl zəmilərinin kənarlarında səyyar patrul xidmətləri təşkil olunub. Bununla yanaşı, Nazirliyin bu sahədə qarşısına qoyulan başlıca vəzifələrdən biri də biçindən sonra əkin yerlərinin yandırılmasının qarşısını almaqdır. Ötən illərin statistikasına əsaslanaraq qeyd edə bilərik ki, taxıl sahələrinin yandırılması hallarına qarşı maarifləndirici tədbirlər görülsə də bəzi fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən biçilmiş sahələrin yandırılması hallarına yol verilir. Bu isə bir sıra ciddi fəsadlar törədir. Əslində taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Fermerlər və torpaq mülkiyyətçiləri bilməlidilər ki, sahələrin yandırılması torpağın üst qatındakı mineral maddələri də yararsız hala salır. Samanın və eləcə də digər bitki qalıqlarının yandırılması həm ekoloji cəhətdən ziyandır, həm də torpağın məhsuldarlığını aşağı salır. Bu isə torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının məhv olmasına, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına səbəb olur. Sahələrin yandırılması həm də növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30% azaldır. Yüksək temperaturun torpağın üst qatına sistematik təsiri humus ehtiyatını, torpaq biotasını məhv edir və nəticədə torpağın fiziki-kimyəvi xassələri və mexaniki strukturu dəyişir. Vahid sahədə samanın 30-40 saniyədə yanmasına baxmayaraq, bu qısa müddət torpağın üst qatının 360 dərəcəyə qədər yanmasına kifayət edir. Bu temperaturda torpağın 0-5 sm qatında humusun yanması, 10 sm qatında isə suyun buxarlanması baş verir.Yanğından sonra torpağın həyat qabiliyyətini yenidən bərpa etməsi üçün əlavə resurslar və zaman tələb olunur.
Əkin sahələrini yandıran fermerlər və torpaq mülkiyyətçiləri bilməlidirlər ki, bu əməli törətməklə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. Qeyd edək ki, “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edildiyi kimi əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltmək üçün İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslər isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə oluna bilər.
Əlavə olaraq qeyd etmək istəyirik ki, artıq torpaq mülkiyyətçiləri, fermerlər və kənd sakinləri qışa tədarüklə bağlı sahələrdən mal-qara üçün yem ehtiyatı yaradır, ot-saman tayaları yığırlar. Ot-saman tayalarını yığarkən onları evin çardağına və elektrik xətlərinin altına yığmaq yolverilməzdir. Ot-saman tayaları xüsusi ayrılmış yerlərdə yerləşdirilməli, ətrafı çəpərlənməlidir. Tayanın ətrafında və yaxınlığında tonqal qalamaq, siqaret çəkmək və açıq oddan istifadə etmək yanğın təhlükəsi yaradır.
Fövqəladə Hallar Nazirliyi bir daha torpaq mülkiyyətçilərinə, fermerlərə və kənd sakinlərinə müraciət edərək bildiririk ki, taxıl zəmilərinin biçindən sonra yandırılmasına yol verilməsin, taxıl sahələrindən saman yandırmadan çıxarılsın, yaxud küləşi xırdalanayaq mulça halında əkin sahələrinə verilsin. Taxıl zəmilərində hər hansı bir yanğın təhlükəsi ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin «112» qaynar telefon xəttinə və ya yanğın təhlükəsizliyi şöbələrinin «101» xidmətinə məlumat verilsin.
Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti