Möhtəşəm Qayıdışa aparan dönüş
Ümummilli lider Heydər Əliyevin Moskvadan Azərbaycana dönməsindən 30 il keçir
Ümummilli lider Heydər Əliyevin həyatının bütün mərhələləri canından artıq sevdiyi Azərbaycana xidmətdə keçmişdir. Ulu öndərin liderlik fəaliyyəti Vətəninə maraqlarını uca tutmağın misilsiz nümunəsidir. Dünya miqyaslı siyasət və dövlət xadimi səviyyəsinə yüksəlmiş bu insanın Vətənə dönüşü, möhtəşəm bir qayıdış və xilaskarlıq missiyası ilə şərəflənmişdir. 1993-cü il iyulun 20-də xalqımızın qüdrətli oğlu Heydər Əliyevin müstəsna bir qətiyyət və cəsarətlə Moskvadan Azərbaycana dönüşü dövlət müstəqilliyi uğrunda mübarizə tariximizə böyük siyasətə Qayıdışın başlanğıcı kimi yazılmışdır.
Ümummilli lider Heydər Əliyev 1982-ci ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilmiş, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Moskvada yüksək partiya və dövlət vəzifələrində işləyən Heydər Əliyev bu dövrdə ittifaq dövlətinin lideri səviyyəsinə çatmış bədnam yenidənqurmaçı M.Qorbaçovun üzdəniraq rəhbərlik metodlarına, milli münaqişələrə səbəb ola biləcək düşünülməmiş dövlət siyasətinə, xüsusən türk respublikalarına qarşı qərəzli siyasətə açıq və kəskin etirazını bildirən görkəmli dövlət xadimi kimi tanınırdı.
Avantürist siyasəti ilə qısa müdətdə ölkədə vəziyyəti mürəkkəbləşdirən, etnik münaqişələrə yol açan yeni sovet rəhbəri Heydər Əliyevin timsalında qüvvətli opponentini görürdü. Heydər Əliyevin onunla razılaşmaması, öz mövqeyini qətiyyətlə müdafiə etməsi ona xoş gəlmirdi. Bir çox hallarda Heydər Əliyevlə M.Qorbaçov arasında ziddiyyətlər də olurdu. Baş yenidənqurmaçı Heydər Əliyev kimi güclü şəxsiyyətlərdən, müstəqil düşünən insanlardan qorxurdu, onları qiymətləndirə bilmirdi, ondan canını qurtarmağa çalışırdı.
M.Qorbaçov Heydər Əliyevin getdikcə artan nüfuzuna, populyarlığına qarşı gizli, məkrli və daim qızışdırılan paxıllıq hissi keçirirdi. Heydər Əliyevin “Siyasi Büronun fəal üzvü və son dərəcə ciddi rəhbər” (M.Qorbaçov) olmasına baxmayaraq, M.Qorbaçovda qısqanclıq hissi üstün gəldi və nəticədə, Heydər Əliyev 1987-ci ilin oktyabrında idarəçilikdən uzaqlaşdırıldı. Bununla da kifayətlənməyərək, xalqın gözündən düşməsi üçün Heydər Əliyevin əleyhinə böhtançı təbliğat işinə rəvac verildi. Sov. İKP MK katibi, kobud davranışı ilə tanınan V.Liqaçov Bakıya göndərildi. O, Baş katibin adından Azərbaycan KP MK-nın ikinci katibi V.Konovalova tapşırdı ki, Heydər Əliyevin birinci katib işlədiyi bütün dövr ərzində onun fəaliyyətinin yoxlanılması üçün komissiya yaratsın.
Heydər Əliyevə qarşı Qorbaçov, Liqaçov və Yakovlevin iştirakı ilə böyük bir proses hazırlanırdı. Əlbəttə ki, bütün bu işlər Heydər Əliyevi cəmiyyət qarşısında nüfuzdan salmaq üçün görülürdü. Amma Qorbaçovun istədiyi gurultulu proses alınmadı, çünki Heydər Əliyevin əleyhinə toplanmış faktların heç biri təsdiqini tapmadı, hamısı saxta idi. Komissiyanın çoxsaylı yoxlamaları nəticəsiz sonluqla bitdi.
Heydər Əliyev SSRİ Nazirlər Sovetinin dövlət müşaviri və Sov. İKP MK-nın üzvü vəzifəsində də çox qalmadı. Xalqımızın böyük oğlu sonralar bu vəzifədən də azad olundu: “Heydər Əliyevə qarşı ədalətsizlik etdilər” (A.Ş.Dzasoxov). “Heydər Əliyeviç çox güclü şəxsiyyət və böyük təşkilatçı idi” (A.Lixanov). Lakin: “İddiaları imkanlarını və biliklərini üstələyən adamlar sonda həmişə məğlubiyyətə düçar olublar” (Heydər Əliyev).
Siyasi Büronun keçmiş üzvü, SSRİ Ali Sovetinin Sədri Anatoli Lukyanov Qorbaçovu belə səciyyələndirirdi: “Hər şeyi, hətta prinsipial məsələləri belə kompromis yolla həll etməyə çalışmaq xasiyyəti, şəraitin və şəxsi müşavirlərinin təzyiqi altında improvizə etmək bir bəla kimi daim insanların başının üstündən asılmışdı. “Hər şey düzələr” kimi laqeyd inam və hadisələrdən daim geridə qalmaq, prezidentin hər sözünün öz-özünə yerinə yetiriləcəyinə arxayınçılıq və başqalarının rəyini dinləməyi bacarmamaq, sözsüz, onun əsas cəhətləri idi”.
M.Qorbaçovda Heydər Əliyevə qarşı paxıllıq, həsəd hissi, “ondan bir vaxt çəkinməsi” (B.Yeltsin), milli siyasətdə Qorbaçovu düşünülməmiş addımlar atmaqdan çəkindirməyə çalışması, onun dəyişkən fikirlərinə uyğunlaşmaması, haqlı bildiyi mövqeyini inadla müdafiə etməsi xalqımızın öndərini Qorbaçovun “xoşa gəlməyən” adamlar sırasına aid etmişdi. Burada erməni amilinin Qorbaçova təsirini də qeyd edə bilərik. Məhz bunlara görə də Qorbaçov və onun əhatəsi Heydər Əliyevdən yaxa qurtarmaq qərarına gəldilər. Qorbaçovun təhriki ilə Heydər Əliyev “səhhəti ilə əlaqədar” tutduğu vəzifədən istefa verdi.
Qorbaçov Heydər Əliyevin istefasının səbəblərini açıqlayarkən belə deyirdi: “Bu, onun səhhətiylə bağlı idi. Həm də sizə deyim ki, respublikanın da böyük təzyiqi vardı. O, tutduğu yüksək mənsəbin zirvəsindən respublikaya mane olurdu. Bəli, bu çox böyük təzyiq idi. Mən də sonda belə qərara gəldim”.
Heydər Əliyev 1987-ci ilin oktyabrından 1988-ci ilin noyabrına qədər SSRİ Nazirlər Sovetinin dövlət müşaviri, 1989- cu ilin aprelinə qədər isə Sov. İKP MK-nın üzvü vəzifələrində olmuşdu.
Xalqımızın ümummilli liderinin SSRİ rəhbərliyindən uzaqlaşdırılması, hər şeydən əvvəl, ermənipərəst M.S.Qorbaçovun Azərbaycana qarşı mənfur siyasətini reallaşdırmaq üçün əvvəlcədən düşünülmüş planlarını həyata keçirmək kimi çirkin məqsədindən irəli gəlirdi. Heydər Əliyev 1990-cı il fevralın 9-da “Vaşinqton post” qəzetinin müxbiri Devid Remnikin sualına cavabında həmin səbəbləri belə izah edirdi: “Səbəblər odur ki, işlədiyim son dövrdə Qorbaçov tərəfindən özümə qarşı qeyri-səmimi münasibət hiss edirdim. Bu, çox şeydə özünü büruzə verirdi. Mən vicdanla işləyirdim, işimdə heç bir qüsur görmürdüm. Qorbaçov isə subyektiv hisslərinin əsiri oldu, vəssalam”.
Heydər Əliyevin istefaya göndərilməsinin səbəblərindən biri də SSRİ-nin siyasi rəhbərliyini ələ almış erməni lobbisinin, erməni mafiyasının təsiri və təzyiqi idi. Onların bu işdə məqsədləri və çoxdan hazırlanmış niyyətləri var idi. Lakin bu işə bizim bəzi milli bədxahlarımız və manqurtlarımız da qoşulmuşdular.
Heydər Əliyev təqaüdə çıxdıqdan sonra ciddi nəzarət altında, təqiblər şəraitində fəaliyyət göstərirdi. Ulu öndər ona qarşı təxribat hazırlandığını bilirdi. O, Bakıya qayıtmaq arzusunda olduğunu bildirmiş, lakin Qorbaçov xəbər göndərmişdi ki, Moskvada qalsın.
1990-cı il yanvarın 21-də, sovet tanklarının Bakıya girməsinin və şəhərdə qan tökülməsinin ikinci günü o, Moskvada SSRİ Nazirlər Sovetinin yanında Azərbaycan SSR-in Daimi Nümayəndəliyinə gəldi və çıxış edib Qorbaçovun sanksiyası ilə həyata keçirilmiş aksiyanı kəskin surətdə pislədi.
Çıxışının əvvəlində söylədi ki, buraya vətəndə baş vermiş faciədən xəbər tutub gəlmişdir. Azərbaycanda baş verən hadisələri demokratiyaya yabançı, humanizmə və SSRİ-də elan edilmiş hüquqi dövlət quruculuğu prinsiplərinə tamamilə zidd olan hadisələr adlandırdı. Faciənin səbəblərindən birinin Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələrlə əlaqədar Azərbaycanla Ermənistan arasında iki ildən bəri davam edən millətlərarası münaqişə olduğunu qeyd edərək, Azərbaycan və Ermənistan rəhbərliyinə, eləcə də ölkənin ali siyasi rəhbərliyinə bu məsələni tənzimləmək üçün iki illik müddət tamamilə yetərli idi.
Ölkə rəhbərliyini ciddi tənqid edən Heydər Əliyev ona yarınan respublika başçılarının da yarıtmaz fəaliyyətini ifşa etdi və göstərdi ki, Vəzirov “bu yüksək vəzifədə olduğu müddətdə Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır”. Heydər Əliyev qorxmadan imperiya rəhbərlərini “qatillər” adlandırdı, sovet dövlətinin səhv siyasətinə qarşı açıq və kəskin etirazını bildirdi.
Heydər Əliyev ilk dəfə olaraq 20 Yanvar hadisəsinə yeganə düzgün siyasi qiymət verdi və onun müqəssirlərini göstərdi. Moskva və respublika iqtidarı tərəfindən ona qarşı təzyiqlər daha da gücləndirildi.
Böyük rəhbərin Azərbaycana qayıdacağından Qorbaçovun ehtiyat etdiyinə heç bir şübhə yoxdur. Çünki Azərbaycanda baş verən hadisələrdə Qorbaçov Heydər Əliyevi təqsirləndirirdi.
“Heydər Əliyev parlaq, özgün, koloritli və güclü bir şəxsiyyət idi” (A.Yakovlev). Qorbaçov yanında güclü şəxsiyyətlərin olmasına dözə bilmirdi. Ona görə də Heydər Əliyevi gözdən salmaq üçün saxta materiallar uydurulur və bunlar təşkil edilirdi.
Heydər Əliyev barəsində daxil olan materialları öyrənməyi Qorbaçov A.Yakovlevə tapşırmışdı. Sov. İKP MK yanında Partiya Nəzarəti Komitəsinin sədri B.Puqo məhz Yakovlevə məlumat vermişdi: Əliyev haqqında fərdi iş açmağa əsas yoxdur. Yakovlev nə qədər inad etsə də Puqonun məruzələrinin düzgünlüyünü təsdiq etməyə məcbur oldu. Heydər Əliyev barəsində həqiqətən heç bir ciddi arqument yox idi. Yakovlev Heydər Əliyevi və onun fəaliyyətini yüksək qiymətləndirsə də, Qorbaçovun tapşırığı, Heydər Əliyevin isə L.Brejnevin yaxın adamı olması onu subyektiv meyillərə istiqamətləndirirdi. Lakin fakt faktlığında qalırdı. Heydər Əliyevin şəxsiyyəti, problemlərə dərindən bələdliyi, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək qabiliyyəti, nəhəng siyasətçi kimi onunla birlikdə çalışanlardan ən azı bir baş yuxarı idi.
1990-cı il mayın 17-də Naxçıvan şəhər partiya konfransında Naxçıvan kommunistləri Heydər Əliyevi Azərbaycan Kommunist Partiyasının XXXII qurultayına nümayəndə seçdilər. Bir neçə gündən sonra Naxçıvan vilayət partiya konfransı onun qurultay nümayəndəsi olduğunu rəsmən təsdiq etdi. Bununla əlaqədar Heydər Əliyev Andrey Karaulova müsahibəsində demişdir: “Mən Azərbaycan KP-nin bu ilin (1990 – İ.H.) 8 iyununa təyin edilmiş XXXII qurultayının nümayəndəsi seçilmişdim. Bundan başqa, haradasa mayın əvvəllərində mənə məlumat verdilər ki, respublikanın üç şəhər və rayon partiya konfranslarında Sov. İKP-nin XXVIII qurultayına da mənim namizədliyim irəli sürülübdür. Təbii ki, bu məlumatları mən məmnuniyyət hissiylə qəbul etdim və qərara gəldim ki, əgər kommunistlər belə etimad göstərib Azərbaycan KP-nin XXXII qurultayına nümayəndə seçiblərsə və Sov İKP-nin XXVIII qurultayına namizədliyimi irəli sürüblərsə, mən Bakıya gəlməliyəm. Qurultayın açılış günü yaxınlaşdıqca müxtəlif kanallarla siqnallar daxil olurdu. Respublika rəhbərliyindən gələn bu siqnallarda onların istəyi bundan ibarət idi ki, mənim Bakıya gəlişim, Azərbaycan KP-nin XXXII qurultayının işində iştirakım arzu olunmur”.
Qurultaya nümayəndə seçildiyini eşidəndə Heydər Əliyev, əlbəttə, məmnun qalmışdı. Qadağanı pozması və Bakıya getməsi üçün ona qanuni hüquq verən rəsmi əsas yaranmışdı. Lakin nə SSRİ rəhbərliyi, nə də Azərbaycan KP MK-nın birinci katibi A.Mütəllibov Heydər Əliyevin qurultaya getməsini məqsədəuyğun hesab etmirdilər. A.Mütəllibov Heydər Əliyevə telefon açaraq bildirmişdi ki, onun Bakıya gəlişi və qurultayda iştirakı Azərbaycandakı mürəkkəb vəziyyəti daha da gərginləşdirər. Buna baxmayaraq, Heydər Əliyev Bakıya getmək üçün təyyarə bileti sifariş etmiş və yola düşmək üçün hazırlaşmağa başlamışdı.
Heydər Əliyevi Bakı səfərindən çəkindirmək üçün Sov. İKP MK nəzdində Partiya Nəzarəti Komitəsinin sədr müavinləri Slezko və Gerasimov zəng vurdular. Heydər Əliyev Bakıya getmək üçün israrlı idi. Belə olan halda Partiya Nəzarəti Komitəsinin sədri Puqo özü Heydər Əliyevə zəng etdi. Məlum oldu ki, bu zəng də həmin niyyətlə edilib. Telefon söhbətində Heydər Əliyev Puqoya deyib: “Qəribədir, siz məni haçandır yad etmirdiniz, hərçənd mən çətin günlər yaşamışdım - xəstə oldum, xəstəxanada yatdım, indi isə canımı qurtarıb Vətənə yollanmaq istədiyim vaxtda siz birdən məni yada salmısınız. Sizin bu səfəri qadağan etməyə haqqınız yoxdur”.
Puqonun da söhbətinin nəticəsiz qurtardığını bilən M.Qorbaçov SSRİ DTK-sının sədri Kryuçkovu işə qoşdu. V.Kryuçkov Bakıya getməməsi üçün onu bir saatdan çox dilə tutdu. Söhbət səmimi olmuşdu. Kryuçkov dostcasına məsləhət görürdü ki, səfəri təxirə salsın, çünki Azərbaycan rəhbərliyi onun Bakıya getməsinə etiraz edir.
Heydər Əliyev Bakıya gəlməsi məsələsini Azərnəşrin direktoru Əjdər Xanbabayevlə müzakirə etmişdi. Ə.Xanbabayev Bakı aeroportunda Heydər Əliyevi qarşılayacağını bildirmişdi. Heydər Əliyevin Vətənə qayıtmasına mane olmaq üçün mayın 30-da saat 9-da Ə.Xanbabayev odlu silahla açılan atəşlə öz avtomobilində qətlə yetirildi. Heydər Əliyev bu qətldən həmin gecə xəbər tutdu. Bir neçə il sonra Heydər Əliyev demişdi: “Bu insanı məni qorxutmaq üçün öldürdülər”.
Heydər Əliyevin Bakıya gəlmək ərəfəsində ona sonuncu zəng vuran A.Mütəllibov oldu. O, Heydər Əliyevə yalvarırdı ki, Bakıya gəlməsin, qurultayda iştirak etməsin. A.Mütəllibov qorxurdu ki, Heydər Əliyev birdən böyük siyasətə qayıdar. Heydər Əliyev güclü şəxsiyyət idi və heç kəsin məsləhətinə möhtac deyildi. Bu qüdrətli insanın Bakıya gəlişinin, sadəcə, vaxtı dəyişdi, səfər təxirə salınmadı. O, Bakıya ay yarım sonra– iyulun 20-də gəldi.
A.Mütəllibov Heydər Əliyevin Bakıya gəlişinə mane olmaq üçün öz adamlarından ibarət 30-40 nəfərlik etirazçılar dəstəsini aeroporta göndərmişdi. Dəstə üzvlərindən bir çoxu deyirmiş ki, “Biz özümüz də bilmirik burda nə baş verir, bizi, sadəcə, avtobuslara oturdub buraya gətiriblər və hər birimizə yüz rubl verəcəklərini vəd ediblər”.
Heydər Əliyevin hakimiyyətə qayıda bilməsi ilə bağlı İttifaq və Azərbaycan rəhbərliyinin keçirdiyi qorxu hissi artıq sovuşmuşdu. Hər şey öz yerini tutmuş, onlar sakitləşmişdilər. Lakin Heydər Əliyevin xalq arasında yüksək nüfuza malik olması iqtidar sahiblərini hələ də qorxuya salırdı.
Heydər Əliyevi xalq hədsiz sevgi ilə qəbul etdi. Minlərlə insan heç bir təzyiqdən çəkinməyərək şəhərə, dənizkənarı parka seyrə çıxan “millət ağsaqqalı”nın başına toplaşaraq, ona olan xalq məhəbbətini ifadə etdi. Heydər Əliyevin vəzifələrə təyin etdiyi nankor iqtidar nümayəndələri isə 14 il Azərbaycanı qurub-yaradan adamı Bakıda yaşamağa qoymadılar. Bakının hakimiyyət orqanları onu qeydiyyata götürməkdən imtina etdilər. Heydər Əliyevin şəxsiyyətinin böyüklüyü o vaxt hakimiyyətdə olanların cılızlığını daha aydın göstərirdi.
Heydər Əliyev iyulun 22-də Naxçıvana gəldi. Azadlıq meydanında 80 min nəfərlik Naxçıvan əhalisi Heydər Əliyevi böyük coşqu və sevgi ilə qarşıladılar, ayaqları altında qurbanlar kəsdilər.
Heydər Əliyevin Naxçıvana qayıdışı Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçki kampaniyası ilə bir vaxta düşdü. Naxçıvanın müxtəlif şəhər və kəndlərindən gələn nümayəndələr Heydər Əliyevi görüşlərə dəvət edir, onu xalq deputatlığına namizəd irəli sürürdülər. Heydər Əliyevin əhali ilə görüşləri əsl xalq bayramına çevrilirdi. Babək rayonunun Nehrəm kəndindəki sovxozun əkinçiləri ilə görüşdə Heydər Əlirza oğlu Əliyevin 34 nömrəli Nehrəm seçki dairəsi üzrə Azərbaycan SSR xalq deputatlığına namizədliyi irəli sürüldü. O, həmçinin 2 nömrəli Naxçıvan şəhər M.F.Axundov adına seçki dairəsi üzrə Naxçıvan MSSR xalq deputatlığına namizəd göstərildi. Heydər Əliyevin hər iki dairədə seçicilərlə görüşü çox yüksək fəallıq şəraitində keçirdi.
1990-cı il sentyabrın 30-da Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinə elan olunan seçkilər tutdu. Ümummilli lider Heydər Əliyev tam yekdilliklə Azərbaycan SSR və Naxçıvan MSSR ali qanunverici orqanına üzv seçildi.
Naxçıvan MSSR Ali Sovetinə seçilmiş deputatların 1990-cı il noyabrın 17-də ilk sessiyası keçirildi. Həmin sessiyaya sədrlik etmək ümummilli lider Heydər Əliyevdən təkidlə xahiş edildi. O ərəfədə Azərbaycanda ictimai-siyasi vəziyyət həddindən artıq mürəkkəb olduğundan sessiyaya sədrlik etmək müdriklik və siyasi uzaqgörənlik tələb edirdi. Ümummilli liderin sədrlik etdiyi həmin sessiya təkcə Naxçıvanda yox, bütün Azərbaycanda tarixi bir hadisə oldu. Sessiyanın qəbul etdiyi siyasi əhəmiyyətli qərarlar müstəqillik tariximizə qızıl hərflərlə yazıldı. Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında”, “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” və başqa məsələlərlə bağlı tarixi qərarlar qəbul etdi.
Sessiya Naxçıvan MSSR adından “sovet”, “sosialist” sözlərinin çıxarılması, Naxçıvanın Ali Sovetinin adını dəyişərək onun bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi. Sovetlər birliyinin yaşadığı bir dövrdə muxtar respublikanın adında belə dəyişiklik etmək və milli bayrağı qəbul etmək həqiqətən də böyük cəsarət və uzaqgörənlik tələb edirdi.
1990-cı il noyabrın 21-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi 20 Yanvar hadisəsini müzakirə etmiş, siyasi qiymət vermiş, qanlı hadisələri törədən şəxslərin məsuliyyətə cəlb olunması tələb edilmişdir. Sənəddə ilk dəfə olaraq 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında milli matəm günü kimi qeyd edilməsi qərara alındı. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi SSRİ-nin saxlanılması ilə əlaqədar keçirilməsi nəzərdə tutulan ümumittifaq referendumunun və prezident seçkilərinin dayandırılması ilə bağlı qərarlar qəbul etdi və bunlar Naxçıvanda baş tutmadı.
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Heydər Əliyevi xalqın təkidli tələbi ilə Ali Məclisin sədri seçdi. Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə idi. Ümummilli lider, ilk növbədə, Naxçıvanda fəal və peşəkar fəaliyyəti ilə milli dövlətçiliyə inam hissini formalaşdıra bildi.
Heydər Əliyevin Ali Məclisin sədri seçilməsi onun böyük siyasətə dönüşünün əsası oldu. Bunun nəticəsində Azərbaycanın bu strateji bölgəsinin əhalisi ağır məhrumiyyətlərdən və çətinliklərdən xilas ola bildi, muxtar respublikada həyat tədricən öz axarına düşməyə başladı. Muxtar respublikada həyata keçirilən tədbirlər, demokratik dəyişikliklər, milli dövlətçiliklə bağlı qəbul edilən qərarlar Azərbaycanın müstəqilliyini möhkəmləndirmək yolunda mühüm addımlar idi.
Heydər Əliyevin bütün fəaliyyəti muxtar respublikanın düşdüyü ağır vəziy-yətdən çıxarılmasına, sərhəd kəndlərinin və muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsinə, əhalinin ərzaqla təmin edilməsinə, sosial vəziyyətinin yaxşılaşdırılmasına və başqa bir sıra vacib məsələlərin həllinə yönəlmişdi.
Azərbaycanda ilk dəfə olaraq iqtisadi islahatlar Naxçıvanda başlandı. Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar fərdi təsərrüfatlara çevrildi və mal-qara özəlləşdirildi. Torpaqlar pay norması əsasında həmin kənddə yaşayan əhaliyə paylandı. Muxtar respublikada olan 139 təsərrüfatın 119-da və ya 86 faizində, 208 kəndin 158-də və ya 76 faizində torpaq islahatı aparılmışdır. İslahat nəticəsində 43,3 min ailə torpaq payı almış, 12,4 min ailəyə dövlət torpaq aktları paylanmışdır.
Tale Heydər Əliyevi bu regiona göndərməklə Naxçıvanı Dağlıq Qarabağın və Azərbaycanın digər işğal olunmuş rayonlarının acı aqibətindən qorudu, “Azərbaycanın bu qədim torpağını xilas edən dahi şəxsiyyət özünə Naxçıvan boyda əbədi, həmişəyaşar abidə ucaltdı”. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Naxçıvanlılar Heydər Əliyevi qorudu, Heydər Əliyev isə Naxçıvanı xilas etdi”. Ümummilli liderin Naxçıvan MR Ali Məclisinin sədri işlədiyi 1991-1993-cü illərdə müdrik fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, xalqın ona olan sarsılmaz inamı və dəstəyi Naxçıvanı real erməni işğalından xilas etdi.
1991-ci il oktyabrın 26-da Heydər Əliyevin təşəbbüsü ilə Ali Məclisin sessiyasında Naxçıvan MR ərazisindəki qoşun hissələrinin statusu haqqında məsələ müzakirə olundu. Ümummilli liderin müdrik, uzaqgörən siyasəti nəticəsində muxtar respublika ərazisindəki sovet qoşun hissələri dincliklə oradan çıxarılmasına, əmlakın tamamilə Azərbaycanın ixtiyarına verilməsinə nail oldu. Rusiya ordusunun hərbi hissələri 1992-ci il avqustun 18-də, 41-ci Sərhəd Dəstəsinin zabit və əsgərləri isə sentyabrın 29-da təntənəli şəkildə Naxçıvan Muxtar Respublikasından yola salındılar. Bütün keçmiş müttəfiq respublikalar içərisində ilk dəfə olaraq sovet imperiyasının ordu hissələri bütünlüklə Naxçıvandan, ondan bir müddət sonra isə Azərbaycandan çıxarıldı.
Dağlıq Qarabağ hadisələrinin başlanması, Ermənistanın təcavüzkar mövqeyi nəticəsində muxtar respublikanı Azərbaycanla bağlayan yeganə dəmiryolu 1992-ci il aprelin 24-də, qalan kommunikasiyalar isə iyulun 13-də kəsilmişdi. 1991-ci ilin dekabrından qaz, 1992-ci ilin iyunundan Naxçıvan MR-ə elektrik enerjisi verilməsi dayandırıldı, muxtar respublika blokada vəziyyətinə düşdü.
Yolların və kommunikasiyaların kəsilməsi, Azərbaycan rəhbərliyinin Naxçı-vana ögey münasibəti Naxçıvan Muxtar Respublikasını çətin vəziyyətə qoymuşdu. Ağır blokada illərində Naxçıvanda yaşayan ulu öndər Heydər Əliyevin nüfuzu və uzaqgörən siyasəti nəticəsində Naxçıvan MR-in İran və Türkiyə ilə əlaqələri yaradıldı, Naxçıvanın həyati tələbatını ödəmək üçün danışıqlar aparıldı, protokollar imzalandı. Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi iki ilə yaxın müddətdə ümummilli lider Heydər Əliyev əsasını qoyduğu xarici əlaqələr sayəsində bölgəni gözlənilən fəlakətdən xilas etdi.
Qüdrətli dövlət xadimi, dünya şöhrətli tarixi şəxsiyyət Heydər Əliyevin Naxçıvandakı uğurlu fəaliyyəti Bakıya nümunə idi. Bakıda isə naşı rəhbərlərin səriştəsizliyi ucbatından böyük qarşıdurma yaranmış, Azərbaycan xalqı vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Belə olan halda Azərbaycan rəhbərliyi ulu öndər Heydər Əliyevi Bakıya çağırmağa məcbur oldu. Böyük Qayıdışın yolları Azərbaycanın qurtuluşuna, onun xilasına apardı.
İsmayıl HACIYEV,
AMEA Naxçıvan Bölməsinin sədri, akademik