Azərbaycan xalqının çoxəsrlik inkişafına zənginlik qatan, ona yeni istiqamət verən, demokratik fikir, milli məfkurə və istiqlaliyyət düşüncəsi bəxş edən məhz 145 illik mövcudiyyəti olan milli mətbuatımızdır. Milli kimliyimizi bizə başa salan, milli oyanış və inkişafımıza səbəbkar olan maarif və mətbuat yolunda böyük mücadilə açan milli ziyalılarımız misilsiz və əvəzolunmaz xidmətlər göstəriblər. “Əkinçi” ətrafında xidmət göstərən ziyalı babalarımızın zəhmət və sevgilə əkdikləri demokratik fikir, milli inkişaf və oyanış düşüncəsi sonrakı nəsillərin – “Şərqi-rus”, “Kaspi”, “Füyuzat”, “Molla Nəsrəddin” və b. mətbuat orqanlarının yaranması ilə daha da böyük inkişaf yolu keçdi və ilk rəsmi dövlət qəzeti olan “Azərbaycan”la nəticələndi. Söz azadlığı demokratik inkişaf və ümumi ictimai tərəqqi deməkdir. Bu mənada xalqımızın ümummilli lideri Heydər Əliyev deyirdi: “Azərbaycan mətbuatı tarixi boyu daim mütərəqqi ictimai idealların carçısı kimi çıxış etmiş, xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır”. Doğrudan da, Azərbaycanın maarifpərvər ziyalısı Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan ilk azərbaycandilli mətbuat orqanı “Əkinçi”nin işıq üzü görməsi milli Azərbaycan mətbuatının doğuluşu idi.
Bu böyük mücahidin ciddi səyləri və maarifpərvər dostların köməkliyi ilə ərsəyə gələn “Əkinçi” qəzeti öz doğuluşu ilə əslində müsəlman aləmində görünməmiş bir mədəni hadisəyə yol açdı. Bu yolda o qədər maarifpərvər insanlar əziyyət, əzab çəkmişdilər ki, onun müqabilində Həsən bəy Zərdabinin tale payına düşmüş “Əkinçi” qəzetinin dərci həqiqi mənada ölçüyəgəlməz bir nailiyyət idi. Bu səylərin nəticəsində 1875-ci il iyul ayının 22-də “Əkinçi”nin birinci nömrəsi öz oxucularını salamladı. Bu hadisədən ən çox sevinc duyan, bəlkə də elə Həsən bəy Zərdabi özü idi. Zərdabinin həyat yoldaşı yazacaqdı: “Həsən bəyin gözləri sevincdən yaşarmışdı. O, çox həyəcanlı bir halda evə gəldi. Bu gün onun həyatının xoşbəxt bir günü idi”. Deyildiyi kimi, nəinki bu qəzetin nəşri Zərdabini, demək olar, bütün maarifpərvər ziyalıları fərəhləndirdi, hətta “qəzet bütün Rusiyada olan müsəlmanları hərəkətə gətirdi”. Qəzetin ilk nömrəsi iki sütuna ayrılmış səkkiz səhifədən ibarət bir həcmdə idi. Qəzetin “Daxiliyyə” adlı məramnaməsi hesab edilən baş məqaləsində bu mətbuat orqanının fəaliyyət dairəsi, istiqaməti, xətti-hərəkəti proqram şəklində müəyyənləşdirilir, qəzetin vəzifə və məqsədləri göstərilirdi. Bundan başqa qəzetin “Əkin və ziraət xəbərləri”, “Elm xəbərləri” şöbələrində heyvandarlıq və əkinçiliyə dair maarifləndirici materiallar öz əksini tapırdı. “Təzə xəbərlər” adlı şöbədə isə sayca çox, həcmcə yığcam siyasət, məhkəmə, ticarət, tibbi məsələlərə dair oxunaqlı yazılar işıq üzü görürdü. Qəzetin maraqlı çıxmasında dövrün tərəqqipərvər ziyalıları – S.Ə.Şirvani, N.Vəzirov, M.F.Axundov, Ə.Gorani, M.Dərbəndi, Əhsənül-Qəvaid yaxından iştirak edirdi. Həmçinin qəzetin yayılmasında dövrün ziyalıları çox maraqlı idilər. “Əkinçi” öz mötəbər heyəti ilə dövrün bütün çatışmazlıqlarını ifşa edir, “ifrat adətlərə görə pıçıltını eşitməyən yuxulu insanları qamçı ilə oyatmağa” cəhd edir, mədəni geriliyi, avamlığı, fərdiyyətçiliyi tənqid atəşinə tutur, habelə maarifçi yazılarla çıxış edirdilər. Bununla da, “Əkinçi” qəzeti “...Sanki ordusuz hücuma keçən bir komandanın sıyrılmış qılıncına bənzəyirdi. Bu qılıncla Həsən bəy avamlıq və cəhalətin qara pərdələrini yırtmaq, xalqına işıq yolu açmaq arzusunda bulunurdu”.
Millət yolunda xidməti özü üçün amala çevirən qəzet bütün var-qüvvəsi ilə xalqın maariflənməsi, demokratik inkişafı, ana dilinə bağlılıq və sair məsələlər uğrunda mücadilə aparırdı. Bu mübarizə çox çəkmədi. Gerilik tərəfdarları və siyasi düşmənlər xalqın maarifçi qəzeti olan “Əkinçi”nin 1879-cu ilin sentyabrında bağlanmasına nail oldular. Ancaq bununla belə bu qəzet öz ikiillik fəaliyyəti, idealları, müqəddəs vəzifələri ilə özündən sonrakı nəsillərə örnək və miras oldu. Bu yolu davam etdirən maarifpərvər insanlar ilk milli mətbu orqanımızın davamçıları “Ziya”, “Ziyayi Qafqaziyyə”, “Kəşkül”, “Kaspi”, “Həyat” “İrşad”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Füyuzat” və digər mətbuat orqanlarının yaranmasına nail oldular. Beləliklə, Azərbaycanda milli mətbuatçılıq ənənələri yarandı və inkişaf etdi. Demokratik mətbuatın inkişafında bu ənənələri “Molla Nəsrəddin” və “Füyuzat” daha da inkişaf etdirib zənginləşdirdi. Bu inkişafın nəticəsində isə dərin və möhkəm mətbuat ənənələri formalaşdı. “Əkinçi”dən “Molla Nəsrəddin”ə, “Molla Nəsrəddin”dən “Azərbaycan”a mühüm bir mətbuat yolu başlandı ki, bu da öz növbəsində Azərbaycanda demokratik dəyərlərin və ictimai fikrin inkişafı, milli istiqlal təfəkkürünün formalaşması və mədəni dəyişikliklərin baş verməsində böyük hadisə oldu. Azərbaycan Xalq Cümhuriyyəti kimi milli demokratik, parlament tipli dövlətin qurulması da məhz milli mətbuatın oyanış və maarifləndirici missiyasının nəticəsi idi.
Fəxarətlə demək olar ki, Azərbaycan milli mətbuatının inkişafında Naxçıvandan olan ziyalılar böyük fəallıq göstərirdilər. M.T.Sidqi, F.Ordubadi, M.Şahtaxtılı, C.Məmmədquluzadə, E.Sultanov, Ə.Qəmgüsar, H.Cavid, M.S.Ordubadi, B.Şahtaxtinski, Q.Şərifzadə, M.Sidqi, Ə.Şərif və daha neçə-neçə Naxçıvan ziyalısı milli mətbuatın pərvazlanmasında öz istedadı və zəhmətlərilə çalışmışdılar. Qətiyyətlə demək olar ki, Azərbaycanda “Əkinçi”dən başlanan milli mətbuat yolu XX əsrin ilk anadilli mətbuat orqanı olan Məhəmmədağa Şahtaxtılının “Şərqi-rus” qəzeti ilə yeni bir inkişafa qədəm qoydu. Bu mətbuat orqanı dövrə və zamana uyğun olaraq Azərbaycan xalqının tarixi taleyi ilə bağlı zəruri və vacib məsələləri böyük cəsarət və hünər göstərərək ictimai müzakirə meydanına çıxardı. İlk dəfə M.Şahtaxtılı həm “Şərqi-rus”un, həm “Kaspi”nin, həm də digər mətbuat orqanlarının səhifələrində Azərbaycan xalqının etnogenezi və adı ilə bağlı olan məsələləri elmi cəhətdən sanballı izahlarla maraq dairəsinə gətirdi. “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı”, “Konstitusiya və müsəlmanlar”, “Türkiyəni necə xilas etməli”, “Müsəlmanlarda məktəb həyatı” kimi məqalələrilə zamanın çağırışlarına cəsarətlə cavab verən bu milli ziyalı çox mühüm məsələləri milli mövqedən həll etməyə cəhd göstərirdi. Şahtaxtılı həm də siyasi publisistikanın əsasını qoymaqla silsilə məqalələrin də ilk nümunələrini ortaya qoydu. Onun əlifba islahatı istiqamətində həyata keçirdiyi tədbirlər, gördüyü işlər, hazırladığı layihələr Azərbaycan xalqının etnogenetik mənşəyi və türk xalqlarının bir-birinə yaxınlaşmağı istiqamətində mühüm əhəmiyyətə malik idi. Onun estafetini təhfil alan Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalı da təkcə Azərbaycan coğrafiyasında deyil, bütövlükdə Yaxın Şərq və türk-müsəlman dünyasında mühüm yeniliklərlə dolu bir mətbuat tarixi və ənənəsi yaratdı. İlk gülgü-karikatura jurnalı olan “Molla Nəsrəddin” Azərbaycan xalqını milli ideyalar istiqamətində xalqın ruhuna, anlayacağı dilə uyğun hazırlayan mətbuat orqanı olaraq böyük tarix yazdı. İlk rəngli, şəkilli jurnal olan bu mətbuat orqanı bütün geniş xalq kütlələrini “deyib gəlmişdi”. Sadə, anlaşıqlı ana dilində yazan bu mətbuat orqanında bütün kütlələrin sevdiyi Molla Nəsrəddin lətifə ənənələrinə uyğunluq başlıca yazı üslubu seçilmişdi. Ana dili və əlifba məsələsi, qadın azadlığı, insanların hüquq və azadlıqları, maarif, elm və təhsil və b. çoxsaylı məsələlərdə böyük oyanış yaradan “Molla Nəsrəddin” jurnalı istiqlal və oyanış mətbuatı kimi səciyyəyə malik oldu və milli istiqlalın sərkərdəsi adını aldı.
Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir”. Bu baxımdan Heydər Əliyev milli mətbuatımızın sələfi ilə xələfini, yaradanları ilə davamçılarını əlaqələndirərək müasir cəmiyyətdə söz haqqına və demokratik hüquqlara cavab verən milli mətbuatın formalaşmasına şərait yaratdı. Ümummilli liderimizin səyləri sayəsində jurnalist peşəsi və mətbuatçılıq fəaliyyəti özünün həqiqi mahiyyətini tapdı. O, Milli Mətbuat Günü münasibətilə mətbuat işçilərinə ünvanladığı müraciətində də mətbuat işinin ciddiliyini, onun milli inkişafda olan yerini və rolunu, jurnalist peşəsinin çətinliyini həssas münasibətlə ifadə edərək deyirdi: “Azərbaycan mətbuatı çox zəngin və şərəfli inkişaf yolu keçmiş, xalqımızın həyatının bütün sahələrinin istək və arzularını daim öz səhifələrində əks etdirmiş, milli şüurun, mənəviyyatın, mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan vermişdir. ...Bu gün Azərbaycanda çoxşaxəli mətbuat və informasiya sistemi yaradılmışdır. Hazırda bütün respublika ərazisini əhatə edən yüzlərlə kütləvi informasiya şəbəkəsi, teleradio şirkətləri, qəzet və jurnallar azad surətdə fəaliyyət göstərir, jurnalistika elmi sürətlə inkişaf edir”. Ümummilli liderin bu diqqətcilliyi və qayğıkeşliyi sayəsində insan haqları və söz azadlığına dayanan Azərbaycan demokratik mətbuatının inkişaf etdirilməsi üçün ölkəmizdə müxtəlif əhəmiyyətli tədbirlər həyata keçirilibdir. Bu məqsədlə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli Fərmanı ilə milli demokratik mətbuatın inkişafına buxov olan Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin ləğv edilməsi böyük nailiyyət idi. Habelə 7 dekabr 1999-cu il tarixdə imzalanmış “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanuna əsasən Azərbaycanda mətbuat orqanlarının dövlət qeydiyyatı ləğv edilmiş, mətbuat orqanlarının təsis olunması prosedurası xeyli asanlaşdırılmışdır. 2000-ci ilin martında “2000-2001-ci illərdə Kütləvi İnformasiya Vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi də əhəmiyyətli islahat dəyişiklikləri ilə müşaiyət edilmişdi. 2002-ci ilin mayın 11-də ulu öndərin imzaladığı “Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında” fərman KİV və milli mətbuatın inkişaf etdirilməsi və dünyəvi dəyərlərlə yenidən qurulması istiqamətində ən əhəmiyyətli tarixi sənədlərdən biri hesab edilməlidir. Bu gün bu konsepsiya böyük siyasətçinin layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elə bu məqsədlə də “Hər bir demokratik cəmiyyətin formalaşmasında, güclənməsində mətbuat mühüm rol oynayır. Artıq Azərbaycanda müstəqil mətbuat formalaşıbdır. Bu, cəmiyyətin inkişafı üçün çox lazımdır”, - deyən Prezident İlham Əliyev mətbuat nümayəndələrinin maddi rifahı və sosial həyat şəraitini yaxşılaşdırmaq məqsədilə çoxsaylı işlər həyata keçirib, medianın qayğıkeş dostu kimi yadda qalıb. Media sahəsində aparılan ardıcıl islahatlar, göstərilən dəstəklər və müəyyənləşdirilən vəzifələr Azərbaycan mediasının daha da müasir tələblər səviyyəsində inkişafı və fəailiyyətinə yön vermişdir. KİV-də ana dilinin saflığının və dövlət dili tələblərinin qorunması haqqındakı qərarları da müdrik dövlət başçısının islahatçı və milli mənafeli mövqeyindən xəbər verir.
Naxçıvan Muxtar Respublikasında da mətbuatın inkişafı həmişə diqqət mərkəzində olub. Hər zaman dövlət qayğısı ilə əhatələnən mətbuat orqanları muxtar respublikada həyata keçirilən yenilənmə və quruculuq tədbirlərini, aparıcı hadisələri və sair informasiyaya çevirməklə ictimaiyyətə çatdırır. Naxçıvanda mətbuatın ağsaqqalı “Şərq qapısı” qəzeti hesab olunur. 1921-ci ildən nəşrinə başlanılan “Şərq qapısı” qəzetinin milli mətbuat tələbləri çərçivəsində inkişafı da məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Vaxtilə yeganə mətbuat orqanı olan bu qəzetin ənənələrini davam etdirmənin nəticəsi olaraq müasir dövrümüzdə Naxçıvanda artıq kifayət qədər mətbuat orqanı fəaliyyət göstərməkdədir. İndi Naxçıvan Muxtar Respublikasının hər bir inzibati rayonunun fəaliyyət göstərən müstəqil mətbuat orqanı vardır. Bu mətbuat orqanları muxtar respublika mətbuatının inkişafına daha da rəng qatır, muxtar respublikanı əhatə edən ictimai, siyasi, mədəni və sair informasiyaların əhatəli emal olunmasına öz faydalarını verirlər.
Mətbuat orqanlarının inkişafına daim qayğı göstərilən muxtar respublikada bütün mətbuat orqanlarının redaksiyası yeni tələblər əsasında qurulub, jurnalistlərin fəaliyyətini daha da yaxşılaşdırmaq məqsədilə rahat, müasir iş şəraitləri yaradılıb, lazımi avadanlıq və müasir informasiya vasitələri ilə təmin ediliblər. Yerli mətbuat orqanlarının çap keyfiyyətinin də səviyyəsi dəfələrlə qaldırılıb, günün tələbləri səviyyəsində zənginləşdirilibdir. İndi rəngli çap edilən mətbuat orqanları öz keyfiyyətlərinə görə daha çox minnətdarlıq hissi doğurur. Bütün bunlara nail olmaq üçün “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin də fəaliyyət mexanizmi tamamilə yenidən qurulub, ən müasir avadanlıqlarla təmin edilərək poliqrafiya işinin keyfiyyətinin günün tələblərinə qovuşmasına nail olunubdur. Muxtar respublikamızda fəaliyyət göstərən “Şərq qapısı”, “Nuh yurdu”, “Yeni həyat”, “Oğuz yurdu”, “Arazın səsi”, “Şərurun səsi”, habelə NDU-nun “Yeni fikir” və başqa mətbuat orqanları muxtar respublikamızın gündəlik həyatının aydınlıq tutulan üzüdür. Ayrılan diqqətin nəticəsidir ki, artıq muxtar respublikada qəzetlərdən başqa “Nuhçıxan” İnformasiya Agentliyi və “Naxçıvan xəbərləri” informasiya saytı fəaliyyət göstərir.
Beləliklə, mətbuat milli inkişafımızın başlıca güc mənbəyidir. Hər zaman xalqın və dövlətin yanında olan mətbuat inkişafa güc qatmaq məqsədilə milli maraqlardan çıxış edərək əskilməz enerjisi ilə çalışmaqda, fəaliyyət göstərməkdədir. Bu gün xalqla dövlət birliyi çərçivəsində Azərbaycanın bir məqsədi demokratik, şəffaf mətbuat, mediadırsa, mətbuatın da məqsədi güclü, müstəqil Azərbaycandır! Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında ölkə başçısının imzaladığı sərəncamda da deyildiyi kimi: “Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır”.
Ramiz Qasımov
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent