"Əməkdar Jurnalist" Mətanət Məmmədova Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i kimi ilk məqaləsini NUHÇIXAN İnformasiya Agentliyinə təqdim edib.
Qeyd edək ki, həmkarımız bu gün dövlət başçısının imzaladığı sərəncamla bu fəxri ada layiq görülüb.
Salamlar olsun müqəddəs ruhuna, Həsən bəy! “Əkinçi”nin yubileyi ərəfəsində Fəxri Xiyabana gəlib məzarını ziyarət etməyi çox istərdim... Hər bir jurnalist kimi borcum olaraq. Səbəb məlum, gələ bilmədim. Amma fərq etməz. Çünki harada bir qəzet redaksiyası varsa, sənin ruhun oradadır. Hələ o da ola sələfinin yolunu böyük tarixi nailiyyətlərlə davam etdirən xələfin – 100 yaşının astanasında olan “Şərq qapısı” qəzeti. Bilirəm, ruhun şad, xürrəmdir. Nə az, nə çox, düz 7 illik mücadilə, olmazın əzab-əziyyəti ilə, qarşıdurmalarla “Əkinçi”nin nəşrinə nail olub, Azərbaycanda milli mətbuatımızın banisinə çevrilməyini, ilk mətbu orqanın ardınca minlərlə qəzetlərin işıq üzü görməsini, ölkəmizdə sadiq davamçılarından ibarət böyük jurnalist ordusunun yaranmasını, mətbuatımıza söz azadlığının, müstəqilliyin verilməsini, illərlə bir mətbuat fədaisi yanarlılığı ilə hər vilayətin qəzetinin o vilayətin güzgüsü olmasının gərəkliyi ilə bağlı arzularının reallaşmasını 145-dən ötən 365-lər sənə təfsilatı ilə çatdırıb.
Həsən bəy, mən də bu 145-in 25-ni həyatımın bir hissəsinə çevirən mətbuat adamı kimi, nə qədər haqqım olduğunu bilmirəm, amma ustada üz tutub ötən 365-lərdə mətbuatımızla bağlı olanlardan, keçənlərdən ona – millətinin mənəvi yükünü söz yükünə çevirib illərlə çiyinlərində daşıyan, elə həmin yüklə də bu dünyadan əbədiyyətinə köç edən qocamanla söhbət etmək istədim. Sən bütöv bir millətin, xüsusilə də biz qəzetçilərin əzizisən. Sənin mürtəce qüvvəllərin təqibləri, həbsləri, evinə basqınları ilə, ailənin hər an təhlükə ilə üz-üzə qalması, işindən kənarlaşdırılmağın, yaşayış yerindən uzaqlaşdırılmağın, ev dustağına çevrilməyin hesabına, lakin bu mübarizədən dönmədən yaratdığın mətbuatla, bir də Həsən bəy Zərdabi adı, şəxsiyyəti ilə minlərlə jurnalist qürur duyur: sənin davamçılarına çevrilə bildiyimiz, ötən hər günün tarixini yazdığımız, bu günü gələcəyə götürə bildiyimiz, ictimai həyata güzgü tutmağı bacardığımız üçün. Sənin “Əkinçi”nin böyük zəhmətkeşliklə toxum səpib cücərtdiyi “tarlalar” həm də bu gün minlərlə jurnalistin çörəkağacıdır. Söz əkib cümlə biçən, müasir dövrün ictimai həyatının fəal “Əkinçi”lərinə çevrilən hər birimiz sənin ruhuna duaçıyıq, ustad. Bilirsənmi nəyə görə? Səndən öyrənmişik mücadiləni, mübarizədən əl götürməməyi. Səndən öyrənmişik insanların haqqı olanların haqqında yazmağı, həyata güzgü tutmağı, düzü düz, əyrini əyri görməyi...
Həsən bəy, bir qədər əvvəldən danışım sənə. Səndən sonra bilirsənmi nələr oldu? “Əkinçi”nin adı ilə bağlı nə qədər fikir ayrılıqları yarandı. Qəzetə nə üçün məhz “Əkinçi” adının qoyulması ilə bağlı bir çox tədqiqatçılar ayrı-ayrı mülahizələr irəli sürdülər. Onlardan bəziləri söylədilər ki, “Əkinçi” elə lap əvvəldən kənd təsərrüfatı məsələlərini əks etdirən bir qəzet olmalı imiş. Bununla qətiyyən razılaşmadıq. Çünki yaxşı bilirdik ki, qəzetə verilən “Əkinçi” adı təsadüfi deyildi. “Əkinçi” adı elə onun demokratikliyinin göstəricisi idi. Bunu da bilirdik ki, sən o dövrdə qəzetə diqqətçəkən ad verə bilməzdin. İllərlə çar müstəmləkəçilərinin süründürməçilik əzablarına tab gətirib, qəzet çıxarmaq üçün izin alanda bilirdin ki, qəzetin adı da, orada yazılanlar da zərrəbinlə analiz ediləcək. Buna görə də çarizmin diqqətini çəkməyən ad altında, sərlövhələr altında nəzərində tutduqlarının hamısını həyata keçirməyə başladın. Axı bu barədə özün də “Həyat” qəzetində dərc edilmiş “Rusiyada əvvəlimci türk qəzeti” adlı məqaləndə yazırdın: “Bizim qubernator... general Staroselski, doğrudur, xalis rus idi, amma övrəti gürcü qızı idi. Ona görə də Qafqazın yerli əhlini artıq dost tuturdu... mən ona dərdimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını “Əkinçi” qoyum ki, guya məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğu qəbul eləsin. Bu tövr ərizə verib izn aldım”.
Səni sevənlər, davamçıların sübut etdilər, Azərbaycan Respublikası Elmlər Akademiyası yanında Respublika Əlyazmaları fondundan əlyazmalarını araşdırdılar və əsl məqsədini ortaya qoydular: “Əkinçi”nin qarşısında, hər şeydən əvvəl, siyasi vəzifə dururdu və əkinçilik vəzifələri ona tabe idi. Dini mövhumata qarşı mübarizə, dini məktəblərin pislənməsi, yeni, dünyəvi elmlərin geniş təbliği, xalqı azadlığa çağırmaq, geniş maarif uğrunda mübarizə əkinçilik məsələləri dairəsindən çox-çox kənara çıxırdı. Qəzetin bölmələrinə ayrı-ayrı adlar qoyulmasına baxmayaraq, onlar adları çəkilən bu məsələlərlə üzvi sürətdə bağlı idi. Sənin öz dilinlə həmin misallardan biri... “Əkinçi”, 14 aprel, 1876-cı il. “...Mənim dostum...mənə yazır ki, haçan elmi-əbdan bəhsindən əl çəkəcəksiniz və o bəhsin qəzetdə işi nədir? Ondan əlavə yazır ki, ol qədər qəzetdə elmi təhsil etmək xüsusunda yazırsınız ki, qorxuram bu ən qərib zamanda xalqın qəzet oxumaqdan rəğbəti kəsilsin... Salisən, qəzet dərviş kimi nağıl deyə bilməz, onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq öz nikbədindən xəbərdar olub onun əlacının dalıncan olsun... Pəs, dostum, doğru deyiblər ki, əlhəqq mürrün (doğru söz acı olur). Amma bizə hökm olub ki: qülil-həqq və löv kanə mürrün (deyin sözün doğrusunu acı da olsa)!”
Söz yox ki, bəylərin, mülkədarların əlində cəmləşən torpaqların onların əlindən alınaraq, kəndlilərin xüsusi mülkiyyətinə, istifadəsinə verilməsinə çox cidd-cəhd göstərirdin. Təhqirlərə, təzyiqlərə, hədə-qorxulara məruz qalsan da, bir kəndli ideoloqu kimi onlara hüquqlarını anladır, qorxmazlığın və cəsurluğunla qoluzorlulara qarşı çıxır, kəndlini aldadan, əməyini istismar edənlərlə mübarizə aparırdın.
Nəhayət, Həsən bəy, bunu əvvəldən anlamalı idik ki, çarizm doğru söz danışanların dilini kəsdiyi, susdurduğu halda, təbii ki, milli mətbuat yaratmaq təşəbbüsündə olanlara imkan verməzdi. Çünki bunun nə ilə nəticələnəcəyini yaxşı bilirdi. Avropada, Rusiyada – gözünün qarşısında milli mətbuatının yaranmasının xalqa, millətə müsbət nəticələrini görür, müstəmləkə siyasətində bunun heç də yaxşı nəticə verməyəcəyini, sözün kütlələrin şüurunda inqilab yaradacağını gün kimi aydın bilirdi. Elə məhz buna görə də ictimai quruluşda dönüş yarana biləcəyinə əmin olan çarizmin ən ehtiyat etdiyi sahə mətbuat idi. Bax bunlara görə sən o qədər incidildin, acılar çəkməyə məhkum olundun... Amma qalib gəldin...
145-dən ötən 365-lərdə nələr, nələr oldu... Bitdimi sandın, ustad?.. Mübarizə apardığın çarizmin mürtəce ünsürlərinin yerini sənin vəfatından cəmi 10 il sonra yeni bir “ittifaq” burjuaziyası aldı. Düz 70 il... Əgər sənin dövründəki çarizm siyasətini 70 il əsarətində yaşadığımız Sovetlər Birliyinin müstəmləkəçilik siyasəti ilə müqayisə etsək, xalqın eyni bəlalara düçar olduğunun, nəyi əldə etməkdə ləngidiyinin yalnız bu siyasətlə bağlı olduğunu aydınca görərik. Məgər 1917-18-ci illərdən 1990-cı illərədək xalqın yaşadıqları – müstəqilliyinin zorla əlindən alınması, 70 il rus imperiyasının əsarətində yaşaması, torpaqlarının erməni əli ilə işğalı, repressiyalar, ləkələr, qırğınlar, qanlar, xalqın saysız-hesabsız dərəcədə şəhid verməsi tarixən davam etdirilən bu siyasətin bəhrələri deyildimi? Bu xalqın başının çəkmədiyi bəlalar qalmadı.
Həsən bəy, banisi olduğun milli mətbuatın milli azadlıq hərəkatında nə qədər böyük rolu oldu, bilirsənmi? Qanında onsuz da azadlıq toxumu olan və mətbu çağırışlarla bu toxumların cücərərək azadlıq fədailərinə çevirdiyi azərbaycanlılar qanlar, qırğınlar bahasına 1991-ci ildə müstəqillik əldə etdilər. Müstəmləkədən yaxa qurtardıq, müstəqil olduq. Lakin birinci – 1918-ci ildə qazandığımız müstəqillik qədər itirilmək təhlükəsində idi budəfəki müstəqilliyimiz də. Təsadüfə bax, elə mətbuat günündə – 22 iyulda gəldi xilaskarımız – böyük şəxsiyyət Heydər Əliyev. Vətəninin dar günündə – Azərbaycanı düşdüyü bəlalardan xilas etmək, müstəqilliyini qorumaq üçün gəldi. Bu gəlişlə xalq da xilas oldu, müstəqilliyimiz də, xilaskarın özü isə xalqın ümummilli liderinə çevrildi. O Xilaskar sənin yaratdığın mətbuatın əsl dostu, qədirbiləni oldu. O gəlişlə ölkəmizdə azad mətbuat formalaşdı, mətbuat üzərindəki 70 illik senzura sistemi ləğv edildi. Yüzlərlə qəzet redaksiyaları yarandı. Jurnalistlərə söz, mətbuat azadlığı verildi. Onlar üçün fəxri adlar təsis olundu, əməkləri qiymətləndirildi. Jurnalistlərin hər hansı problemini deyə biləcəkləri ünvan – Mətbuat Şurası yaradıldı. Ən qürur duyulası hal isə o oldu ki, jurnalistlər dördüncü hakimiyyətin nümayəndələrinə çevrilib birinci hakimiyyətin bütün sahələrdə köməkçiləri oldular.
Həsən bəy, ötən 365-lərdə “Əkinçi”nin yubileyləri haqqında sərəncamlar imzalanıb, təntənəli bayram tədbirləri keçirilib. Elə bu günlər də “Əkinçi”mizin – Azərbaycan mətbuatının yubileyini qeyd etməyə hazırlaşırıq. Ölkəmizin Prezidenti cənab İlham Əliyev “Azərbaycan mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. “145 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir”. Sərəncamda deyilən bu sözlər mətbuatımızın dünəninə – sənə – Həsən bəy Zərdabi şəxsiyyətinə və bugününə – biz jurnalistlərə verilən böyük dəyərdir.
Ey böyük ustad, ey böyük sələf, 100 yaşına bir 365-dən çox az qalan xələfin “Şərq qapısı” qəzetindən də xəbər almaq istəyərsən, bilirəm. Odur ki, mən danışım, sən dinlə. Ölkəmizdə “Şərq qapısı” kimi çox az sayda qəzet olar ki, 100 il ardıcıl şəkildə nəşr ömrü yaşasın. Bu qəzet sənin ənənələrinə sadiqliyi ilə bir əsrə yaxındır ki, məxsus olduğu 5 min ildən artıq tarixi olan Naxçıvan Muxtar Respublikasının dünənindən bu gününə, bu günündən gələcəyə öz saldığı körpülərlə yollanır. Bu qəzet artıq qəzetlikdən məktəbədək ucalıb. Muxtar respublikada nə ziyalılar həyat yollarına bu qəzetin cığırıyla çıxıblar, ictimai-siyasi həyatın aparıcı qüvvələrinə çevriliblər. Elə ulu öndərimizin də dediyi kimi: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.
Həsən bəy, “Şərq qapısı” qəzeti, ümumilikdə, Naxçıvan mətbuatı çətin və sınaqlarla dolu bir yol keçib. Yuxarıda da qeyd etdiyim 70 il, onun ardınca ölkəmizin müstəqilliyinin ilk illərindən Naxçıvanın bədxah ermənilər tərəfindən blokadaya alınması muxtar respublika mətbuatını və mətbuat işçilərini olmazın çətinlikləri ilə üz-üzə qoydu. Ölkə ilə bütün quru yol əlaqələri kəsilən Naxçıvan işıqsız, qazsız qaldığı kimi, informasiya blokadasını da yaşamalı oldu. O ağır günləri ulu öndərimiz Heydər Əliyev biz naxçıvanlılarla birlikdə burada yaşadı, onun sayəsində blokadanı yara, pozulmuş həyat ritmini bərpa edə bildik. Son 25 il isə Naxçıvanın tarixində xüsusi bir yer tutur, Böyük Heydər Əliyev məktəbinin yetirməsi cənab Vasif Talıbovun sayəsində. Əziz ustad, sən millətin mənəvi yükünü necə çiyinlərinə almışdınsa, o da naxçıvanlıların ağır blokada yükünü illərdir, çiyinlərinə alaraq, bu yükü Naxçıvanda misilsiz quruculuq, abadlıq işləri aparmaqla, insanların rifah halının bütün sahələrdə təminatı ilə yüngülləşdirməyə çalışır. Buna nail olub da. Bu gün Naxçıvan müasir, inkişaf etmiş bir diyardır. Elə informasiya blokadasının yarılmasında da, muxtar respublika mətbuatının inkişafında da cənab Sədrimizin böyük qayğıkeşliyi onu zaman-zaman Naxçıvan jurnalistlərinin dostuna çevirib. Kaş ki gəlib görə bilərdin bizə yaradılan şəraiti: rayonlarda qəzetlərin fəaliyyətinə göstərilən dövlət qayğısını, televiziyanın, radionun inkişafını, necə müasir avadanlıqlarla təminatımızı, gözəl, işıqlı iş otaqlarımızı, jurnalistlərin sosial problemlərinin həllini, onlara verilən dəyəri, fəxri adları, təltifləri... İllərdir, naxçıvanlı jurnalistlər Ali Məclisin Sədri cənab Vasif Talıbovun kütləvi informasiya vasitələri qarşısında duran vəzifələrdən bəhs edərkən söylədiyi “Televiziya, radio və qəzetlər fəaliyyətlərini üç əsas prinsip üzərində qurmalıdırlar. Onlar keçmişimizi yaşatmalı, bu günümüzü əks etdirməli, inkişafın gələcək yolunu göstərməlidirlər. Bu üç sahə teleradio verilişlərində, qəzet yazılarında öz əksini taparsa, onda həmin veriliş və qəzet yazıları dövlət siyasətinə, ölkəmizə düzgün xidmət etmiş olar” kimi dəyərli fikirlərini özlərinin fəaliyyət proqramına çevirmiş, muxtar respublikada müasir və inkişaf etmiş mətbuatın formalaşmasına nail olmuşlar.
Həsən bəy, Ali Məclisin Sədri onunla son görüşümüzdə biz jurnalistlərlə, mətbuat işçiləri ilə qürur duyduğunu söylədi. Bu kəlamda sənin böyük payın var, ustad. Bizimlə kimsə qürur duyursa, deməli, bizdən öncə səninlə qürur duyur. Çünki biz sənin davamçıların, sənin yaratdığın mətbuatın müasir nümayəndələriyik. Elə sələfimizə olan dəyərin göstəricisidir ki, Ali Məclis Sədrinin müvafiq sərəncamı ilə milli mətbuatımızın 145 illik yubileyinin muxtar respublikamızda qeyd olunması ilə bağlı Tədbirlər Planı təsdiq olunub.
Böyük ustad, ruhun şad olsun, qəbrin nurla dolsun. Çox xoşbəxt insanmışsan, Həsən bəy. Xoşbəxtsən, ona görə ki, əsr yarıma yaxın bir dövrün yaddaşlarda qalanı, xatırlananısan. Həm də həyatın ən vacib sahəsi, insanlara hava və su qədər vacib olan mətbuatda. Xoşbəxtliyin bir də ondadır ki, 145 il öncə “Əkinçi” ilə birgə səpdiyin toxum 145-dən ötən hər 365-də elə inkişaf edib, şaxələnib, köklənib, cəmiyyətin elə bir gərəkli sahəsinə çevrilib ki, indi artıq heç kim həyatını mətbuatsız təsəvvür edə bilmir...
Mətanət Məmmədova
Azərbaycan Respublikasının Əməkdar jurnalisti