145-in KADRARXASI - Samir Mehdiyev - FOTOLAR
Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir. Bu münasibətlə NUHÇIXAN İnformasiya Agentliyi “KADRARXASI” rubrikasını öz izləyicilərinə təqdim edir.
Bu rubrikada əsasən həyatını milli mətbuat və teleradionun inkişafına həsr etmiş, lakin çoxlarımızın yaxından tanımadığı, öz işlərini daha çox kadr arxasında görən media fədailəri gündəmə gətirilir.
Beləliklə “KADRARXASI”nın budəfəki qonağı Naxçıvan televiziyasının dövlət əhəmiyyətli tədbirlər üzrə təcrübəli operatoru Samir Mehdiyevdir.
Qısa təqdimat:
-Mehdiyev Samir Əyyub oğlu
-2 avqust 1977-ci ildə Naxçıvan şəhərində anadan olub
-1994-cü ildə Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbi bitirib
-Ailəlidir, 2 övladı var
Rubrikamızın mövzusuna uyğun olaraq bugünə kimi bir çox mətbuat fədailərindən söhbət açdıq, onları sizə daha yaxından tanıtmağa çalışdıq. Bugünkü müsahibimiz də elə fəaliyyətə başladığı ilk gündən işində hər zaman usta olan, çəkdiyi kadrları zərgər dəqiqliyi ilə işləyən peşəkar operatordur. Müsahibəyə keçməzdən əvvəl bir məsələyə diqqət çəkim ki, Samir Mehdiyev həqiqətən mətbuatın görünməz fədailərinin ən öncül şəxslərindəndir. Necə deyərlər “üz ağardandır”… Bunu onun illərdir çəkdiyi televernisajların, filmlərin, ən əsası dövlət əhəmiyyətli tədbirlərin kadrlarında görmək olar.
- Nə üçün televiziya? Zərurət ya necə?
- Bir az uzun hekayədir... İlk əvvəllər zərurət deyərdim. Çünki 1994-cü ildə orta məktəbi bitirdiyim dövrdə ölkə olaraq çətin günlərdən keçirdik. Ailə vəziyyətimiz heç də ürəkaçan deyildi. Zərurət yaranırdı ki, mütləq hansısa bir iş tapıb işləyəsən. Gənc idim, istənilən iş gələcəyim üçün bir körpü ola bilərdi. Belə də oldu. Televiziya ilə yollarımız kəsişdi… İlk olaraq burada işıqçı kimi fəaliyyətə başladım. İşlədiyim ilk günlərdən kameraya, çəkilişlərə böyük maraq oyanırdı məndə. Operatorlar kamera arxasından ayrılan kimi cəld kameranı götürüb özümçün çəkilişlər edirdim. Nə vaxtsa operator kimi çəkilişlərə gedəcəyim günləri gözləyirdim... Hərbi xidmətə yollanacaqdım. Orduya getməzdən əvvəl qərara aldım ki, yenidən televiziyaya qayıdacam və artıq operator kimi fəaliyyət göstərəcəm… 1999-cu ildə hərbi xidməti başa vurub evə qayıtdım. Elə həmin ilin sentyabrında da yenidən televiziyada işə başladım. Özü də operator kimi…
- İlk çəkilişləriniz, filmləriniz və ya verilişləriniz xatirənizdə necə qalıb?
- İlk çəkilişlərim indi elə televiziyamızda baş redaktor olan Vaqif Ağalarovla hazırladığımız hərbi vətənpərvərlik mövzusundakı verilişimiz idi. Demək olar ki, bir neçə il ardıcıl olaraq dağlarda, səngərlərdə mütəmadi olaraq ordu ilə bağlı çəkilişlər aparırdıq.
- Bilirik ki, uzun illərdir muxtar respublikada dövlət əhəmiyyətli tədbirlərin çəkilişlərini siz edirsiniz. Bu çəkilişləri digərlərindən fərqləndirən tərəflər var yoxsa necə?
- Əlbəttə var. Əvvəlcə məsuliyyət və diqqət vacibdir. Tədbirdə iştirak edənlərin hər biri yüksək vəzifəli şəxslər olur. Ciddilik ən ön plandadır burada. Digər veriliş, film və ya televernisajların çəkilişi zamanı hər şeyi özün təyin edirsən. Burada isə sən gərəkdir ki, tədbirin gedişatı ilə ayaqlaşasan. 2007-ci ildən etibarən bu çəkilişləri bir qayda olaraq mən həyata keçirirəm. Hər çəkiliş başlamazdan əvvəl mütləq gedib çəkiliş yeri ilə tanış oluram. Ən incə detallara diqqət göstərirəm, nəyi, necə və hardan çəkəcəyimi əvvəlcədən qərarlaşdırmalıyam.
- Sizin üçün yaddaqalan çəkilişləriniz hansılar olub?
- Ümumiyyətlə hər çəkiliş mənimçün yaddaqalandır deyə bilərəm. Amma rejissor Fərhad Zamanbəyovla birgə işlədiyimiz “Fərhad evi” və “Göygöl” filmləri və televernisajların çəkilişlərini ön plana çəkə bilərəm.
- İndi bir çox operatorlar rejissor kimi fəaliyyət göstərir. Sizdə belə bir istək olubmu?
- Bu haqda çox sual ünvanlanıb mənə. Deyə bilərəm ki, öz işim mənimçün daha maraqlıdır. Onsuzda hər bir operator zaman keçdikcə rejissorun da, işıqçının da, rəssamın da işlərinə yaxşı bələd olur. Onların hər birini özündə cəmləşdirə bilir. Çəkilişlər zamanı rejissorda olursan, operator da. Elə yaxşı operator olmağın da, mən deyərdim ki, qaydası budur: çəkiliş məkanında həm redaktor, həm də rejissor olmağı bacarasan. Tamaşaçının gördüyü kadr operatorun, belə demək mümkünsə, imzasıdır. Mən öz imzama da, gördüyüm işə də həmişə böyük sevgi və məsuliyyətlə yanaşıram. Deyəsən, elə yaxşı mənada seçilməyin sirri də budur.
- Kadrarxasında ən böyük iş operatorların “çiyinlərindədir”. Bu fikirlə razısınız?
- Bir baxımdan razılaşmaq olar. Əvvəllər ştativ olmadan, özü də bir səfərlik kasetlərdən istifadə olunan kameralarla çəkilişlər edirdik. Bu isə işin səmərəliliyinə çox zaman çətinliklər yaradırdı. Son dövrlərdə Naxçıvan televiziyasında ən müasir çəkiliş avadanlıqları-HD kameralar alınıb istifadəmizə verilib. İndi hər sahədə olduğu kimi bizim də işimizdə əlverişlilik artıb. Daha rahat şəraitdə və müasir kameralarla istənilən kadrı lentə ala bilirik. O ki, qaldı, işin əsas hissəsinin operatorların çiyinlərində olmasına, fikirdə doğruluq payı var. Jurnalistin tamaşaçıya demək istədiyindən daha artıq,daha geniş informasiyanı məhz kadr verir. Əgər peşəkar çəkiliş olunmayıbsa, istənilən materialı,müəllif fikrini tamaşaçı qəbul etməyəcək. Hər zaman işimdə bir həqiqətə inanmışam ki, tamaşaçı çox ağıllı və diqqətçildi. Mən bir operator kimi ona daha yaxşı, müxbir fikrindən də daha artıq informasiya verməliyəm. Heç vaxt unutmaq olmaz ki, hər kadr özündə saysız-hesabsız informasiya daşıyır.
- İşlədiyiniz müddətdə hansı maraqlı hadisələrlə qarşılaşmısınız?
- (gülərək cavab verir)… Dəfələrlə çəkilişlər zamanı yıxılmışam. Ən çox da qış aylarında. Bu hər bir operatorun başına gələn hadisədir, məncə. Bundan başqa, Əlincə qalasının açılış tədbirində 18 kilo çəkili kamera və ştativlə qaça-qaça qalaya qalxmağımı da heç vaxt unuda bilmərəm. İndi həmin qalaya qalxanlar mənim nə demək istədiyimi yaxşı başa düşərlər. Ümumiyyətlə, bu işin kadrarxası çox maraqlıdır, həm də çətin. Ancaq nə qədər yorulsaq da efirə qüsursuz yayımlanan hər bir yaradıcılıq işi bizim uğurumuzdur.
- İşdən sonrakı vaxtınızı necə keçirirsiniz?
- Bir qayda olaraq hər gün axşam yeməyindən sonra gəzintiyə çıxıram. Bu özümçün gündəlik təyin etdiyim normadır.
- Uzun illərdir artıq televiziya sahəsində operator kimi böyük təcrübə qazanmısınız. Bu təcrübələrinizi gənc əməkdaşlarla bölüşürsünüzmü?
- Əlbəttə mənim kimi bu hər bir təcrübəli işçinin üzərinə düşən mənəvi borcdur. Hər kəs özündən sonrakı gələcək nəsillərə mütləqdir ki, təcrübələrini aşılasın. Lakin bir məsələni qeyd edim ki, bizim kimi yaradıcı işlərdə çalışan gənclərə təcrübə aşılamazdan əvvəl onların özündə gərək yaradıcılıq, bu işə maraq olsun. Necə deyərlər “quyuya su tökməklə quyu dolmaz”.
Görüntünün uğurlu olması məhz, operatorun birbaşa xidmətlərinin nəticəsidir. 26 ildir həyatını televiziyaya, öz yaradıcılığına bağlayan Samir Mehdiyevə bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edir, uzun və mənalı ömür yaşamasını diləyirik.
Cahangir Mehdiyev