Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2020-ci ilin birinci yarımilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
Bu barədə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir.
Komissiyanın sədri İsmayıl Qəribli kollegiya iclasını giriş sözü ilə açaraq bildirib ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2020-ci ilin 6 ayı ərzində dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib, 5 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 9 qərarı ləğv etdirilib.
İsmayıl Qəribli qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış səkkizinci sessiyasında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya dövlət qulluğuna və digər orqanlara qəbul imtahanlarının dövriliyinin təmin edilməsi, kadr hazırlığı üzrə kursların təşkili və test bankının yenilənməsinin təmin edilməsi tapşırılıbdır.
2020-ci ilin 6 ayı ərzində dövlət orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi məqsədilə Komissiya tərəfindən elan olunmuş müsabiqələrin test imtahanları keçirilib. Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Ədliyyə Nazirliyi, AMEA Naxçıvan Bölməsi və ümumtəhsil müəssisələrinə işə qəbul üçün keçirilən 5 test imtahanında 503 nəfər iştirak edib, 292 nəfər keçid balını toplayıbdır.
Həmçinin Komissiya tərəfindən vətəndaşların dövlət qulluğu və vergi orqanlarına, eləcə də ümumi təhsil müəssisələrinə işə qəbulu üçün təşkil olunmuş hazırlıq kurslarında ümumilikdə 108 nəfər iştirak edibdir.
Hesabat dövründə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilmiş 6 maarifləndirici tədbir, seminar və videotəlimdə ümumilikdə 201 dövlət qulluqçusu iştirak edibdir. Keçirilən bütün tədbir, seminar və test imtahanlarında sosial məsafə qorunub, tibbi maskalardan istifadə olunub və digər sanitar-gigiyenik tələblərə əməl edilibdir.
Sonra Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Samiq Salayev, İnformasiya texnologiyaları və proqram təminatı şöbəsinin müdiri Mahir Abbasov və Mühasibat və ümumi işlər şöbəsinin müdiri Kəramət Əliyev məruzə ətrafında çıxış ediblər.
İsmayıl Qəribli kollegiya iclasına yekun vuraraq qarşıda duran vəzifələrdən danışıb.