Naxçıvanda ailə təsərrüfatlarının sayı artırılaraq 44 minə çatdırılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən 2020-ci ilin birinci yarımilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclasında nazir Bəhruz  Bayramov  deyib.

Nazir bildirib ki, bu ilin ilk 6 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 139 milyon 887 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. Ötən  müddətdə istehsal olunan kənd təsərrüfatı məhsullarının  ixracına da diqqət yetirilib, muxtar respublika üzrə 40 milyon 629 min 800 Amerika Birləşmiş Ştatları  dolları dəyərində məhsul ixrac edilib. 

Vurğulanıb ki, yeni meyvə bağlarının salınmasına diqqət artırılıb, Dövlət proqramlarının icrası ilə bağlı məqsədyönlü tədbirlər həyata  keçirilib, meyvə bağlarının ümumi  sahəsi 5 min  157 hektara çatdırılıb. Diyarımızda 372 meyvə sortunun genetik fondu toplanıb, muxtar respublikamızın iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik aborigen meyvə-tərəvəz sortlarının elmi tədqiqat işlərinin aparılması nəzərdə tutulub. 

Nazir deyib ki, lizinq xətti ilə gətirilən yeni texnikalar həm meyvəçilik, həm də əkinçilikdə öz səmərəsini verir. Bu ilin ilk yarımilində 177 ədədi 2020-ci ilin ötən dövründə olmaqla 2 min 916 ədəd müxtəlif  təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq muxtar respublikaya gətirilib.

Ötən illə müqayisədə taxıl əkini sahəsi 3 min 571 hektar artaraq 36 min 879 hektar olub. Ailə təsərrüfatlarının sayı artırılaraq 44 minə çatdırılıb. Verilən kreditlərdən səmərəli istifadənin nəticəsidir ki, bu təsərrüfatlarda bütün  növlər üzrə məhsul istehsalı və məhsuldarlıq göstəriciləri yüksəkdir.

Taxıl zəmilərində alaq otlarına qarşı 7 min 321 hektardan artıq sahədə kimyəvi mübarizə işləri  təşkil edilib, kartofun zərərvericisi olan kolorado böcəyinə qarşı mübarizə tədbirləri aparılıb.

Muxtar respublikada damazlıq və suni mayalanma işlərinin yenidən qurulması, onun bazasının möhkəmləndirilməsi mal-qaranın cins tərkibinin

yaxşılaşdırılmasına və heyvandarlıq məhsullarının intensiv artımına səbəb olub. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə yaradılan  Suni Mayalanma Mərkəzi  maldarlığın daha sürətli  inkişafına təsir edəcək.

Bəhruz Bayramov deyib ki, arıçılığın inkişafı məqsədilə bu ilin ötən dövrü ərzində sahibkarlara  güzəştli  şərtlərlə 260 min 600 manat həcmində kreditlər verilib. 2000-ci ildə muxtar respublikamızda 12 min 620 arı ailəsi olduğu halda, hazırda 98 min 400 arı ailəsi mövcuddur. Hazırda muxtar respublikada heyvandarlıqla məşğul olan 716 sahibkar 10-100 baş arası iribuynuzlu, 527 sahibkar isə 100-5 min  başdan çox xırdabuynuzlu  heyvan saxlayır.

Hesabat dövründə  kənd təsərrüfatı üçün banklar  və bankolmayan  kredit təşkilatları tərəfindən 5 milyon 598 min  400 manat  kredit verilib.

Bəhruz Bayramov 21 iyul 2020-ci il tarixdə keçirilən sessiyada Kənd Təsərrüfatı Nazirliyi qarşısında qoyulan tapşırıqları da diqqətə çatdırıb. Deyib ki, sessiyada tələbatdan artıq istehsal edilən kənd təsərrüfatı məhsullarının ixraca yönəldilməsinə köməklik göstərilməsi, məhsul yığımının vaxtında başa çatdırılması üçün tədbirlərin  görülməsi, yarmarkaların  təşkili, soyuducu anbarlara  məhsul qəbulunun davam etdirilməsi və ehtiyatlar yaradılması, əkinə yararlı torpaqların təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarətin gücləndirilməsi, torpaqların elektron uçotu və xəritələşdirilməsi  işinin vaxtında başa çatdırılması tapşırılıb. Bildirilib ki, bu tədbirlərin icrası istiqamətində səmərəli iş aparılır.

İclasın sonunda qərar layihəsi oxunub və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasının qarşıya qoyduğu vəzifələrin icrasının təmin olunması üçün tədbirlər planı təsdiq edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: