MDB ekspertləri yoluxucu xəstəliklərin yayılmasına qarşı birgə fəaliyyət planı layihəsini yekunlaşdırıblar
Minsk şəhərində yerləşən MDB İcraiyyə komitəsində MDB məkanında yoluxucu xəstəliklərin yayılmasına qarşı Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin Ortamüddətli Birgə Fəaliyyət Planı layihəsinin yenidən işlənməsi və razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib. Görüş videokonfrans formatında təşkil edilib.
NUHÇIXAN İnformasiya Agentliyi MDB İcraiyyə komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda ekspertlər sənədin layihəsinin adında düzəliş ediblər və son olaraq onu “Yoluxucu xəstəliklərin yayılmasına qarşı Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin Ortamüddətli Birgə Fəaliyyət Planı” adı ilə qəbul ediblər.
İclasın yekunlarına görə Planın müəyyən edilmiş qaydada MDB Hökumət Başçıları Şurasının iclasına təqdim edilməsi qərara alınıb.
Bundan başqa, ekspertlər, COVID-19-la bağlı mövcud epidemioloji vəziyyəti nəzərə alaraq və yeni növ koronavirus infeksiyasının yayılması ilə əlaqədar 2020-ci il mayın 29-da qəbul edilmiş Müstəqil Dövlətlər Birliyi Hökumətlər Başçılarının Bəyanatının həyata keçirilməsi çərçivəsində Planın qəbul edilməsinin mühümlüyünü və operativliyini qeyd ediblər.
Ortamüddətli Birgə Fəaliyyət Planı yoluxucu xəstəliklərin yayılması və ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə halların yaranmasına qarşı dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.
Sənəd dövlətlərarası qanunvericilik və normativ-metodiki bazanın formalaşdırılması, bu sahədə məlumat mübadiləsinin həyata keçirilməsinə yardım edəcək.
Planın məqsədləri arasında, həmçinin yoluxucu xəstəliklərin operativ monitorinqi və sanitariya-epidemioloji xarakterli ictimai sağlamlıq sahəsində fövqəladə hallara reaksiya vermə vahid sisteminin formalaşdırılması yer alıb.